Ananın körpə övladını düşünməyərək canına qəsd etməsi dəhşətdir
İntihar etməyin!
Həyat, ən pis şərtlər altında belə gözəldir
Ananın körpə övladını düşünməyərək canına qəsd etməsi dəhşətdir
Ananın körpə övladını düşünməyərək canına qəsd etməsi dəhşətdir
Ağdaş rayonunda intihar hadisəsi baş verib. Hadisə Əmirarx kəndində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Osmanlı İnci İslam qızı özünü yaşadığı evin həyətindəki köməkçi damda asaraq, intihar edib. Məlumata görə, intihar edən qadının iki yaşlı oğlu var. Onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taleh Cəfərov ay yarım əvvəl Rusiyaya işləməyə gedib.
Rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov intiharla bağlı açıqlamasında deyib ki, İ.Osmanlı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o, geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonu yoxlanıb, bir dənə də olsun mesaj yox idi. Qadının əri də Rusiyadan qayıdıb və həyat yoldaşının onun kəndə qayıtması üçün bir kəlmə də olsun ona heç nə yazmadığını deyib. Faktla bağlı araşdırma aparılır.
Sosioloq Cavid İmamoğlu baş verən hadisənin intihar, yoxsa cinayət olmasını müəyyən etmək üçün ciddi araşdırma aparılmasını vacib hesab edir. Onun sözlərinə görə, övlad ana üçün ən böyük motivasiyadır. Övlad sahibi olan bir insanın belə asanlıqla özünə qəsd etməsi normal bir hal deyil:
"Şəxsən övladı olan bir insanın hansısa səbəbdən özünü öldürməsi mənə qeyri-adi gəlir.
Hesab edirəm ki, azyaşlı uşağı ola-ola intihar etdiyi qeyd olunan qadınların ölüm səbəbi araşdırılmalıdır. Uşaq bir ana üçün yaşam səbəbidir, gələcəyə olan ümididir. Ətrafındakı insanların hamısı ona arxa çevirsə belə, ana olan qadın övladı üçün mübarizə aparmalı, həyatda qalmağı, sağlam durmağı bacarmalıdır.
Ya o gəlinin psixi durumu yerində olmayıb və ailəsi ondan vaxtında xəbər tutub müalicə etdirməyib. Ya da qeydə alınan ölüm faktının səbəbi intihar deyil. Bəlkə də həmin xanımın psixoloji durumu nəzarətdə olsa, ətrafındakı insanlar ondakı əhval-ruhiyyə dəyişkənliyindən xəbərdar olsa, bu gün bu faciə yaşanmazdı. Burada bir az da məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. Nazirlik əhalinin psixoloji durumunun yoxlanılması ilə bağlı profilaktik addımlar atmalıdır. Əks halda intiharların sayı artacaq. Psixi durumu yerində olmayan istənilən insan özünə qəsd edə bilər. Heç birimiz anlıq sarsıntıdan sığortalanmamışıq”.
Sosioloqun sözlərinə görə, ictimaiyyətin və cəmiyyətin başı maddi keyfiyyətlərin təbliğinə qarışıb. Bahalı geyim, gözəl görünüş insanı xoşbəxt etmir. Biz bir az da sağlam ruha sahib olmaq barədə düşünməliyik. 700 bal yığa bilərdim, niyə 690 bal yığdım deyib depressiyaya düşən gənclərimiz var. Bu da cəmiyyətimizin mənəvi cəhətdən kövrək olduğunun göstəricisidir.
İlahiyyatçı Əkrəm Həsənov isə son vaxtlar intihar hadisələrinin artmasını xoşagəlməz hal kimi dəyərləndirir. Əvvəllər gənc oğlanlar, ailə-məişət problemi olanlar, banklar tərəfindən təzyiqlərə tab gətirə bilməyənlər intihar edirdilərsə, artıq bu intiharların sayı çoxalıb:
"Təəccüblüdür ki, son günlər mediadan da gördüyümüz kimi qızlar və qadınlar intihar edirlər. Sevgilisinə, nişanlısına, həyat yoldaşına görə, özünə qəsd kimi hallara rast gəlinib. Belə hallarda tək bizim ölkəmizdə yox, ümumən müxtəlif ölkələrdə, xüsusi ilə qərb ölkələrində daha çox sıx rast gəlmək mümkündür. Təəssüf edirik ki, biz şərq qadınlarını daha dözümlü, daha möhkəm hesab etdiyimiz halda onlar da bizim bu zənnimizin əksinə zəiflik göstərərək həyatlarına intiharla son verirlər. İntihar edənlər anlamırlar ki, bütün dinlərə görə, xüsusi ilə islama görə həyat yalnız bu dünyadan ibarət deyil və intihara cəhd edən insanların növbəti həyatı daha çətin olur.
Gənclərimiz bəzən dəliqanlı olurlar. Hətta uşaqlıqdan elə insanlar olur ki, onlar həyata küskün olur, bəzən böyük uşaqda kiçik uşağa qarşı qısqanclıqlar belə müşahidə edirik. Bütün bunlar xarakterdən qaynaqlanır. Çox hallarda daha sakit, daha təmkinli, daha ağıllı bir uşağın müəyyən yaş həddinə gəldikdən sonra xarakterində olan dəyişikliklər diqqəti cəlb edir. Bütün bu kimi məsələlərin geniş cavabları, səbəbləri də bilənlər üçün məlumdur. Biz həyatda elə insanlarla qarşılaşmışıq ki, heç vaxt onların nə vaxtsa özlərinə qəsd edəcəklərini düşünə bilməmişik.
Biz o qədər sakit təbiətli, insanlarla münasibətləri gözəl olan, daha sonra qüruruna təslim olaraq həyatına qəsd edən gənclər də görmüşük. İntihar böyük mövzudur və bunu doğuran səbəblər müxtəlif olduğu üçün biz sadəcə bəzi detalları qeyd edəcəyik. Əvvəlcə intihar sözünün üzərində dayanaq. Nə şəkildə olursa olsun, insanın özünü öldürməsinə intihar deyilir. İntihar Allahın yaratmış olduğu cana haqsız yerə qıymaqdır. Buna görə də intihar böyük günahlardandır. İnsana canı verən Allah olduğu kimi, onu almağa səlahiyyətli olan da odur”.
İlahiyyatçının sözlərinə görə, islam alimlərinin əksəriyyətinə görə intihar edən müsəlmanlar dindən çıxmış sayılmır:
"Ancaq axirətdə çox böyük, uzunmüddətli əzaba düçar olmaq qorxusu var. Buna görə də intihar günahını işləyənin cəzası axirətə çəkildikdən sonra cəhənnəmdən xilas olunacağı ehtimal olunur”.
İlahiyyatçının sözlərinə görə, intihar etməklə dünyəvi sıxıntı və problemlərinin həll ediləcəyini düşünən adam, dərhal sonrakı gedəcəyi qəbir və daha sonra axirət həyatında daha çox böyük çətinlik və fəlakətlərlə qarşılaşacaqdır:
"Bunu dərk etmək lazımdır ki, həyat, ən pis şərtlər altında belə gözəldir. Çünki ruh bədəndə qaldıqca, Allahdan ümid kəsilməz. Hər gecədən sonra gündüz, hər çətinlikdən sonra bir asanlıq vardır. Qulun Allaha yönəlməsi və ondan yardım istəməsi, çətinlik və problemlərin həllinin başlanğıc nöqtəsini təşkil edir. Uca yaradıcı umulmayan, gözlənilməyən yer və istiqamətlərdən asanlıqlar bəxş etməyə qadirdir”.
Şəymən