"Əhalinin bütün təbəqələrinin, xüsusilə yaşlıların, uşaqların və hamilə qadınların pulsuz müayinəsi həyata keçiriləcək”.
Bunu "Sherg.az”a "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncamın mahiyyətini izah edərkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov deyib.
Onun sözlərinə görə, 3 ay ərzində müayinə olunacaq vətəndaşlarda hər hansı xəstəlik aşkarlanarsa, yerində tədbir görüləcək:
"Əyalətlərdə müalicəsi mümkün olanlar yerində, digərlərin isə ehtiyac yaranarsa, Bakıda müalicə olunacaqlar. Bu dispanser müayinə xarakteri daşıyır. Bütün regionların baş həkimlərinə göstəriş verilib ki, əhalinin istənilən təbəqəsi fevral ayının 12-dən müayinələrdən keçsin. Sərəncamın məqsədi gizli və ciddi xəstəliklərin aşkara çıxarılıb, müayinəsinin, müalicəsinin həyata keçirilməsidir. Bir müddət əvvəl Səhiyyə Nazirliyinin rəsmisi vərəm xəstəliyinin yayılması haqqında çıxış etdi. Ona görə, belə irimiqyaslı müayinələrin aparılması önəmlidir”.
Həkim vurğulayıb ki, insanların yaşayış üzrə ərazi poliklinikalarda müayinə edilməsi tələb olunur:
"Qanın ümumi analizindən tutmuş, daxili orqanların minimal aparatlarla ultrasəs müayinəsi, döş qəfəsinin rentgeni və s. kimi ilkin müayinələr həyata keçiriləcək. Bu analizlərdə hər hansı şübhəli hal aşkarlanarsa, xəstələr mərkəzi klinikalara göndəriləcək”.
Əyalətlərdə insanların məlumatlandırılması məsələsinə də toxunan Ş.Məmmədov qeyd edib ki, bu prosedurlar müvafiq icra hakimiyyətlərinin üzərinə düşür:
"İcra Hakimiyyətlərinin və səhiyyə idarələrinin baş həkimlərinin birgə iclasları keçiriləcək. Bundan sonra elan xarakterli müvafiq addımlar atılacaq, insanlar müayinələrə cəlb ediləcək. Bundan əlavə televiziyalarda müayinələrlə bağlı hər gün elanlar səsləndiriləcək”.
Qeyd edək ki, sərəncama əsasən, ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi 2018-ci ilin fevralın 12-dən mayın 12-dək davam edəcək. Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır.
Aysel Aslan