Həyətini suvara bilmədi, intihara cəhd etdi

Təsərrüfatla məşğul olub, əziyyət çəkən kəndçiyə şərait yaradılmalıdır
Bizdə elmi-tədqiqatlardan istifadə olunsa, Azərbaycanda su ilə bağlı bütün texniki problemlər öz həllini tapar


Zərdab İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub. DİN-in məlumatına görə, iyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərib.

Cəhdin qarşısı ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.
Qeyd edək ki, mövcud problem sadəcə Zərdabla məhdudlaşmır. Dövlət büdcəsindən bu sahəyə ayrılan külli miqdarda vəsaitlərə rəğmən ölkənin əksər rayonlarında suvarma sahəsində çox ciddi problemlər yaşanır. Suvarma problemi isə kəndlinin öz təsərrüfatında intensiv inkişafın qarşısını alır.

Azərbaycanda su ehtiyatlarının kifayət qədər aşağı səviyyədə olduğunu vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, sovet vaxtından qalan suvarma kanalları sıradan çıxıb, yeni suvarma sistemləri isə təkmilləşdirilməyib:

 "Azərbaycanda suvarma ilə bağlı yaranan problemlərin obyektiv və subyektiv səbəbləri var. Azərbaycanda onsuz da su ilə bağlı problem var və bu problem gələcəkdə daha da böyüyəcək. Ölkəmizdə su hövzələrinin kasad olmasına rəğmən pambıqçılığın inkişafına üstünlük verilməsi problemi daha da aktual edir. 

Çünki pambıq texniki bitki olduğu üçün suya daha çox tələbat yaradan kənd təsərrüfatı sahələrindən biri hesab olunur. Pambıqçılıqla bağlı dövlət səviyyəsində qərar olduğundan suvarma potensialının böyük əksəriyyəti bu sahəyə yönləndirilir. Bu isə təbii olaraq su qıtlığına səbəb olur və əhalinin narazılığı ilə nəticələnir. 

Azərbaycanda suvarma üçün nəzərdə tutulan suyun həcminin kifayət qədər az olması ölkəmizin yerləşdiyi coğrafiyadan qaynaqlanan problemdir. Digər səbəb isə idarəetmə sahəsindəki problemlərlə bağlıdır. Dövlət büdcəsindən bu sahəyə kifayət qədər böyük məbləğlər ayrılmasına və bu məsələnin birbaşa ölkə başçısının nəzarətində olan bir məsələ olmasına baxmayaraq suyun rasional şəkildə istifadə olunması obyektiv səbəbləri daha da dərinləşdirir. Suvarma üçün ən az su ehtiyatı olan ölkələrdən biri İsraildir. 

Ərazisinin böyük əksəriyyətinin isti və səhralıq olmasına rəğmən onlar damcı üsulundan istifadə edərək su resurslarından rasional şəkildə istifadə edirlər və yüksək məhsuldarlıq da əldə edirlər. Bizdə elmi-tədqiqatlardan istifadə olunsa, Azərbaycanda su ilə bağlı bütün texniki problemlər öz həllini tapar. Dünya standartlarına cavab verən damcılı suvarma sistemlərini quraşdırmaq lazımdır. 

Su qıtlığını nəzərə alsaq, yeni texnologiyaların tətbiqindən başqa yolumuz da yoxdur. Biz sudan qənaətlə istifadə etməyi öyrənmədiyimiz təqdirdə mövcud problemlər daha da aktuallaşacaq. Onun üçün də İsrail kimi ölkələrin təcrübəsindən istifadə etmək lazımdır”.

Azərbaycanda şoran torpaqlarının sayının çox olduğunu vurğulayan N.Cəfərli rəsmi rəqəmlərə istinadən 27 faiz torpaqlarımızın şoranlaşdığını deyib: "Həmin torpaqların duzdan təmizlənməsi üçün yeni suvarma sistemlərinin qurulması çox böyük vəsaitlər və əmək tələb edir. Bununla yanaşı da yüksək texnologiyaların, yeni elmi nailiyyətlərin tətbiqi də bu sahədə uğur qazanmağa kömək və dəstək ola bilər”.

Şəymən