Jurnalistikaya qəbulda qabiliyyət imtahanı vacibdir
İmtahan medianın inkişafı ilə yanaşı, bu sahəyə təsadüfi adamların gəlməsinin qarşısını alır
Jurnalistika yaradıcı sahədir. Aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur. Artıq 3 ildir ki, ölkəmizdə jurnalistika fakültəsinə qəbul olmaq üçün abituriyentlərdən əlavə olaraq qabiliyyət imtahanı tələb olunur. 2015/2016-ci tədris ilindən etibarən tələb olunan bu imtahanlar barədə bəzən birmənalı fikirlər irəli sürülmür. Qabiliyyət imtahanlarının abituriyentlərdə əlavə psixoloji gərginlik yaratdığını iddia edənlər var. Lakin mütəxəssislər qabiliyyət imtahanını jurnalistikanın praktiki və nəzəri cəhətdən əsas sütunu hesab edir.
Jurnalistika ixtisası üçün qabiliyyət imtahanının tələb edilməsinin bir səbəbi də jurnalistin peşə qabiliyyətinin hansı səviyyədə olduğunu müəyyən etməkdir. Jurnalist yaradıcı şəxs olduğundan onun qabiliyyəti, bacarığı, baş verən hadisələr haqda düzgün mülahizələri, şərhləri, icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır.
Media nümayəndələrinin əksəriyyəti qabiliyyət imtahanlarının jurnalistikaya müəyyən töhfələr verdiyini düşünür. Mütəxəssislərin fikrincə, jurnalistika ixtisası üzrə yüksək bal toplanıla bilər, lakin yazmaq, danışmaq və fikrini səlist ifadə etmək qabiliyyəti hər kəsdə olmur. Bu baxımdan ekspertlər qabiliyyət imtahanlarının zəruri olduğunu vurğulayırlar.
Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının vacib olduğunu düşünür: "Qabiliyyət imtahanı sadəcə olaraq jurnalistikaya könülsüz və təsadüfi adamların gəlməsinin qarşısını almağa hesablanıb. Bilirsiz ki, ali məktəbə qəbul olmaq istəyən gənclərin əksəriyyəti bəzən arzu etmədikləri ixtisaslara qəbul olurlar və ali məktəbi bitirdikdən sonra gedib o istiqamətdə işləmirlər. Ona görə də jurnalistikaya məhz bu sahədə fəaliyyət göstərmək istəyən insanların cəlb edilməsi baxımından qabiliyyət imtahanı məsələsi ortaya atıldı. Əlbəttə, tam olaraq iddia edə bilmərik ki, jurnalistika fakültəsində oxuyanların hamısı gələcəkdə mütləq yüksək səviyyəli jurnalistlər olacaqlar. Yəqin ki, onların da içində jurnalistikanı seçməyən və başqa ixtisaslarda fəaliyyət göstərənlər olacaq. Amma jurnalistikanı seçəcəkləri təqdirdə ilkin qabiliyyət imtahanı verdiklərinə və jurnalistikaya doğrudan da könülvermə imkanları olduğuna görə bu adamlar daha keyfiyyətli jurnalist kimi fəaliyyət göstərə biləcəklər. Əslində hamımız bilirik ki, jurnalistika sadəcə bir ixtisasdır, peşə deyil. Yəni, jurnalistika şairlik kimi bir şeydir, əgər şairlik istedadı insanda yoxdursa, nə etsən də ondan şair yarada bilməzsən. O cümlədən də yazı-pozu istedadı olmayan adamın jurnalist olması mümkün deyil. Bu baxımdan düşünürəm ki, qabiliyyət imtahanı lazımlıdır, lakin ola bilsin ki, bir qədər təkmilləşdirilməsinə ehtiyac var”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanovanın sözlərinə görə, yaradıcılıq tələb edən ixtisas olduğuna görə jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanının olması vacibdir:
"Müşahidə və təcrübə göstərir ki, dörd il bakalavr, iki il magistr və bu müddət ərzindəki təcrübə, iş stajı gənc jurnalistlərdə yaradıcılıq qabiliyyətini inkişaf etdirə bilmir. Yəni, rəsm çəkən rəssam, şeir yazan şair olduğu kimi, yazı yaza bilən də jurnalist olmalıdır. Məsələnin mənfi tərəfi odur ki, 3-cü ildir ki, tətbiq olunmasına baxmayaraq, bu seçim imkanı bizdə özünü doğrultmur. Çünki qabiliyyət imtahanından az sayda abituriyent keçir ki, bu da prosesin özündə nöqsan olduğu anlamına gəlir. Bu ya imtahan götürənlərin qeyri-peşəkarlığı, ya da bu ixtisası seçənlərin yaradıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hər halda araşdırılmalı məsələdir. Və bundan sonra dəqiq qərar verilə bilər - qabiliyyət imtahanı qalsın, yoxsa ləğv edilsin. Hər halda fakt odur ki, bizdə özünü doğrultmur. Bunu imtahan nəticələri də deyir”.
Jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanlarının əhəmiyyətli və təsirli olduğunu deyən "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, hər zaman praktikada da qabiliyyət imtahanlarının əhəmiyyətli olduğu görünüb:
"Özüm də Mətbuat Şurasının təklifi ilə qabiliyyət imtahanlarında iştirak etmişəm. Müşahidələrimə görə, abituriyentlər də qabiliyyət imtahanlarından məmnun qalırlar. Düşünürəm ki, jurnalistikanın praktik qaydalarının, prinsiplərinin daha yaxşı mənimsənilməsində bu imtahanlar böyük rol oynayır. Jurnalistika fakültəsində qabiliyyət imtahanlarının gərəkli olub-olmadığı barədə müzakirələrin aparılması niyə belə maraqlıdır? Fikrimcə, bu imtahan birmənalı şəkildə jurnalistikada təhsil almaq istəyən tələbələrin bilik səviyyəsinin daha tez görülməsində böyük rola malikdir. Nəinki bu imtahanları ləğv eləmək, əksinə, daha da təkmilləşdirmək lazımdır. Həmçinin qabiliyyət imtahanlarının jurnalistikada praktik təcrübəsi olan tanınmış media adamları tərəfindən götürülməsi daha məqsədəuyğundur”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin fikrincə isə jurnalist olmurlar, jurnalist doğulurlar:
"Jurnalistika yaradıcılığın bir növüdür, qələm işidir. Əksər jurnalistlərdən soruşsaq, onlar deyəcək ki, biz uşaqlıqdan bu peşəyə, yazı-pozuya meylli olduq, bu sahəyə beləcə gəlib çıxdıq. Məsələyə bu cür yanaşmaq lazımdır məncə. Əksər Avropa ölkələrində ümumiyyətlə, ayrıca jurnalistika fakültəsi yoxdur. Yalnız bu sahədə çalışmaq istəyən, istedadı, bacarığı olan şəxslərə ayrıca kurslar keçilir, o da əsasən texniki, hazırlıq səviyyəsi ilə bağlı olur. Yəni birmənalı olaraq jurnalistika istedad tələb edir. Əlbəttə, jurnalistika fakültəsində çox savadlı kadrlar yetişir, incəliklər öyrədilir, savad verilir. Amma şəxsin yaradıcı təfəkkürü, jurnalist istedadı yoxdursa, ondan peşəkar kadr hazırlamaq mümkün olmayacaq. Təcrübədə bununla çox rastlaşmışıq ki, jurnalistika fakültəsini bitirib, amma jurnalist kimi çalışa, uğur qazana bilməyib. Təbii ki, bizim jurnalistika fakültəsini bitirmiş imzası, peşəkarlığı olan xeyli kadrlarımız var. Onlar jurnalistika fakültəsinə girəndə artıq jurnalist olublar, çünki dediyim kimi, jurnalistika istedaddır. Bu fakültədə sadəcə ali təhsil alıblar. Bir reallıqlara, tarixə də baxaq: Həsən Bəy Zərdabi məgər jurnalistika fakültəsini bitirmişdi? Xeyir, o, fizika-riyaziyyat fakültəsində ali təhsil almışdı. Bu gün də əksər məşhur, istedadlı jurnalistlər jurnalistika fakültəsinin məzunu deyil. Jurnalistikada məhz yaradıcılıq istedadı olan, qələmi olan, çevik düşüncəsi, ictimai-siyasi təfəkkürü və mütaliəsi olan adamlar böyük uğurlar qazanır. Hesab edirəm ki, ümumiyyətlə, jurnalistika fakültəsi ləğv edilməlidir, bu sahədə anadan jurnalist doğulanlar, yaradıcılığı, həvəsi və qabiliyyəti olanlar yer tutmalıdır.
Qabiliyyət imtahanına gəldikdə, düşünürəm ki, bu, fərqli bir müstəviyə keçməlidir. Yəni peşəkar mediada çalışmaq istəyən, jurnalist olmaq istəyən şəxs yaradıcılıq, qabiliyyət testindən, yaxud müsabiqəsindən keçməlidir. Fakültənin isə ciddi bir önəmi yoxdur, yetər ki, sən jurnalist olmağa qadirsən, layiqsən, istedadlısan”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistikada qabiliyyət imtahanlarının verilməsinin vacib olduğunu dedi: "Qabiliyyət imtahanlarının əleyhinə olan insanların arqumentlərini düzgün hesab etmirəm, amma hörmətlə yanaşıram. Belə arqumentlər əsassızdır, çünki jurnalistikanın xüsusi istedad tələb edən bir peşə olduğu kimsəyə sirr deyil. Necə ki, rəssamlıq, musiqi və incəsənətin digər sahələrində xüsusi qabiliyyət tələb edilirsə, şübhəsiz ki, jurnalistika da qabiliyyət, istedad tələb edir. Qabiliyyət tələb olunan bir sahədə fəaliyyət göstərmək istəyən insan üçün qabiliyyət imtahanlarının verilməsi vacib şərtdir. Hətta mənim imkanım olsaydı, qabiliyyət imtahanlarını test imtahanlarından öncəyə salardım və onun nəticəsinə görə jurnalistika fakültəsinə daxil olmağa imkan yaradardım. Ona görə də düşünürəm ki, indiki halda qabiliyyət imtahanlarının tətbiqi düzgündür və Mətbuat Şurası uzun müddət bu məsələ ilə bağlı təşəbbüslərlə çıxış etməkdə tamamilə haqlı olub”.
Yeniçağ.az-ın reportyoru Səxavət Məmmədli bildirib ki, jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanının keçirilməsi labüd idi: "Uzun illər idi ki, jurnalistika fakültəsi üçün qabiliyyət imtahanının keçirilməsi üçün təkliflər verilirdi. Düzdür, bu qaydadan hələ 3 il keçib, ona görə də, töhfədən danışmaq hələ tezdir. Jurnalistika fakültəsini bitirənlərin çoxu jurnalistikadan uzaq qaçırdılar. Hətta bəziləri yüksək balla jurnalistika fakültəsinə daxil olduğu halda, bildirirdi ki, birinci yerdə başqa sahəni yazmışdım, oraya balım çatmadı deyə, jurnalistikaya düşdüm. Həmin tələbələr heç vaxt jurnalistika sahəsində çalışmadılar. Bu da jurnalistikaya başqa sahələrdən gələnlərin sayını artırdı. Qabiliyyət imtahanlarından sonra isə jurnalistikaya bu sahəni istəməyən heç kim gəlməyəcək. Fikrimcə, qabiliyyət imtahanları lazımlıdır və bunun nəticəsini bir neçə ilə görəcəyik. Hələki bundan nəticə gözləmək doğru deyil”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli jurnalistika fakültəsi üçün qabiliyyət imtahanının təsdiq olunması ideyasının təsadüfən ortalığa çıxmadığını dedi:
"Qabiliyyət imtahanına ciddi şəkildə zərurət olub, çünki əvvəlki qəbul prosesində narazılıq var idi. Şagirdlər başqa ixtisaslara qəbul ola bilmədikləri üçün jurnalistikaya gəlirdilər. Belə şəxslərin əksəriyyəti də jurnalistikaya daxil olandan sonra bu sahədə çalışmırdı, hansı ki, onların çalışmasına ciddi ehtiyac var idi. Müəllimlərdən, tədris aparan şəxslərdən narazılıqlar gəlirdi ki, tələbələrdə həvəssizlik, ruhsuzluq var. Ona görə də bu prosesin qarşısını almaq üçün qabiliyyət imtahanının tətbiq olunması ideyası ortaya çıxdı. Əsas məqsəd şagirdlərin bu sahəyə marağının yaradılması idi. Maraqla yanaşı həm də jurnalist kimi bacarığı olan insanların cəlb olunması üçün qabiliyyət imtahanları keçirilirdi. Jurnalistika olduqca spesifik bir sahədir. Bəzən olur ki, şagird yüksək bal toplayır, amma onun xüsusi bir bacarığı, danışmaq və yazmaq qabiliyyəti olmur. Bu baxımdan da bütün narazılıqlar nəzərə alınaraq imtahanlar tətbiq olundu. Düzdür, imtahanlar tətbiq olunduğu 1-2 il ərzində müəyyən çətinliklər yaşandı. Çətinliklər isə bu idi ki, jurnalistikaya qəbul olanların sayı azaldı və bəzi univeristetlərdə jurnalistika fakültəsi təxirə salındı, müəllimlər işsiz qaldı. Amma nəticə odur ki, az sayda gələn və kifayət qədər keyfiyyətli jurnalistlər yetişdi. İndi isə jurnalistikaya savadı, bacarığı olan adamlar gəlir. Düzdür, hələ ki, tam keyfiyyətdən danışa bilmirik, çünki proses 3-4 ildir davam edir. Lakin zaman keçdikcə hər kəs qabiliyyət imtahanlarının nə qədər yüksək nəticələr verəcəyini görəcək”.
(Davamı olacaq...)
Yeganə Bayramova
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb