İnsanlar indi bir-birini standart mesajlarla təbrik edir - Bayramlaşma ənənəsi itib

"İnternetin, sosial şəbəkələrin, telefon və televizor texnologiyasının inkişafı insanlarla canlı ünsiyyət həvəsini azaldır. Bu, 21-ci əsrin çox ciddi xəstəliyidir"



"Bayramlarda yaxşı əhvalın olması üçün bayram kollektiv keçirilməlidir, eqoistcəsinə hərə öz evində, otağında bayram günlərini keçirəndə, təbii ki, bayram əhvalı olmayacaq"

Bayramın ən xoş ənənələrindən biri yaxınların, qohumların bir-birinin evinə getməsi, bayramlaşmasıdır. Bu, insanları daha qayğıkeş və mehriban edən yaxşı bir davranış olsa da, çox təəssüf ki, unudulmaqdadır. Böyükləri, qohumları yad etmək, ziyarət etmək, birlikdə bayram qeyd etmək ənənələri unudulmaqdadır. Ekspertlər isə hesab edir ki, bunun ən başlıca səbəblərindən biri məhz həyatımızın bir parçasına çevrilmiş informasiya texnologiyalarıdır. 

Telefon, internet və onun verdiyi imkanlar insanların işini nə qədər asanlaşdırırsa, mənəvi dəyərlərin aşınmasını sürətləndirir, insanları soyuqlaşdırır. Sosioloq deyir ki, telefonla zəngləşmək, ən azından bir- birinin səsini eşitmək, hal-əhval tutmaq mehriban əlaqələri qismən qoruyur. İndi isə standart mesajlar göndərilir. Bu isə aradakı səmimiliyi də itirir. Yəni insanlar bununla guya öz mənəvi borcunu ödəmiş olur. Əsas bəhanə isə vaxtın olmamasıdır.

Sosioloq Əhməd Qəşəmoğlu insanların bayrama bu qədər həvəssiz yanaşmasının dünyada dövr edən problemlərlə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, insanların bayrama həvəssiz yanaşmasının səbəbini sosial problemlərlə əlaqələndirmək düzgün deyil: "Günü-gündən yer üzündəkı problemlər, qlobal səviyyədə maddi çətinliklər artır və bunların hamısının fonunda həmin sosial, psixoloji problemlər baş verir. Yekunda isə insanlar sanki Yeni ildən daha problemlərini həll edəcək heç nə gözləmirlər. Bəlkə də Yeni ilə bir az da qorxa-qorxa baxırlar ki, hər il yer üzünə sonrakından bir az da böyük problemlər gətirir. Bu baxımdan məsələnin kökü qlobal səviyyədə yer üzündə gedən çətinliklərdir.

O vaxt ki, cəmiyyətdə maddi dəyərlər önə keçir, o cəmiyyətdə insanlarda əhval-ruhiyyə korlanır və həmin cəmiyyətdə problemlər çoxalır. Bütün yer üzündə maddiyat daha çox aktiv rol oynamağa başlayıb, mənəvi faktorları sanki tapdalayıb. Hətta ölkə daxilində problemlər olanda yer üzündə bir sakitçilik hökm sürürsə, insanlarda böyük ümid yaranır ki, bizdə də tezliklə hər şey yaxşı ola bilər. Amma qlobal səviyyədə bir çətinlik çıxanda insan daha pessimist vəziyyətə düşür və ovqatına təsir edir”.

Sosioloq Elçin Bayramlı isə hesab edir ki, internetin, sosial şəbəkələrin, telefon və televizor texnologiyasının inkişafı insanlarla canlı ünsiyyət həvəsini azaldır, daha doğrusu, buna vaxt qoymur. Bu, 21-ci əsrin çox ciddi xəstəliyidir. İnsanlar virtual əlaqələrə, texnika vasitəsilə münasibətlərə üstünlük verməyə başlayıb. Xüsusən də gənc nəsildə bu çox sıx müşahidə olunur: 

"Nəticələri ağır olacaq. Evlərdə smart televizorlar, yüzlərlə kanal, hərənin əlində bir smartfon və çoxsaylı sosial şəbəkələr və saytlar. Bir çox ailələrdə hərə öz otağında əlində smartfon öz aləmindədir, virtual dünyada yaşamağındadır. Bu həyat tərzi insani deyil və tam mənəvi deqradasiyadır. Texniki imkanlardan qaydasında və yerində istifadə edilməlidir. Əks halda, bunlar insanların vaxtını, enerjisini sorur və heç bir fayda vermir. Kimlərsə bundan yaxşı gəlir əldə edir - o resursların sahibləri, telefon istehsalçıları və s. 

Halbuki, alimlər dəfələrlə bildiriblər ki, canlı ünsiyyətsizlik problem çox ciddi fəsadlar yaradır, psixi problemlərin yaranmasına, intiharların artmasına ciddi təsir göstərir. Bundan başqa, qohumlar, qonşular, dostlar arasında ünsiyyət məsələsi arxa plana keçir, yadlaşma və laqeydləşmə prosesi gedir. Bu problemlər xüsusən iri şəhərlərdə yaşayanlara xasdır. Problemin həlli üçün müəyyən tədbirlər görülməlidir. Məktəblilər və tələbələr üçün dərsdənkənar tədbirlər, yarışlar təşkil olunmalıdır. Bayramlarda qohumlara, dostlara, qonşulara baş çəkməyin vacibliyi təbliğ olunmalıdır. 

Orta və yaşlı nəsil gənclərə kitab oxumağı, dostları, qohumları ilə canlı ünsiyyətdə olmağı aşılamalıdır və uşaqlarını belə tərbiyə etməlidir. Bayramlarda yaxşı əhvalın olması üçün bayram kollektiv keçirilməlidir, eqoistcəsinə hərə öz evində, otağında bayram günlərini keçirəndə, təbii ki, bayram əhvalı olmayacaq. Texnologiya əsri milli-mənəvi dəyərlərimizi itirməklə müşayiət olunmalı deyil. Bunlar bir-birinə mane olmayan məsələlərdir”.

Şəymən