İlham Əliyev Sarkisyanı növbəti dəfə susdurdu

Aydın Mirzəzadə: “Onsuz da erməni rəhbərliyi öz həyasızlığı ilə tanınır”
Akif Nağı: “Ermənilər bütün məqamlardan istifadə edirlər ki, öz ağır vəziyyətdə olduqlarını, yazıqlıqlarını şikayət etsinlər”


Ənənəsinə sadiq qalan Ermənistan Prezidenti Serj Sarkisyan bütün tədbirlərdə olduğu kimi Bişkekdə keçirilən iclasda da Azərbaycanla bağlı qərəzli və təxribat xarakterli çıxış etdi. Əslində Sarkisyanın boşboğazlığı, Azərbaycan haqqında heç bir məntiqə sığmayan, yalan, böhtan xarakterli çıxışlar etməsi və özünü biabırçı vəziyyətə salması onda vərdişə çevrilib. Erməni rəhbərin Bişkekdəki çıxışı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nəinki sülh istəmədiyini, hətta növbəti təxribatlar üçün əsas yaratmağa çalışdığını dünyaya nümayiş etdirdi.

Aprel döyüşlərinin Ermənistan tərəfinin ölkəmizə qarşı silahlı təxribatı nəticəsində baş verdiyini "unudan” Sarkisyan həyasızcasına dedi ki, bu hadisələr hərbi itkilərə gətirib çıxarmaqla yanaşı, mülki vətəndaşların da həlak olması ilə nəticələnib və sülh prosesinə ciddi zərbə vurub. Azərbaycanı ittiham edən Sarkisyan Bişkekdə bir məqamı nəzərə almamışdı. Onun qarşısında nə beyni zəhərlənmiş erməni gəncləri, nə də xəyanətkar diaspor nümayəndələri var idi. Sammitdə həqiqəti gözəl bilən dövlət və hökumət başçıları, ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyev var idi. Azərbaycan Prezidentinin Ermənistan dövlətinin başçısına şillə kimi dəyən sərt cavabı isə özünü çox gözlətmədi. Prezident əlifba sırası ilə çıxış etməli olan Belarus Prezidenti Aleksandr Lukaşenkodan ona danışmaq üçün imkan verməsini xahiş etdi və Ermənistan Prezidentini yerinə oturtdu. Erməni tərəfinin bu yersiz şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirdiyini vurğulayan dövlətimizin başçısı Sarkisyanın qərəzli çıxışına tam əsaslı cavab verərək dedi: "Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu”. Prezident İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə bildirdiyi həqiqətləri bir daha vurğulayaraq Sarkisyanın səfalət girdabına saldığı və səbri tükənmiş ermənilərin qəzəbini soyutmağa və havadarlarından imdad diləməyə ünvanlanmış bu mənasız çıxışını tutarlı dəlillərlə tamamilə alt-üst etdi. Ermənistan rəhbəri Azərbaycan Prezidentinin faktlara əsaslanan tutarlı cavabının qarşısında çıxılmaz vəziyyətə düşdü və təbii ki, susmaq məcburiyyətində qaldı. Bu sərt cavabın qarşısında nə isə danışmağın yersiz olduğunu anlayan Sarkisyan özünü gülünc vəziyyətə salsa da, yenə də ona xas olan həyasızlıqdan əl çəkməyərək "Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə Prezident İlham Əliyevin qarşısında məğlub, aciz vəziyyətə düşdüyünü açıq-aşkar nümayiş etdirdi. Onun Azərbaycanı günahlandırmaq üçün etdiyi cılız cəhd bu dəfə də uğursuzluqla nəticələndi. Azərbaycan Prezidentinin "Mən yalana artıq cavab verdim” deməsi isə Ermənistan dövlətinin başçısına növbəti dəfə tərs şillə effekti verdi.

Millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında deyib ki, Ermənistan tərəfi Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil. Hələ də hesab edir ki, Azərbaycan 1990-cı illərdəki səviyyədədir, ona görə də o dövrün siyasi səbatsızlığı ucbatından düşmənə siyasi meydanlarda layiqli cavab verə bilməyəcək: "Sarkisyan dəfələrlə cənab İlham Əliyevin sərt və arqumentli cavabları qarşısında aciz qalıb. Azərbaycan Prezidentinin tutarlı reaksiyası sadəcə ölkəmizin mövqeyini müdafiə etməklə kifayətlənmir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətini məlumatlandırır. Həmçinin, bir müddət əvvəl Çexiyanın paytaxtı Praqada Ermənistan Prezidenti qondarma erməni "soyqırımı” ilə bağlı Türkiyəni ittiham etməyə başladı. Dövlət başçısı İlham Əliyev dərhal məsələyə müdaxilə etdi və "əgər qardaş Türkiyə burda yoxdusa, mən varam” deyərək Sarkisyanı susdurdu. Məğlub olmaqdan yorulmayan Ermənistan rəhbəri növbəti dəfə də ələ keçirdiyi tribunada Azərbaycana qarşı iftira atmaq istədi. Lakin Prezident İlham Əliyev Sarkisyanın böhtanlarına layiqli cavab verdi. Onsuz da erməni rəhbərliyi öz həyasızlığı ilə tanınır. Əgər o deməyə söz tapsaydı, danışığı uzadardı. Amma susmaq məcburiyyətində qaldı, çünki daha artıq rüsvay olmaq istəmədi”. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, Prezident İlham Əliyevin Sarkisyanı susdurması ölkəmizin öz torpaqlarını geri qaytarmaq istəyində bir daha prinsipial olduğunu göstərdi. Onun sözlərinə görə, ermənilər bütün məqamlardan istifadə edirlər ki, öz ağır vəziyyətdə olduqlarını, yazıqlıqlarını şikayət etsinlər: "Bu, bir növ erməni xəstələyidir. Təbii ki, ermənilər hazırkı vəziyyətin dəyişməsində maraqlı deyillər. Onlar ən müxtəlif vasitələrdən istifadə edirlər ki, hazırkı status-kvo qorunub saxlansın. Bu vasitələrdən biri də müəyyən toplantılarda iştirakçıların "mərhəmətini” qazanmaq üçün əl-ayağa düşməkdir. Bu bir növ erməni həyasızlığıdır. Heç kimə sirr deyil ki, məlum aprel döyüşləri Ermənistana çox ağır zərbə vurub. Ermənilər həm Azərbaycan ordusunun gücünü gördülər, həm də xeyli sayda itkilər verdilər. Təbii ki, onlar müəyyən məqamlarında bunu qabartmağa çalışırlar. Hesab edirəm ki, bu məsələdə Azərbaycan prinsipial olmalıdır və elə oradaca prinsipial mövqe tutuldu. Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyana tutarlı cavab verdi”.

İsmayıl