Jurnalistikada qabiliyyət imtahanı...

Ekspert və yazarların əksəriyyəti imtahanın vacibliyini önə çəkir



Jurnalistika yaradıcı sahədir. Aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur. Artıq 3 ildir ki, ölkəmizdə jurnalistika fakültəsinə qəbul olmaq üçün abituriyentlərdən qabiliyyət imtahanı tələb olunur. 2015-2016-ci tədris ilindən etibarən tətbiq olunan bu imtahanlar barədə bəzən birmənalı fikirlər irəli sürülmür. Qabiliyyət imtahanlarının abituriyentlərdə əlavə psixoloji gərginlik yaratdığını iddia edənlər də var. Lakin mütəxəssislər qabiliyyət imtahanını jurnalistikanın praktiki və nəzəri cəhətdən əsas sütunu hesab edir.

Jurnalistika ixtisası üçün qabiliyyət imtahanının tələb edilməsinin bir səbəbi də jurnalistin peşə qabiliyyətinin hansı səviyyədə olduğunu müəyyən etməkdir. Jurnalist yaradıcı şəxs olduğundan onun qabiliyyəti, bacarığı, baş verən hadisələr haqda düzgün mülahizələri, şərhləri, icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır.

Media nümayəndələrinin əksəriyyəti qabiliyyət imtahanlarının jurnalistikaya müəyyən töhfələr verdiyini düşünür. Mütəxəssislərin fikrincə, jurnalistika ixtisası üzrə yüksək bal toplanıla bilər, lakin yazmaq, danışmaq və fikrini səlist ifadə etmək qabiliyyəti hər kəsdə olmur. Bu baxımdan ekspertlərin bir çoxu qabiliyyət imtahanlarının zəruri olduğunu vurğulayırlar.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq edilməsinin vacib olduğunu diqqətə çatdırır: 

"Yaradıcılıq tələb edən müəyyən sahələr var. Bu baxımdan qabiliyyət imtahanı jurnalsitika ixtisası üçün də əhəmiyyətlidir. Təxminən 2013-cü ildə Prezident İlham Əliyevin Mətbuat Şurasının üzvləri ilə görüşündə fikirlər səsləndi və cənab prezident razılıq verdi ki, jurnalistika fakültəsi üzrə qabiliyyət imtahanları tətbiq olunsun. Həqiqətən də qabiliyyət imtahanları gələcək jurnalistlərin yetişməsində böyük rola malikdir. Ümumiyyətlə, peşəkarlıq baxımından bu imtahanların tətbiqini yüksək qiymətləndirirəm. 

Mətbuat Şurası tərəfindən Komissiyanın sədri olaraq qabiliyyət imtahanlarında iştirak edəndə gördüm ki, həm magistratura, həm də bakalavr pilləsində imtahan verənlərin əksəriyyəti artıq jurnalist olmaq istəyən insanlardı və onlar müəyyən mənada bu sahəyə bələddirlər. İmtahanda yüksək peşəkarlıq qabiliyyəti olan məzunlar gördüm və hesab edirəm ki, bu gün onlar jurnalistika üzrə təhsil almaqla gələcəkdə jurnalisitikamıza böyük töhfələr verəcəklər. Ona görə də birmənalı şəkildə qabiliyyət imtahanlarının keçirilməsini dəstəkləyirəm”.

"Modern.az” saytının əməkdaşı Gülşən Raufqızı bildirib ki, "Jurnalistika” ixtisasına qəbul prosesində qabilliyyət imtahanının keçirilməsi qaydalarının tətbiqi ilk gündən birmənalı qarşılanmayıb və illərdir ki, müzakirə mövzusuna çevrilib: 

"Mənim fikrimcə, qabiliyyət imtahanlarının jurnalistikaya yaxından-uzaqdan təsiri belə yoxdur. Məntiqlə, qabiliyyət imtahanında mükəmməl esse yazan bir abituriyent sabahın mükəmməl jurnalisti demək deyil. Çünki inşa yazmaq operativliyi, dəqiqliyi, qərəzsizliyi, xəbər duyumunu özündə ehtiva etmir.
Yəni bu gün bir abituriyentin qabiliyyət imtahanında yaxşı inşa yaza bilməməsi, sabah yaxşı qələm sahibi olacağını şübhə altına ala bilməz. Həm də orta məktəbi yenicə bitirmiş məzunların qabiliyyət imtahanında xarüqələr yaratmasını gözləmək də doğru deyil.

