- Yəni qadını evdən bayıra çıxmasını tamamilə qadağan etmək psixoloji təzyiq hesab olunacaq
Həyat yoldaşını evdən çıxmağa qoymayan kişilər cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsində yer alan maddə konkret bu davranışı nəzərdə tutmasa da, sosial şəbəkələrdə yayılan məlumatlarda məhz buna vurğu edilir. Halbuki məsələnin kökü məişət zorakılığı ilə bağlıdır.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında İnzibati Xətalar Məcəlləsindəki məlum maddəni belə şərh etdi:
- Azərbaycan qanunvericiliyində həyat yoldaşını evdən çıxmağa qoymayan kişilərin məhz bu hərəkətə görə cərimələnməsini nəzərdə tutan ayrıca bir maddə və ya qayda yoxdur. Amma sosial şəbəkələrdə yayılan məlumatların hüquqi əsası məişət zəminində psixi zorakılıq anlayışı ilə bağlıdır. Qanuna görə qadının iradəsini qırmaq, onu qəsdən sosial mühitdən təcrid etmək və dözülməz şərait yaratmaq psixi zorakılıq hesab olunur. Ailə üzvünə bu cür psixoloji təzyiq göstərildiyi təsdiqlənərsə 300-500 manat cərimə oluna bilər. Yəni qadını evdən bayıra çıxmasını tamamilə qadağan etmək psixoloji təzyiq hesab olunacaq və İXM-nin müvafiq maddəsi çərçivəsində qiymətləndiriləcək. Qadını məcbur şəkildə evdə saxlamaq həm psixoloji, həm də fiziki zorakılıq sayılır.