Bu proqramın icrası üçün mexanizm düzgün qurulmalıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində ötən ilin payızından etibarən işsiz və işaxtaran vətəndaşlara mal və materialların paylanmasına başladı. İlk növbədə sərhədyanı bölgələrdə yaşayan əhali təmin edildi. Məcburi köçkünlər, əlilliyi olan şəxslər, hərəkət imkanları məhdud övladları olan ailələr, aztəminatlı ailələrə öz təsərrüfatlarını yaratmaq üçün iri və xırda buynuzlu mal-qara paylandı. Aylar keçdi və narazılıq başladı. Vətəndaşlardan bəzisi onlara paylanmış mal-qaranın xəstə və qısır olduğunu deyir. Yəni deyirlər, keyfiyyətsiz mal-qaradır. Nazirlik isə şikayətlərə baxdığını və mal-materialların yararsızlığı təsdiqləndiyi təqdirdə dəyişdirildiyini, yeniləndiyini bildirib.
Məsələyə münasibət bildirən iqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında problemin insan amilinə dayandığını bildirdi:
- Problem yalnız insan faktoruna bağlıdır. İnsan faktoru da vicdanlı yanaşmadan asılıdır. Bəli, bu özünüməşğulluq proqramı stimullaşdırıcıdır. Kəndlini kəndə bağlamaq üçün təsirli vasitədir. Kənd təsərrüfatının inkişafı bölgələrdə fermer təsərrüfatlarının inkişafına da bağlıdır. Bunun üçün də gərək kəndli əksin, becərsin və məhsulunu satışa çıxara bilsin. Həmçinin də, heyvandarlığın inkişafı üçün də kəndlinin mal-qara qismində maddi təminatı olmalıdır.
Kəndlinin təsərrüfatla məşğul olması üçün gərək həvəsləndirəsən. Heyvanları kəndliyə paylayırlar, amma görürük ki, narazılıqlar da var. Bunun səbəbi odur ki, proqramın icra mexanizmi düzgün işlənməyib. Bizdə proqnozlar, planlaşdırma, hesablama, araşdırma, monitorinq və sair sahələrdə problem yoxdur. Ehtiyaclı təbəqəni düzgün müəyyən edirlər, nə qədər əhaliyə yardım edilməlidir, hansı yardımlar edilməlidir, bunların hamısı bilinir. Amma iş icraya gələndə axsamalar başlayır.
Vətəndaşlara mal-qara verilməsi məsələsi də bu işdən başı çıxanlara tapşırılmalı idi. ƏƏSM Nazirliyində kim məşğul olur bu işlə? Bəlkə o adamlar heç heyvanların cinsini düzgün təyin edə bilmirlər. Ona görə də problem ortaya çıxır. Bu proqramın icrası üçün mexanizm düzgün qurulmalıdır. Hələ ki, bizim ölkədə qüsursuz işləyən «ASAN Xidmət» sektorudur. İndi neyləyək, bütün işləri «ASAN»a tapşıraq?! İcra mexanizmi düzgün qurularsa, mal-qaranın alınması, təyinatı üzrə çatdırılması və paylanması da işində axsamalar olmaz.
Məlahət Rzayeva