Qabiliyyət imtahanında irəli sürülən şərtlər isə bir yeniyetmə üçün olduqca ağırdır. Şərtlərə görə, inşa səliqəli, oxunaqlı və aydın xətlə yazılmalı, abituriyent öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli, mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli, ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli, ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşılan, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Qeyd edilən şərtlər jurnalistikaya illərini vermiş biri üçün əsas göstərici sayıla bilər. Və inanmıram ki, hansısa abituriyent qeyd olunan şərtlərə tam cavab verən esse yaza bilsin. Çünki müstəqil həyata yenicə addım atmağa başlayan birinin ictimai-siyasi məsələləri geniş şəkildə təhlil etməsini gözləmək absurddur. Eyni zamanda, jurnalist olmaq üçün 4 il universitetdə mühazirə dinləməyə də ehtiyac yoxdur. Təbii ki, jurnalist olmaq üçün ali təhsil vacibdir. Özüm Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsini bitirməyimə baxmayaraq, hökmən "Jurnalistika” fakültəsini bitirməlisən deyə bir şərt də qoyulmasını doğru saymıram. Yaxşı jurnalist olmaq üçün praktika, işləyə-işləyə öyrənmək daha effektlidir”.

Qabiliyyət imtahanlarının keçirilməsinin doğru qərar olduğunu deyən "Yeni Müsavat” qəzetinin əməkdaşı Əli Rais isə bildirib ki, qabiliyyət imtahanı keçirilmədən öncə adətən hüquq və digər bu kimi fakültələrə balı çatmayanlar, jurnalistika ixtisasına qəbul olurdular: "Bu isə onları istəmədikləri, həvəslərinin olmadığı halda yazı yazmaq diqtəsi ilə üz-üzə qoyurdu. Bu sahəyə həvəsi olmayanlar üçün xəbər, reportaj, müsahibə yazmaq, hadisənin arxasınca getmək məncə çox çətindir. Ona görə də yazmağa həvəsi olanlar, bu sahəyə marağı olanlar jurnalistika üzrə təhsil almalıdırlar. Əslində jurnalist üçün xüsusi təhsil önəmli deyil. Sən jurnalistika prinsiplərini hər hansı bir kursda da qısa zamanda öyrənə bilərsən. Əsas qabiliyyət və həvəsdir. Dolayısı ilə əsas qabiliyyət imtahanıdır.
Xüsusi təhsil dedikdə söhbət jurnalistika ixtisası üzrə təhsildən gedir. Təbii ki, jurnalist ali təhsilli olmalıdır və yazacağı sahəni dərindən bilməlidir”.

"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev qabiliyyət imtahanının tələbələrdə əlavə psixoloji gərginlik yaratdığı fikrini irəli sürür: 

"Artıq 3 ildir ki, jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanı tələb olunur. Qəbul imtahanından sonra qabiliyyət imtahanı müəyyən qədər abituriyentlər üçün yorucu ola bilər. Amma bizim sahə yazı ilə bağlı olduğu üçün bunu normal qəbul etmək olar. Çünki jurnalistikada təhsil alacaq şəxslərdən gələcəkdə bu sahədə çalışanlar olacaq, o zaman da yazılar yazacaqlar. İlk olaraq qəbul zamanı bunu sınamaqları heç də pis deyil. Digər bir tərəfdən düşünürəm ki, onlara yazı üçün verilən mövzular çətin olmamalıdır. Həmçinin ilk dəfə yazı yazdıqlarını nəzərə alsaq, müəyyən qədər güzəştlər də etmək mümkün olar”.

