İrana qarşı Turan səddi ucalır

Natiq Miri: “Türkiyə terrorçuların və qaçaqmalçıların qarşısını almaq üçün çox doğru bir qərar qəbul edib”



Türkiyə Suriyadan sonra İran sərhədində təhlükəsizlik divarı ucaltmağa başlayıb. İran və Türkiyə arasındakı sərhəd xətti boyunca 2 m enində, 3 m hündürlükdə və 7 ton ağırlığında səyyar blokların yerləşdirmə işləri davam edir.

Qeyd edək ki, Türkiyə ilə İran arasında sərhədin uzunluğu 560 km-dir.
İranın Xarici İşlər naziri Behram Qasimi də açıqlamasında Türkiyənin İranla sərhədə divar çəkməsini müsbət qarşıladıqlarını deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi sərhəddə divar çəkilməsini İranla müzakirə edib: "Divar-sərhəd sıfır nöqtəsində tikilməyəcək. Bu divar Türkiyə torpaqlarında inşa ediləcək. Biz sərhəddə təhlükəsizlik və sabitliyin yaranması üçün hər cür fəaliyyəti müsbət qarşılayırıq”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri də "Şərq”ə açıqlamasında Türkiyənin İran sərhədi boyunca təhlükəsizlik divarı ucaltmasının arzuolunan olduğunu deyib:

"İran rejimi İraqdakı kürd separatizminə və kürd terroruna qarşı olsa da, hər zaman Türkiyəyə qarşı PKK amilindən istifadə edib. Hətta zaman- zaman İran ərazisində Türkiyə dövlətçiliyinə zərər vermək məqsədi ilə PKK - kürd terrorçularının öz ərazisində lojistik mərkəzlər qurub, təlim keçirməsinə şərait yaradıb. PKK silah və maliyyə cəhətdən də İran dövləti tərəfindən maliyyələşdirilib. Türkiyə də bunu nəzərə alaraq terrorçuların və qaçaqmalçıların qarşısını almaq üçün çox doğru bir qərar qəbul edib. Xüsusi inkişaf etmiş müşahidə qurğuları quraşdırıldıqdan sonra isə Türkiyə sərhəddini nə terrorçular, nə də adi sərhədpozucuları keçə biləcək” .

Şəymən