İŞİD Əfqanıstanı nəzarət altına almaq istəyir

“Əfqanıstanda Rusiya və ABŞ-ın maraqları yenidən toqquşur”




Son dövrlər Əfqanıstanda terror hadisələri adi hala çevrilib. İki gün əvvəl ölkədə növbəti terakt həyata keçirilib. Hücum obyekti paytaxtdakı Hərbi Akademiya olub.

Daxili İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayış verib. Xüsusi qorunan "İntercontinental” oteli hücuma məruz qalıb. Terror olaylarını "Taliban” və İŞİD üzərlərinə götürüb. Ölkənin praktik olaraq bütün ərazisi kamikadze terrorçuların zərbəsi altındadır. Son bir ayda "Taliban” və İŞİD hücumlarında əksəriyyəti sadə vətəndaş olan 282 nəfər həyatını itirib, 500-dən çox adam yaralanıb. Ölkə prezidenti Əşrəf Qəni vətəndaşları terroru "mümkün qədər tez boğmaq” üçün birləşməyə çağırıb. İranın ali rəhbəri Əli Xameneyi də Əfqanıstanın terrorçuların yuvasına çevrildiyini və bundan narahatlıq duyduğunu dilə gətirib. Xameneyi bölgədə baş verən teraktlara görə ABŞ-ı suçlayıb. Ekspertlər də Yaxın Şərqdə sıxışdırılan terrorçu təşkilatların, xüsusən də İŞİD-in yeni məkan olaraq Əfqanıstanı seçdiyini bildiriblər.

Prosesləri "Şərq”ə dəyərləndirən siyasi ekspert Azər Rəşidoğlu deyib ki, İŞİD terror təşkilatı böyük maliyyə resurslarına malikdir. Onun fikrincə, Ərəb ölkələrindən qovulan bu terrorçular indi də Əfqanıstanı nəzarət altına almağa çalışırlar:

"İŞİD-in Əfqanıstanda əsas missiyası Çin və Rusiyanı regiondan uzaqlaşdırmaqdır. İŞİD uyğurların əli ilə Çini, Rusiyadakı müsəlmanların əli ilə Moskvanı terror hədəfinə gətirmək istəyir. Çin Mərkəzi Asiya və Cənubi-Şərqi Asiyada ABŞ-la geosiyasi rəqabətdədir. Buna görə də Vaşinqton İŞİD-in əli ilə Pekini çalxalamaq istəyir. Göründüyü kimi, İŞİD günü-gündən Əfqanıstanda güclənməklə, geosiyasi oyunda adi iştirakçıya çevrilir”. 

Ekspertin sözlərinə görə, Əfqanıstanda Rusiya və ABŞ-ın maraqları yenidən toqquşur:

"Talibanı silahlandıran Rusiya ilə İŞİD-i silahlandıran ABŞ üz-üzə dayanıb. Donald Trampın Pakistana maliyyə yardımının dayandırılması barədə qərar verməsi, məhz rəsmi İslamabadın Talibana dəstəyindən irəli gəlir. Çünki Taliban həm Rusiya, həm də Pakistanın dəstəyi ilə güclənəcək və İŞİD-in Əfqanıstanda yox edilməsinə çalışacaq. 

Ondan əlavə, Mərkəzi Asiya və Çinin regional siyasəti genişlənəcək. Bir sözlə, İŞİD terror təşkilatından növbəti oyunlarda istifadə edilir”.

İsmayıl