İsrail BMT ilə razılaşmanı pozur, Fələstində məskən salır - Analitik




"İsrail Fələstin ərazisində yeni yaşayış məskənlərinin salınması istiqamətində addımlarını genişləndirəcək”.

Bu barədə Sherg.az-a İsrail hökumətinin İordan çayının qərb sahilində yaşayış məskənləri salmasına münasibət bildirərkən analitik Arzu Nağıyev deyib. 

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və İsrail arasında həmin ərazilərdə hələlik yaşayış məntəqələrinin salınmasından imtina olunmağına dair danışıq aparılsa da, nəticəsi fərqli oldu:

"Qətnamənin əksinə olaraq İsrail dövləti həmin yerlərdə artıq yaşayış məntəqələrinin salınmasına davam edir. Danışıqda söhbət belə oldu ki, Fələstin tərəfi əgər İsraili hər hansı silahlardan atəşə məruz qoysa, o, adekvat cavab verəcəkdir. Məhz buna görə də həmin ərazilərdə tikinti işlərini davam etdirir. Düşünürəm ki, həmin ərazilərdə hər bir torpaq alındıqca tikinti işlərinin bərpa edilməsi qarşı tərəfin zəif bəndinin tutulması deməkdir. Bu istiqamətdə də İsrail addımlarını atır. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları buna veto da qoydu və kəskin şəkildə bu barədə bəyanat verdi. Artıq Donald Trampın prezident seçilməsi ilə bu proses davam edir. Düşünürəm ki, burada əsas güvənc yerlərindən biri Amerika Birləşmiş Ştatlarıdır. Eyni zamanda Benyamin Netanyahonun bu günlərdə İran xalqına müraciəti də dərc olunub”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin İordan çayının qərb sahilində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

Aysel Aslan