«İnsan unudulanda ölür»

Əsl ziyalını, sənətkarı itirdik




"Rövşən Almuradlı çox prinsipial adam idi. Sənətə və sənətinə qiymət verən, yüngül əsərlərin arxasınca qaçmayan, öz sözünü deyən adam idi"

Bir neçə gün öncə dünyasını dəyişmiş teatr və kino rejissoru, senarist, aktyor, mübaliğəsiz əsl ziyalı adlandırdığımız Rövşən Almuradlı «Əsgərlər unudulanda ölürlər» sənədli filminin rejissoru idi.

Filmin adı ümumiləşmiş şəkildə «İnsan unudulanda ölür» kimi də təqdim edilə bilər. Həqiqətən də, nə qədər ki, insan xatirələrdədir, yaddaşlardadır, ikinci ömrünü – yaddaş ömrünü yaşamaqdadı. Rövşən Almuradlı ömrünü yaddaşlarda, onunla bağlı acılı-şirinli xatirələrdə davam etdirəcək.

Qismətə bax ki, aprelin 2-si bu filmin Qubada təqdimatı olmalı imiş. Rövşən Almuradlı da filmin müəllifləri ilə birgə Qubaya səfərə getməliydi…

Elçin Şıxlı: «Rövşənin senarisi 12 ildir Mədəniyyət Nazirliyindədir»

Bu barədə «Şərq»ə Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna.az» saytının rəhbəri Elçin Şıxlı danışdı.

Rövşən bəylə dostluq münasibətləri olduğunu bildiyimizdən Elçin Şıxlıya telefon açdıq. Dəfn mərasimində olsa da, Elçin müəllim mərhum dostu barədə danışmaqdan imtina etmədi:
- Rövşən müəllim çox prinsipial adam idi. Sənətə və sənətinə qiymət verən, yüngül əsərlərin arxasınca qaçmayan, öz sözünü deyən adam idi. Buna görə də yaradıcılıq həyatı asan olmadı. Mən Rövşəni AzTV-də çalışdığı vaxtlardan tanıyırdım. Atamın vəfatından sonra «Şıx ocağının işığı» sənədli filmini çəkdi, məni də danışdırdı o filmdə. 

Rövşən Akademik Dram Teatrında İsmayıl Şıxlının «Ölüləri qəbiristanlıqda basdırın» əsərini səhnələşdirmişdi, xeyli vaxt o əsər səhnədə qaldı, oynanıldı. Amma sonra repertuardan çıxarıldı. Rövşən müəllim həm gözəl insan idi, həm də istedadlı idi. O, Ədil İsgəndərovun tələbəsi olmuşdu. Moskva Satira Teatrında təcrübə keçmiş tək-tük aktyorlardan idi. Onun kurs rəhbəri məşhur Pluçek olmuşdu. İsmayıl Şıxlının son romanı - «Ölən dünyam»ın ekranlaşdırılması üçün düz 12 il əvvəl Mədəniyyət Nazirliyinə senari təqdim etmişik. Hələ də cavab verilməyib.

E.Şıxlı R.Almuradlının ölümünün gözlənilməz olduğunu dedi:

- Bu, qəfil baş vermiş ölümdü. Bu gün (aprelin 2-si) biz Qubaya getməliydik. Rövşən Almuradlının Arif Əliyevin «Yalama» bədii sənədli povesti əsasında çəkdiyi «Əsgərlər unudulanda ölürlər» sənədli filminin təqdimatı keçiriləcəkdi. Səhər dostumuz, prodüser Gəray Əlibəyli zəng edib Rövşənə ki, hazırlaş, ardınca gəlirəm, o da deyib, özümü pis hiss edirəm, bəlkə mənsiz gedəsiniz?!. Küçəyə çıxıb, dayanacaqda da ölüm onu haqlayıb… Biz Qubaya getdik, təqdimat oldu, oradan da dəfnə gəldik. Rövşən kimi insanların itkisi ağır olur…

Qubad İbadoğlu: «Çoxlu planları vardı…»

Rövşən Almuradlıya dəyər verən ürək dostu iqtisadçı Qubad İbadoğlu da bu itkinin acısını sosial şəbəkə istifadəçiləri ilə paylaşıb:

- Heç inanmağım gəlmir, Rövşən Almuradlının vəfat etməsi xəbərinə. Bu mənim üçün nəinki günün, hətta son illərin ən ağır və gözlənilməz xəbəri oldu. Onunla Bakıda olanda tez-tez görüşər və burdan da yazışardıq. Sonuncu dəfə yeni ideyaları və planları olduğunu bildirmişdi, gəl müzakirə edərik demişdi. Söhbətin nədən gedəcəyini soruşmasam da bilirdim ki, incəsənətlə bağlı olacaq. Çünki Rövşən müəllim əsl yaradıcı insan idi, yalnız sənətinə deyil, həyatda çox şeyə yaradıcı yanaşırdı. Onun böyük ürəyi, şirin söhbətləri, gözəl qəlbi, nikbin baxışları, ideyalarla dolu çoxlu planları, yaşamaq və yaratmaq eşqi var idi, hamısı dayandı, özü də birdən və qəfil, bu ədalətsiz dünya ona əzizləri ilə vidalaşmağa da aman vermədi. Beləcə çox yaxın və doğma bir insanı, istedadlı teatr xadimini itirdik.
Rövşən Almuradlını həsrətlə və heyranlıqla xatırlayacağıq.
Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

Çoxumuz Rövşən bəyi efirdəki bədii və sənədli filmlərin rejissoru kimi tanıyırıq. Xüsusilə də, «Yük» və daha çox «Cavad xan» filmindən. Halbuki, R.Almuradlı neçə-neçə pyesə quruluş verən, teatr səhnəsinə fərqli ab-hava gətirən rejissor idi.

Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdu. 1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı.

 Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdi. Orada onun kurs rəhbəri SSRİ Xalq artisti V.N.Pluçek idi.

1976-1980-ci ilə qədər Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışmışdı və Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbişli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdı.
Ruhu şad olsun.

Məlahət Rzayeva