“II Qaregin Ermənistan hakimiyyətinə təzyiq etmək iqtidarındadır” - Politoloq




Xəbər verdiyimiz kimi, Moskvada görüşən Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Qarabağda hərbi əsir kimi saxlanılan dinc insanları azad etməyə, eləcə də ibadət yerlərinə qarşı vandalizm aktlarından çəkinməyə çağırıblar. Patriarx görüşdə iştirak edən hər üç dini liderin adından bəyan edib ki, hərbi əməliyyatlar nəticəsində bu və digər tərəfin əsir götürdüyü dinc insanlar əziyyət çəkir: "Onlar heç bir əməliyyatda iştirak etməyiblər, ancaq indi hərbi əsir kimi saxlanılırlar. Biz dinc insanları azad etməyə çağırırıq”. 

Görəsən, bu çağırış erməni quldurlarının əlində girov olan vətəndaşlarımızın, xüsusən, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərəv və Şahbaz Quliyevin azadlığına müsbət təsir edəcəkmi? 

Məsələni "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ötən həftə Rusiyanın patriarxı Kirilin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dini liderlərinin Moskva görüşü sıradan bir görüş deyil. Ekspertin sözlərinə görə, bütün ermənilərin katolikosu II Qaregin və Şeyxülislam Allahşükür Paşazadənin görüşü iki tərəfli humanitar məsələlərin həllini tapmasında mühüm rol oynaya bilər: 

"Azərbaycanla Ermənistan arasında dini konfrontasiya yoxdur. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Ona görə də dini liderlərin görüşündə heç bir dini ayrı-seçkilik problemlərindən söhbət gedə bilməz. Hazırda Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində dini məbədləri dağıdır, vandalizm siyasəti aparır. Şeyxin katalikos Qareginlə apardığı müzakirənin əsas predmeti məhz işğal olunmuş ərazilərdə dini məbədlərin qorunması, eləcə də əsir və girovların azad edilməsi məsələsi olub”.

Politoloqun fikrincə, II Qaregin Dilgəm Əsgərov və Şahbaz Quliyevin azadlığı Ermənistan siyasi rəhbərliyinə təzyiq etmək iqtidarındadır: 

"Əgər görüşdə konkret məsələlər müzakirə olunubsa, müsbətə doğru addım sayıla bilər. Şübhəsiz ki, dini liderlər siyasi şəxslər deyil, onların Qarabağ münaqişəsinin nizamlanmasında apardığı müzakirələr müsbət nəticə verə bilməz. Bu görüşü dini konflikt kimi xarakterizə etmək istəyən erməni qüvvələr də fəaliyyət göstərir. Ortaq çağırışın girovlarımızın azadlığına təsir edib-etməyəcəyi isə yaxın zamanda bəlli olacaq”.

İsmayıl