"“İsgəndər” raketləri bizi zərrə qədər qorxutmur" - DEPUTAT




"Serj Sarkisyan quldur və banditdir. Dağlıq Qarabağ ərazisində də bu cür ağalıq edir”.

Bunu Sherg.az-a Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı "İsgəndər" raketləri ilə hədələməsinə münasibət bildirərkən millət vəkili Rauf Əliyev deyib. 

O bildirib ki, bu gün Sarkisyanın ölkəsində rəzalət baş alıb gedir, insanlar Ermənistandan çıxır, yaşayış yoxdur, irəliləyiş dayanıb, iqtisadiyyat çöküb, heç nəyə nail ola bilməyən əhali də ölkəni tərk edir:

"Ermənistanın bu gün heç bir regional layihədə adı çəkilmir. Bütün bunlar onu göstərir ki, Sarkisyanın idarəçiliyi çöküb, ancaq o özünün quldur-bandit rejimini saxlamağa çalışır. Son seçkilərdəki saxtakarlıqları da bunu göstərdi.

S.Sarkisyan öz rejimini saxlamaq üçün Dağlıq Qarabağ ərazisindən Azərbaycanı "İsgəndər” raketləri ilə vuracağından danışır, hədələyir. O sərsəm bəyanatlarında Dağlıq Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağını səsləndirir. Amma o başa düşmür ki, həmin "İskəndər” raketlərinə qarşı Azərbaycanın da öz güclü hərbi texnikaları var. Ona görə də, bu, bizi zərrə qədər qorxutmur. Əlbəttə, müharibədə hər şey ola bilər, raket də atarlar, hərbi texnika da cəlb edərlər. Lakin vaxt var idi biz müharibəyə heç hazır deyildik. Bu gün isə Azərbaycan özü müharibə edib, işğal altındakı torpaqlarını azad edə bilər”.

Aysel Aslan