Kasprşikin fəaliyyətində şübhəli məqamlar var

Onun qondarma rejim rəhbərliyi ilə gizli əməkdaşlıq etməsi, separatçılara maliyyə yardımı göstərməsi güman olunur
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. O, Xankəndində Dağlıq Qarabağdakı erməni separatçıların rəhbəri Bako Saakyanla təkbətək görüşüb. Görüşdə təmas xəttindəki vəziyyət "müzakirə” edilib. Kasprşikin problemi İrəvanda erməni rəsmilərlə deyil, tanınmayan qanunsuz rejimin quldur rəhbərliyi ilə üzbəüz müzakirəsi ictimaiyyətdə kəskin etirazla qarşılanıb. Heç bir əsas olmadan tez-tez Qarabağa gələn Kasprşikin vəzifəsindən sui-istifadə etdiyini deyənlər onun əvəzlənməsini tələb edirlər.
Etirazlarla bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, o, Kasprşikin şübhəli davranışları ilə bağlı illər öncə narahatlığını dilə gətirib: "Kasprşik əvəzolunmaz şəxs deyil ki, onu 20 ildən artıqdır eyni vəzifədə saxlayıblar. 
Onun fəaliyyətində şübhəli məqamlar çoxdur. Son dövrlər müəyyən ictimai təşkilatlar, mətbu orqanlar tərəfindən Kasprşik barəsində geniş araşdırmalar aparılır, fəaliyyəti təftiş edilir. Bilmək istəyirik ki, o, kimə və nəyə xidmət edir? Kasprşikin qondarma rejim rəhbərliyi ilə gizli əməkdaşlıq etməsi, separatçılara maliyyə yardımı göstərməsi güman olunur. Çünki tez-tez Qarabağa səfər edir və qondarma rejimin rəhbərliyi ilə təkbətək müzakirələr aparır. Əslində buna ehtiyac yoxdur. Münaqişə ilə bağlı bütün proseslərə nəzarət edən məhz Ermənistan dövlətidir. Kasprşik İrəvana səfər edərək, orada bu məsələlərin müzakirəsini apara bilər. Deməli, onun məqsədi başqadır”.
A.Nağının sözlərinə görə, Kasprşikin Qarabağda qaranlıq və pərdəarxası işləri ola bilər: 
"Bəlkə aldığı sifariş üzərinə Dağlıq Qarabağdakı separatçı rejimi müdafiə etməyə çalışır. O, hər dəfə Qarabağa gedəndə erməni mətbuatı Bako Saakyanı "prezident” kimi təqdim edir. Yəni bir növ qondarma rejimin təbliğatını aparır. Ona görə də rəsmi Bakı məsələyə ciddi reaksiya verməlidir”.
İsmayıl