Onlar bu cür hərəkətlə həm də bölgədəki münaqişə ocağının qalmasına şərait yaradırlar
"İranın hər iki şimal qonşusu ilə çox yaxşı münasibətləri var”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. XİN sözçüsü bildirib ki, rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsində danışıqlar yolunun davam etdirilməsini istəyir:
"Həm Azərbaycan, həm də Ermənistan İran üçün önəmlidir. İki dövlət arasında mövcud olan münaqişə və ixtilaf böyük problemdir. Bu ixtilaf uzun müddətdir var və bizim məsləhətimiz danışıqların davam etdirilməsidir”.
Qasimi regiondakı prosesləri diqqətlə izlədiklərini və sərhədləri nəzarətdə saxladıqlarını söyləyib: "Bu münaqişələrə görə sərhədlərimizi pozmağa icazə vermərik. Lakin digər ölkələrin müdaxiləsi ilə münaqişə alovunun genişlənməsi təhlükəsi mövcuddur”. Göründüyü kimi, İran rəsmiləri tərəfindən verilən heç bir bəyanatda işğalçı dövlətə qarşı kiçik də olsa irad və ittiham yoxdur. Yenə də münaqişə tərəfləri arasında bərabərlik işarəsi qoyulur, Ermənistanın təcavüzkar dövlət olması vurğulanmır. İran neytral açıqlamalarla özünü sığortalamağa çalışsa da, əslində bu tipli ifadələr rəsmi Bakının kəskin narazılığına səbəb olur. Həmçinin, ölkə əhalisində qıcıq yaradır. Şübhəsiz, Tehran hökuməti çox gözəl bilir ki, regiondakı ən böyük təhlükəni - Dağlıq Qarabağ münaqişəsinin mənasız danışıqlar yolu ilə həlli mümkün deyil.
Bu barədə "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib. İran rəsmiləri belə bəyanatlarla ilk dəfə çıxış etmirlər. İslam Respublikasının əvvəlki və indiki prezidentindən tutmuş bütün rəsmilər özlərini "ədalətli hakim” rolunda görürlər.
Təəssüf ki, hər dəfə bu rolda çıxış edərkən, işğalçı Ermənistanı müdafiə edirlər. Onlar bu cür hərəkətlə həm də bölgədəki münaqişə ocağının qalmasına şərait yaradırlar. Dolayı yolla onun həll olunmasına mane olurlar. İran rəsmisi isə bu bəyanatı ilə Azərbaycan və Türkiyəni təhdid edir. Guya Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etməsi İranın sərhədlərinin pozulmasına səbəb ola bilər. Çox gülünc və işğalçının "əlinə su tökəcək” bir çıxışdır”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, İran tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında heç vaxt işğalçının Ermənistan olduğunu aşkar şəkildə deməyib:
"Dilləri dolaşaraq, öz aləmlərində "ortaq mövqe” tutduqlarını zənn edərək, ifadələr səsləndiriblər. İran tərəfi Ermənistanın havadarlarına, böyüklərinə yarınmağa çalışır. İlk növbədə Rusiyaya, onun ardınca isə ABŞ və Fransanın xoşuna gəlmək istəyir. İran Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsində maraqlı deyil. Bunun etnik səbəbləri var. Ona görə də İrandakı hakimiyyətin təmsilçiləri münaqişə ilə bağlı bu cür açıqlamalar verirlər. Bəzən onların arasından özlərini Azərbaycanın probleminə "canı yanan” kimi göstərənlər də çıxır. Ancaq hamısı oyun və satirik-şair Səməd Mənsur demişkən: "Rəngidür”, yəni yalandır”.
İsmayıl