"İaşə obyektlərinə işə götürülənlər həkim müayinəsindən keçmirlər" - Vərəmdən də təhlükəli...






"İctimai iaşə obyektlərində çalışanların baza təhsili yoxdursa, əmək müqaviləsi bağlamaq olmaz”.

Bu barədə "Sherg.az”a bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələrinin işləməsi barədə iddialara münasibət bildirərkən Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanov bildirib. 

Onun sözlərinə görə, həqiqətən xəstə işçilər varsa, onlar əlavə işçilərdir:

"Onların işə qəbulu sənədləşdirilmədiyinə görə, həkim müayinəsindən də keçmirlər. Bu barədə qaydalar müəyyən olunub, amma əməl edilmir. Həkim müayinəsindən keçmədən ictimai iaşə obyektlərinə işə götürülənlər tək vərəm deyil, digər daha təhlükəli xəstəliklərin daşıyıcıları da ola bilərlər. 

Üstəlik bu xəstəliklər bir müddət sonra immun sistemindən asılı olaraq yoluxan şəxslərdə özünü büruzə verir. Nəticədə insanlar harada yoluxduğunu dəqiqləşdirə bilmir.

İaşə obyektlərində işçilərin qəbuluna ciddi nəzarət edilməlidir. Ofisiantların ən azı bir il təhsili olmalıdır. Elə sistem yaradılmalıdır ki, çox işçini maaşla və hüquqi qaydada təmin etmək restoran sahibinə də sərf etsin. Yoxlamalar aparılarsa, ciddi nəticə verməyəcək”.

Qeyd edək ki, sözügedən iddiaları Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev səsləndirib. Onun sözlərinə görə, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi. İndi isə bu unudulub.

Aysel Aslan