Kənd təsərrüfatının inkişafı vacibdir: "Fermerin məhsulu bazara rahat şəkildə çıxmalıdır"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində aqrar sahənin inkişafına xüsusi diqqət ayırıb. Prezident deyib ki, Azərbaycanda hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır: "İndi yeni bağlar salınacaq, əkin sahələri böyüyəcək, yəni, burada iş çox olacaq. Azərbaycanda əhali artır və hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır və kənd təsərrüfatını belə genişləndirməklə biz buna nail olacağıq”.

Azərbaycanın maraqlı iqlim şəraitinə malik olduğunu deyən iqtisadçı ekspert Fuad İbrahimov da hesab edir ki, istənilən kənd təsərrüfatı sahəsinin inkişafına nail olmaq olar: 

"Təbii biz bu məsələyə sadəcə gələcək üçün iş yerlərinin açılması prizmasından baxmamalıyıq. Makroiqtisadi göstəricilər və qeyri neft sektorunun inkişafı üçün bu sektor mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının da qeyd etdiyi kimi artıq bu istiqamətdə real addımlar atılmalıdır. Verilən sərəncamlara əməl olunsa, düzgün mexanizmlər seçilsə yüksək nailiyyətlərə nail olmaq olar. 

Nəinki iş yerləri artacaq, hətta Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan verəcək. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi məsələlərinin həllinə də imkan verəcək. Aqrar sahədə məhsuldarlığın yüksəlməsi üçün ən əsası biznes mühiti yaxşılaşdırılmalıdır. Yəni, kənd təsərrüfatı məhsulu istehsal edən fermer öz işində problemlərlə qarşılaşmamalıdır. Fermerin məhsulu bazra rahat şəkildə çıxmalıdır. Nəzərə alaq ki, aqrar sahədə nəticələrə nail olmaq üçün hazır modellər var. Azərbaycana uyğun olan modelin birindən faydalanmaq olar”.

Şəymən