İran və Azərbaycan arasında imzalanan müqavilənin əhəmiyyəti... - ŞƏRH





"Astara-Astara dəmir yolu xəttinin açılması Şimal-Cənub nəqliyyat dəhlizinin əsas düyün nöqtələrindən biridir”.

Bunu "Sherg.az”a İran və Azərbaycan arasında imzalanan müqavilənin əhəmiyyəti barədə danışarkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. 

Onun sözlərinə görə, layihə istifadəyə veriləcəyi halda Şimal-Cənub dəhlizi də fəaliyyətə başlayacaq:

"10 ildən çoxdur ki, İran tərəfi həmin layihənin gerçəkləşməsini ləngidir. Rəştdən İran Astarasına qədər olan xəttin çəkilməsini İran gecikdirib. Nəhayət, bu layihə gerçəkləşərsə, bütövlükdə region ölkələri üçün əhəmiyyətli olacaqdır. Bu yol Rusiya vasitəsilə Avropa və Asiyanı birləşdirə bilər.

Rusiya və İran arasında sözügedən dəmir yolu quru vasitəsilə əlaqə yarana bilər. Azərbaycan üçün də müqavilənin əhəmiyyəti odur ki, bölgədə aktiv mövqeyini saxlayır. Azərbaycan geosiyasi mövqeyindən beynəlxalq iqtisadi məsələlərə yardım baxımından istifadə edir. Ölkəmiz bu tip layihələrin imzalanmasına qoşulmaqla, müqavilələrin təşəbbüskarı, iştirakçısı olmaqla başqa dövlətlərin qarşısında öz xeyrinə olacaq addımları atır”.

Qeyd edək ki, Fevralın 3-də İranın Astara şəhərində İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri və "Azərbaycandan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Zaman Novruzov arasında görüş keçirilib. Görüşdə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınan və MDF məhsulu daşıyan ilk sınaq yük qatarının Astara-Astara dəmir yolundan keçməklə İranın Astara terminalında öz yükünü boşaltması haqqında razılıq əldə olunub. Bununla əlaqədar İran Dövlət Dəmir Yolları İdarəsi və "Azərbaycandan Dəmir Yolları" QSC arasında müqavilə imzalanıb.

Aysel Aslan