Jurnalistikanın yaradıcı sahə olduğunu deyən "Palitra” qəzetinin əməkdaşı Tural Tağıyevin fikrincə, jurnalistika fakültəsinə qəbul olmaq üçün abituriyentin hansısa qabiliyyətinin olduğunu yoxlamaq doğru deyil: 

"Aktyor olmaq istəyən qabiliyyət imtahanı verib səhnədə öz bacarığını, fitri istedadını göstərməlidir, çünki bu iş, bu sahə sırf qabiliyyətə bağlıdır. Amma jurnalist olmaq istəyən əvvəlcə ortaya savadını qoymalıdır. Ali təhsilini davam etdirdiyi müddətdə o təcrübələrlə, əldə etdiyi biliklərlə öz yaradıcılıq potensialını ortaya qoya biləcək. Bəzən son illərdə tətbiq edilən qabiliyyət imtahanını onunla da izah edirlər ki, bu yeniliyin tətbiqi həm də jurnalistikaya təsadüfi adamların qəbul olmasını azaldacaq. Əslində biz bir çox tanınmış jurnalistlərimizin bu sahəyə gəlişinə nəzər salsaq görərik ki, onların çoxu nə jurnalistikanı bitirib, nə də sırf bu ixtisasla bağlı qabiliyyət imtahanı veriblər. Jurnalistika elə bir sahədir ki, bu işdə çalışdıqca peşəkar olursan, təcrübə və sonradan qazanılan bəzi biliklər səni daha da peşəkar jurnalist edir. Həm televiziya jurnalistikası, həm də yazılı mətbuatla bağlı eyni sözləri demək olar. Onsuz da abituriyentlər yazılı imtahan verəndə bir dəfə psixoloji gərginlik keçirirlər. Onları o qədər də vacib olmayan qabiliyyət imtahanı ilə yükləmək doğru olmazdı”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın sözlərinə görə, test sisteminin tətbiqinə başlandığı dövrdən sonra jurnalist ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı verməsi zərurəti getdikcə ortaya çıxmağa başladı:

 "Bu zərurəti doğuran səbəb ümumilikdə humanitar fənlərdən hazırlaşmış abituriyentlərin aşağı bal toplayarkən jurnalistika ixtisasını məcburən seçməsi ilə bağlı idi. Bu zaman iki hal özünü göstərirdi. Birinci, ürəyindən olmayan ixtisası məcburi seçmiş tələbə ixtisasdan narazılıq edir, gələcəkdə jurnalistikanı başqa ixtisasla dəyişəcəyini bildirirdi. İkinci, təcrübə mərhələsində hər hansı mövzuda məqalə yaza bilməyən tələbənin "Onsuz da bitirəndən sonra jurnalist olmayacağam ki, mənə ali təhsil diplomu lazımdır” deməsini də çox eşitmişik. Təsadüfi jurnalistika ixtisası seçiminin fəsadları bir də iş mərhələsində özünü göstərib. Yalnız diplomunu və bir də 4 ildə müəllimlərdən öyrəndiyi yazı qaydalarını "götürüb” redaksiyaya gəlmiş jurnalist ixtisaslı şəxs uzun müddət çətinlik çəkməli olur. Ya özünü bu sahədə doğruldur, ya da başqa sahədə iş tapıb işləməyə başlayır. Amma ümumi statistikada o, jurnalist ixtisasını bitirmiş şəxs kimi gedir. 

Bu problem son dövrlərdə özünü qabarıq şəkildə göstərdi. Ona görə ziyalıların, media ekspertlərinin qabiliyyət imtahanı ilə bağlı çağırışları gündəmə gəldi. Hesab edirəm ki, nəinki, jurnalistika ixtisası üzrə xüsusi qabiliyyət imtahanı olmalıdır, ən yaxşısı, ayrıca olaraq BDU-nun Jurnalistika fakültəsinin bazası əsasında "Jurnalistika Akademiyası” yaradılmalıdır. Burada artıq çap mediası, internet mediası, televiziyaçılıq üzrə ixtisaslaşma müəyyən etmək olar. Həmçinin, ayrı-ayrı sahələr - siyasi, beynəlxalq, hüquq, hərbi, idman, mədəniyyət və s. üzrə ixtisaslaşmış jurnalistlər yetişdirmək mümkündür. Bir sözlə, jurnalistika xüsusi qabiliyyət tələb edən peşədir”.

(Davamı olacaq...)
Yeganə Bayramova

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb