“Jurnalistikamız ekstremal vəziyyətlərə hazır deyil”
Zeynal Məmmədli: “Rəsmi mənbələrə istinad önəmlidir”
"Gilavar” hava-ekstrim idman klubunun 3 üzvünün itkin düşməsi fövqəladə hallarda medianın davranış qaydalarını gündəmə gətirib. Günlərdir kütləvi informasiya vasitələrinin baş xəbərini itkin düşmüş alpinistlərlə bağlı məlumatlar təşkil edir. Hazırda hansı informasiya saytına nəzər yetirsən, qarşıya ilk çıxan hər kəsin taleləri ilə bağlı böyük intizarla sevindirici bir xəbər gözlədiyi bu 3 alpinistin fotosu olacaq. Demək olar bütün ölkə alpinistlərdən xəbər gözləyir. Məhz bunu nəzərə alan media da xəbər sarıdan qıtlıq çəkilməməsinə çalışır. Lakin, bu çalışmalarda istəyərəkmi, istəmədənmi, yanlışlıqlara da yol verilir. Mövzu bununla bağlıdır; jurnalistlərin fövqəladə hallarda davranış bacarığı və peşəkarlığın qorunub saxlanması.
Təəssüf ki, son günlər media, daha çox da məhz internet mediası tənqid hədəfi oldu. Xəbər saytlarının məlumat yaymaq yarışında birincilik qazanmaq ehtirası alpinistlərin ailələrinin də, dostlarının da sərt təpkisi, tənqidi ilə üzləşdi. Hətta sosial şəbəkələr və xəbər saytlarında aparılan yazışmaları, paylaşımları ağır sözlərlə təhqir edənlər də oldu. Efir yayımında bu sözlər heç şübhəsiz sinqallarla əvəz olunardı. İctimaiyyət onları eşitməsin deyə.
Bu da bir çox xəbər saytlarının qeyri-peşəkarlığından xəbər verirdi. Yenə də xəbəri, hətta yalan, şayiə olsa da, birinci yaymaq uğrunda mübarizə gedirdi.
"Əsassız xəbərlər tirajlanmamalıdır”
İnformasiya saytlarının xəbər "yarışı”na dözməyən "Gilavar” hava ekstrim idman klubu bəyanat yaydı və yalan xəbər yayanları sərt sözlərlə tənqid etdi: "Bu məsələ ilə bağlı yanlış informasiyalar verilir. Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırıldığı, Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayın. Hazırda bu kimi hallarla mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri vicdanlarının öhdəsinə buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək”.
"Dəqiqləşməmiş informasiyalardan istifadə etməyin”
İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı yaradılmış Əməliyyat Qərargahı da xəbər saytları və sosial şəbəkələrdən narazılıq etdi:
Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilirdi ki, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir.
"Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur”. Əməliyyat Qərargahı informasiyalar verilərkən FHN-nin rəsmi xəbər saytına istinad edilməsini zəruri sayır.
Peşəkarlığı "İP”, "piar”a qurban edənlər
Alpinistlərlə bağlı paylaşımlar o vəziyyətə çatdı ki,
"Gilavar” hava və ekstrim idman klubu artıq məlumatların verilməyəcəyini bəyan etmək məcburiyyətində qaldı: "Hər vaxtınız xeyir, dostlar. Bildirmək istəyirik ki, bu andan etibarən heç bir media nümayəndəsinə tərəfimizdən məlumat verilməyəcək! Media bizim verdiyimiz məlumatları düzgün istifadə etmədən, təhrif edərək özlərinə uyğun xəbərlər yayımladı. Sırf PR, İP üçün, tanınmaq üçün hazırladıqları bu xəbərlər bizi olduqca çətin və çıxılmaz vəziyyətdə qoydu. Bu andan etibarən mediaya heç bir məlumat verməyəcəyik. Sizlərdən xahişimiz xəbər saytlarında gördüyünüz hər məlumatı bizimlə paylaşmağınızdır ki, biz məlumatın dəqiqliyini araşdırıb aydınlaşdıraq. Eşitdiyiniz, oxuduğunuz heç bir xəbəri dəqiqləşdirmədən yaymayın, paylaşmayın. Biz də sizə tez-tez məlumat ötürmək istəyərdik, ancaq biz də sadəcə FHN-ə istinad edə bilərik. Anlayışınız üçün təşəkkürlər”.
"Məqsəd doğrunun üzə çıxmasıdırsa...”
Oxşar hallar tez-tez təkrarlanır. Gündəlik həyatda rastlaşdığımız hadisələr zamanı sosial şəbəkələrdə, informasiya saytlarında bəzən etik çərçivələrə sığmayan, qarşı tərəfi incidə biləcək, həmçinin xəbərçilik baxımından da zərərli məlumat yayımı halları baş verir. Belədə istər-istəməz düşünürsən; insan taleyi xəbər yayımından bu qədərmi önəmsizdir? Jurnalist də, xəbər saytında çalışan da insandır. Onun da ailəsi, qohumu, yaxını, dost-tanışı var. Sabah onun da ailəsində bədbəxt bir hadisə, Allah eləməmiş faciə baş verə bilər. O zaman hansısa KİV bu hadisəni reklam olunmaq xətrinə istədiyi şəkildə təqdim etsə, xoşuna gələcəkmi?
Media eksperti, uzun illər BDU-nun jurnalistika fakültəsində müəllim olaraq çalışmış Zeynal Məmmədli ekstrim vəziyyətlərdə jurnalistin peşəkarlığını itirməməsini (əgər peşəkardırsa - red.) vacib şərt sayır:
- Ciddi jurnalistikanın fövqəladə hallarda, ekstrim situasiyalarda necə davranmalı olduğu məlumdur. İstənilən situasiyada jurnalist yalan, doğrulmamış, təsdiqlənməmiş məlumatlar yaymamalıdır. Bu, birmənalıdır və müzakirə olunacaq tərəfi də yoxdur. Amma xəbər yayımının kriteriyaları da var. Kriteriya nədir? Əgər məlumat gizlədilirsə, media yayacağı məlumatın təsdiqlənməmiş olduğunu vurğulamaqla, əldə etdiyi informasiyanı yaya bilər. Lakin, bir daha təkrar edirəm, o məlumatın təsdiqlənməmiş olduğunu bildirməlidir. Jurnalist bütün hallarda etik davranış normalarını pozmamalıdır. Baxın, itkin düşmüş alpinistlərin də ailəsi var, hər saniyə, hər dəqiqə xəbər gözləyirlər. Hər bir xəbər veriləndə onların keçirəcəyi hisslər mütləq nəzərə alınmalıdır. Ümumiyyətlə, ölüm, intihar, hansısa bədbəxt hadisələr, faciələrlə bağlı xəbərlərin tirajlanmasında hədsiz həssas davranılmalıdır. Bilirsiz, fövqəladə hallarda xəbər yayımı ilə bağlı jurnalistikanın üzərinə düşən vəzifəni dəqiq ayırd etmək lazımdır. Məsələn, əgər jurnalistin yaydığı xəbər hansısa qurumun fəaliyyəti barədədirsə, konkret kiminsə fəaliyyəti tənqid olunursa, burada jurnalistika qaydalarının pozulmasından danışmaq olmaz. Jurnalist hansısa qurumu tənqid edə, fəaliyyətini ictimai müzakirəyə çıxara bilər. Burada əsas məqsəddir. Məqsəd doğrunun üzə çıxmasına xidmət edirsə, o xəbəri vermək olar. Tutalım, xilasetmə qurumu məlumat vermir. Bu halda məlumatları ailələrdən, dostlardan əldə etmək olar. Amma yenə də bu xəbərlərin təsdiqlənməmiş olduğu bildirilməlidir.
"Jurnalist ekstrim vəziyyətə hazır olmalıdır”
Alpinistlərin itkin düşməsi hadisəsi fonunda kütləvi informasiya vasitələrindən narazılıq jurnalistikamızın ekstremal vəziyyətlərə hələ də hazır olmadığını göstərdi.
Z.Məmmədli də bu fikirdədir:
- Ekstremal vəziyyət deyiləndə nə üçünsə, yalnız müharibə, cəbhə bölgəsi ehtiva edilir. Amma jurnalist adi vaxtlarda da ekstremal bir vəziyyətə düşə bilər. Yolda gedəndə, müəyyən bir toplantıda, tədbirdə. Jurnalist peşəkardırsa, bütün hallarla bağlı vəziyyətdən çıxış imkanlarını bilməlidir. Buna hazır olmalıdır. Ekstremal jurnalistikanın fəaliyyət sahələri daha genişdir. Təbii fəlakət, zəlzələ, dağıntılar, daşqınlar, kriminal hadisələr, qətl hadisələri... Jurnalist hər bir situasiyada necə davranılmalı olduğunu bilməlidir. Elə etməlidir ki, peşəsini icra etməyə maneə yaranmasın. Jurnalistin üzərinə qoyulan vəzifə xəbər əldə etmək və yaymaqdır. Amma xəbərin necə əldə edilməsi və yayılma forması da bir o qədər önəmlidir. Cəmiyyət üçün təhlükə yarada biləcək xəbərlərin tirajlanmasında hədsiz diqqətli olmaq lazımdır. O xəbərlər cəmiyyəti təhdid edəcək tərzdə yayılmamalıdır. Xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun. Gözlənilməz situasiyalarda informasiya heç vaxt birtərəfli qaydada, yalnız bir tərəfin mənafeyi nəzərə alınaraq verilməməlidir. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmalıdır. Peşəkarlıq da məhz ekstremal şəraitlərdə üzə və önə çıxır. Məlumatın yayılması tərəfləri incitmirsə, peşəkarlıq budur. Jurnalistlərimiz bunu nəzərdən qaçırmasınlar.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb