"İntiharların səbəblərini siyasiləşdirmək olmaz".
Bunu Sherg.az-a son zamanlar ölkəmizdə intiharların artma səbəblərinə münasibət bildirərkən millət vəkili, akademik Nizami Cəfərov deyib.
Deputat bildirib ki, baş verən intiharların bir neçə şərti var. Onların səbəbi dözülməz həyat şəraiti, ani depressiya vəziyyətləri və şəxsi məsələlər ola bilər:
"Dözülməz həyat şəraiti insanın şəxsi vəziyyəti ilə bağlı olan bir şeydir. Yəni, intihara cəhd edənin xəstəliyi ola bilər. Eyni zamanda bu hal ailədaxili zidiyyətdən və digər psixoloji gərginliklərədn irəli gələ bilər. Kimsə acından intihar edə bilər, amma bu o qədər populyar deyil. İntihar psixoloji məsələdir. Məndə olan məlumatlara görə, bu psixoloji depressiyanın nəticəsidir. İnsan elə bir vəziyyətə düşür ki, psixoloji cəhətdən zəif olur, iradəsi tab gətirmir və mübarizə aparmaq imkanları məhdud olur. Bu səbəbdən ölümü yaşamaq əzabından daha üstün tutur. Fikirləşir ki, yaşamaq əzabdır, ölməklə isə qısamüddətli ağrıya qatlaşacaq, qurtarıb gedəcək. Elə adam var ki, bunu o dünya ilə əlaqələndirir. Adətən, intihar edən insanlar qapalı xarakterə sahib adamlar olur. Düşünürlər ki,o dünyada daha gözəl həyat var və bu dünyada vaxt itirməyə dəyməz”.
N. Cəfərov qeyd edir ki, istər cəmiyyətin özü, istərsə də bu sahə ilə məşğul olan tədqiqat institutları intihar hadisəsini fərdi şəkildə təhlil edir. Bu zaman həm sosioloji, həm siyasi baxımdan tədqiqatlar aparılır. İntihar edənin psixoloji durumu öyrənilir:
"Yəni dünyanın heç bir yerində bu hadisələr başlı-başına buraxılmır. Təhlil olunur və ümumiləşdirilir ki, konkret olaraq burada səbəb nədir? İntiharla bağlı ən çox göstərilən səbəb depressiyadır, amma depressiyaya düşməyin də müxtəlif əsasları var. Hər adamın intihar etməsi mümkün deyil. Çünki insanlarda intihara, ölümə qarşı müəyyən reaksiya özünü göstərir. Amma zəiflik, iradəsizlik bu addımı atmağa gətirib çıxarır. Məsələn, mən heç bir siyasi xadimin intihar etdiyini görməmişəm, eşitməmişəm. İntiharların baş verməsinin sosioloji rolu ondan ibarətdir ki, insanlar arasındakı münasibətlərin təhlili baxımından dərinə getmək olmur. Bütün insanlar cəmiyyətdə, ailədə münasibətlər qururlar. Əsas səbəb yenə fərdin öz üzərinə gəlib, çıxır. O həyata, həyatın çətinliklərinə, problemlərinə hazır deyil və buna dözə bilmir və intihara əl atır”.
Millət vəkili onu da əlavə edib ki, intihara cəhd hadisələri daha çox yeniyetmələrdə özünü göstərir. Çünki yeniyetmələr nisbətən dözümsüz olurlar:
"Yeniyetmələr üçün həyatda imtahanlar daha çox olur, hər zaman imtahandan keçirlər. Cəmiyyətlə, dostlarla, ətrafla münasibətlərdə onların imtahanları olur. Təhsillə bağlı, intellekt imtahanları, iş tapmaq imtahanları, ailə qurmaq imtahanları hər tərəfini qapayır. Bu imtahanları keçmək əlbəttə ki, çətindir. Odur ki, yeniyetməlikdən başlayaraq, təxminən 23-25 yaşa qədər insan həyatının təhlükəli dövrüdür. Həmin imtahan dövrü, təhlükəli yaş müddəti 13-14 yaşından başlayır və on il, ya da çox davam edir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova ötən il baş verən intihar hadisələrinin statistikasını açıqlayıb. Məlumata görə, 2016-cı ildə ölkə ərazisində 470 nəfər intihara cəhd edib, onlardan 327-si tamamlanmış intihar hadisəsi kimi qeydə alınıb.
Aysel Aslan