“Həmsədrlər sadəcə vaxtı uzadırlar”

“Ermənilərin bu cəhdi vasitəçilərin “amandır, atəşkəsi pozmayın” hay-küyünün nəticəsidir”



Dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, danışıqlar konstruktiv və substantiv xarakter daşıyıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi aparılmış müzakirələrdən razı qalıb. H.Hacıyev deyib ki, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə də razılığını bildirib: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir”.

 Sonda Minsk Qrupu həmsədrlərinin bəyanatı imzalanıb. Bəyanatda vurğulanıb ki, həmsədrlər təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəlik hazırlayacaqlar. Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək. Xatırladaq ki, həmsədrlər Moskvada eyni formatda 2 gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Həmçinin, o da bəllidir ki, münaqişənin həlli istiqamətində danışıqlar aparmaq və nazirlərin görüşünü müzakirə etmək üçün noyabrın 19-20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana səfəri nəzərdə tutulub.

Münaqişənin həlli ətrafında cərəyan edən prosesləri "Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan deyib ki, ilin sonu yaxınlaşır, beynəlxalq təşkilatlar hesabat verməlidir. Ekspertin sözlərinə görə, vasitəçilər onlara ayrılan büdcənin xərcləndiyi sahələri göstərməlidirlər: 

"Təəssüf ki, həmin hesabatlarda münaqişənin həlli istiqamətində önəmli addımın atılıb-atılmaması məsələsi öz əksini tapmır. Əgər quruma nəticəyə əsasən pul xərclənsəydi, o zaman təşkilat çoxdan bağlanmış, həmsədrliklər isə ləğv edilmişdi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin nazirlərlə ayrı-ayrılıqda Moskvada görüşü, yaxud Rusiya xarici işlər nazirinin Bakıya və İrəvana nəzərdə tutulan səfərləri, Vyanada geçiriləcəyi gözlənilən danışıqların Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi ehtimalı yox dərəcəsindədir. Rusiya belə fəallığı əvvəllər də nümayiş etdirib. Moskvanın canfəşanlığı Azərbaycana heç vaxt fayda gətirməyib. Bu baxımdan bəhs edilən danışıqların sözdən əmələ keçəcəyinə inam yoxdur. Azərbaycan tərəfi çoxdandır ki, beynəlxalq vasitəçilərdən görüş deyil, real iş və torpaqların azad edilməsini gözləyir”. 

Analitikə görə, vasitəçilər belə görüşlərlə yalnız vaxtı uzadırlar:

"Ermənilər də bundan istifadə edərək, separatçılığı davam etdirirlər. İşğal altında olan Dağlıq Qarabağdakı separatçılar 2018-ci ildə "azadlıq hərəkatı”nın 30-cu ildönümünü qeyd etməyə hazırlaşırlar. Ermənilərin bu cəhdi vasitəçilərin "amandır atəşkəsi pozmayın” hay-küyünün nəticəsidir. Nə olsun ki, münaqişə ilə bağlı müzakirə gedir. Nəticəsi varmı, torpaqlar işğaldan azad edilibmi? Yox. Deməli, danışıqlar da boş və torpaqların azad edilməsi baxımından mənasızdır”.

İsmayıl