“Vasitəçilərin yeganə missiyası münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır”
Dağlıq Qarabağ münaqişəsinin həllində növbəti gözləntilər ABŞ-ın yeni Prezidenti Donald
Trampın siyasi baxışlarına yönəlib. Məlumdur ki, Amerikanın əvvəlki rəhbəri Barak Obamanın
hakimiyyəti dövründə münaqişənin həlli istiqamətində heç bir mühüm addım atılmadı.
Bu da rəsmi Vaşinqtonun məsələyə ciddi diqqət ayırmaması ilə bağlı idi. Ötən 8 il ərzində
Obama bir dəfə də olsun Qarabağa görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü
təşkil etməyib. Lakin nəzərə alsaq ki, məsələdə Rusiya ən böyük təsir imkanlarına malikdir, o
zaman növbəti Vaşinqton-Moskva münasibətlərinin Dağlıq Qarabağ ətrafındakı situasiyaya
təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Tanınmış alman politoloqu, professor Vilfrid Furman
Qarabağla bağlı üç mümkün ssenarini təsvir edib. Ekspertin sözlərinə görə, əgər Rusiya bundan
sonra da erməni sərhədlərinin qarantı olmaqda davam eləsə, o zaman ABŞ da Gürcüstanın
hazırkı sərhədlərinin qarantı kimi çıxış edəcək. Professor hesab edir ki, Cənubi Qafqazın "sanitar
dəhlizə” çevrilməsi üçün ilk növbədə Dağlıq Qarabağ konflikti həll olunmalıdır. Lakin ekspertin
fikrincə, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, həmin çərçivədən kənarda həllini
tapmalıdır.
Alman politoloqun təklifləri ilə bağlı "Şərq”ə danışan politoloq Fikrət Sadıqov deyib
ki, ATƏT-in Minsk qrupu birbaşa Dağlıq Qarabağ münaqişəsini nəzarət altına götürmək üçün
yaradılıb və bu məqsədlə dünyanın aparıcı ölkələri arasından üç həmsədr dövlət seçilib:
"ABŞ, Rusiya və Fransa dünyada istənilən münaqişəni çözmək iqtidarında olan güclü və nüfuzlu
dövlətlərdir. Digər dövlətlərin Qarabağ məsələsində hansısa müsbət nəticə əldə edəcəyinə
inanmıram. Problem orasındadır ki, indiki həmsədr dövlətlər Azərbaycanın maraqlarına cavab
verən addımlarla yaddaşlarda qalmayıblar. Vasitəçilərin yeganə missiyası münaqişəni
dondurulmuş vəziyyətdə saxlamaqdır”. F.Sadıqovun fikrincə, Trampın ABŞ Prezidenti seçilməsi
də hansısa radikal dəyişikliyə səbəb olmayacaq: "Düzdür, Tramp qeyri-adi şəxsdir. Onun
məsələlərə yeni baxışları var. Bir sıra problemlərə müxtəlif, fərqli yanaşmaları mövcuddur. Çox
istərdik ki, Tramp Cənubi Qafqazdakı proseslərə də yeni baxış sərgiləsin. Heç olmasa, rəsmi
Vaşinqton BMT-nin qəbul etdiyi dörd qətnamənin icrası üçün işğalçı Ermənistana təzyiq
göstərsin. Əgər Tramp bu reallığı nəzərə alarsa, problem ölü nöqtədən tərpənə bilər. Əks halda,
heç nə dəyişməyəcək”.
İsmayıl