Elə bilirlər çox qazanırlar...
Son vaxtlar media nümayəndələrinin evinin qarət edilməsi və ziynət əşyalarının oğurlanması bir sıra müzakirələr yaradıb. İnsanları maraqlandıran müxtəlif suallar və səslənən fikirlər media əhlinin nə üçün talançılığa məruz qalmalarını gündəmdə saxlayır. Bir qrup şəxslər səbəb olaraq zərərçəkən jurnalistlərin yazıları ilə kimlərinsə "damarına basdıqlarını”, digər qrup insanlar isə bunun sadəcə bir təsadüf olduğunu düşünür.
Bəlkə də jurnalist peşəsi oğruları çaş-baş salır. Onlar jurnalistlərin qazanclarının çox olduqlarını düşünürlər, məhz qarət etmək üçün media nümayəndələrinin evinə üz tuturlar. Təbii ki, hər kəs oğurluq halları ilə qarşılaşa bilər. Bu, həkim də ola bilər, müəllim də, jurnalist də. Sadəcə olaraq media əhlinin ard-arda oğurluq halları ilə qarşılaşması müəyyən suallar yaradır.
Oğruların talançılığına məruz qalan son jurnalist isə aznews.az saytının əməkdaşı Bahar Rüstəmli olub. Jurnalistin evinə girən naməlum şəxslər onun 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Faktla bağlı araşdırmalar aparılsa da, hələlik oğruların kimliyi məlum olmayıb.
Xatırladaq ki, vaxtilə oğruların qarətinə tuş gələn jurnalistlər arasında olke.az saytının əməkdaşı İntiqam Valehoğlu və apa.az saytının əməkdaşı olan Mübariz Aslanov da olub. Hər iki jurnalist son durumlar və oğruların tapılıb-tapılmaması ilə bağlı "Şərq”ə danışıblar.
Oğurluğun kimə qarşı edilməsindən asılı olmayaraq yaxşı bir əməl olmadığını deyən jurnalist İntiqam Valehoğlu oğrulardan sadəcə birinin həbs olunduğunu deyib:"Mənə də maraqlıdır ki, son bir ildə niyə məhz jurnalistlər bu halla tez-tez üzləşirlər? Adamın beyninə bir neçə versiya gəlir. Məsələn, hansısa yazıya görə kimsə qisas məqsədilə bunu edə, yaxud etdirə bilər. Bir tərəfdən də fikirləşirsən ki, bəlkə peşənin adı oğruları çaşdırır, elə bilirlər böyük qazancımız var. Mənimlə bağlı baş verən hadisəyə gəlincə, bəli, oğrulardan biri saxlanılıb, digəri axtarışdadır. Həmin şəxslərdən biri məhəlləmizdə kirayə yaşayan şəxs imiş”.
Jurnalist Mübariz Aslanov isə oğrularla bağlı hələ ki, bir xəbər olmadığını söyləyib:"Oğurluqla bağlı heç bir yeni məlumat yoxdur. Ailə quran zaman həyat yoldaşıma verilən bütün qızılları yığıb apardılar. Amma hələ ki, bir nəticə yoxdur. Heç ipucu da yoxdur. Bir sözlə, nəyimiz var, aparıblar. "İp” də gedib, "it” də”.
Yeganə Bayramova