Ekspertin fikrincə, rusların belə məlumat yaymasında məqsəd güdülür
Yanvarın 21-də İsrail aviasiyası Suriyaya misli görünməmiş miqyasda raket zərbələri endirib. İlk dəfə olaraq İsrail ordu komandanlığı bu əməliyyat barədə rəsmi məlumatla çıxış edib. İsrail ordu komandanlığı hava zərbələrinin Suriya ərazisindən İsrail ərazilərinə "yer-yer” tipli raketin buraxılmasına cavab olaraq endirildiyini bildirib. Hava zərbələrinin hədəfi İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds” briqadasının obyektləri, habelə Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin batareyası olub. İsrail hərbçiləri bildiriblər ki, Suriya hava hücumundan müdafiə vasitələri İsrail təyyarələrinə onlarla raket buraxıblar, buna cavab olaraq Suriya HHM qüvvələrinin batareyası məhv edilib: "İranın İsrail ərazisinə dünənki hücumu bu ölkənin Suriyadakı hərbi iştirakının arxasında hansı məqsədin dayandığını bir daha təsdiq edir.
Suriya rejimi onun ərazisində baş verənlərə görə məsuliyyət daşıyır və o, İsrail əleyhinə hərəkətlərə yol verməməlidir. İsrail müdafiə ordusu istənilən senariyə hazırdır və İsrail vətəndaşlarının təhlükəsizliyi üçün zərurət yaranarsa, bundan sonra da hərəkət edəcək”. İsrail ordusunun mətbuat xidməti hava zərbələrinə dair görüntülər də yayıb. Kadrlara əsasən Suriyanın hava hücumundan müdafiə batareyası İsrail təyyarələrinə tərəf iki raket buraxır, amma raketlər hədəfə dəymir və cavab zərbəsi ilə batareya məhv edilir. Lakin Suriya rejimi və Rusiya rəsmi KİV-ləri növbəti dəfə əmin edirlər ki, İsrail təyyarələrindən buraxılan raketlərin "böyük əksəriyyəti” havada məhv edilib. Suriyalı blogerlər isə İranın və "Hizbullah”ın obyektlərində böyük dağıntılar və tələfat barədə xəbərlər yayırlar. Bildirilir ki, Dəməşq aeroportu rayonunda, habelə Əl-Kisua və Cəmahiriyyə rayonlarında güclü dağıntılar var. Xatırladaq ki, İsrail bundan əvvəl də dəfələrlə Suriya ərazisinə hava zərbələri endirib.
Raket zərbələri ilə bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli bildirib ki, rus tv-lərinin məlumatına görə, İsrailin Suriyaya növbəti hücumunun qarşısı alınıb. Ekspertin fikrincə, rusların belə məlumat yaymasında məqsəd güdülür:
"Suriya səmasında İsrail tərəfindən rus qırıcısı vurulandan sonra, Rusiya Dəməşqə "S-300” zenit-raket komplekslərini göndərdi. Ona görə də ruslar tez xəbər yaydılar ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrailin raket zərbələrinin qarşısını alıb. Çünki masanın üstündə "S-300” zenit-raket kompleksinin imici məsələsi durur. Təbii, ruslar göstərmək istəyirlər ki, onların müasir hücumdan müdafiə sistemi Suriyanın səmasını tam qoruyur.
İran-İsrail münasibətlərinə gəldikdə isə, bu iki mehriban düşmən nə müharibə, nə sülh şəraitində yaşamağa davam edəcəklər. Münasibətlər yenə də ənənəvi hədə-qorxulardan o yana keçməyəcək. İsrail Suriyada dəfələrlə İranı vurub. İran isə hələ indiyə qədər İsrailə layiqli cavab verə bilməyib. Reallıq odur ki, İsrail hərbçilərinin arxasında Təl-Əviv hökuməti dayanır. Hökumətin arxasında isə ABŞ durur”.
İsmayıl