Kərəm Məmmədovun Gürcüstana buraxılmaması siyasi qərardır

Əlibala Əsgərov: “Hər şey Borçalı Cəmiyyətinin ətrafında cərəyan edən proseslərlə bağlıdır”
Xəbər verdiyimiz kimi, tarixçi-alim Kərəm Məmmədov Gürcüstana buraxılmayıb. İyul ayının 29-da ailə üzvləri ilə bərabər Gürcüstan sərhədini keçmək istəyən K.Məmmədov qonşu ölkə ərazisinə daxil ola bilməyib.
Gömrükçülər "Gürcüstan hökuməti səni görmək istəmir” deyə alimə xəbərdarlıq ediblər. Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyinə və aidiyyəti orqanlara müraciət edilib. Lakin hələlik məsələ həllini tapmayıb. Tarixçi mətbuata açıqlamasında Gürcüstana buraxılmamasına səbəb görmədiyini deyib: 
"Mən Gürcüstanın ərazi bütövlüyünü daim dəstəkləmişəm, daxili işlərinə qarışmamışam, hər zaman Gürcüstanın müstəqilliyini arzu etmişəm. İndi nə üçün məni bu ölkəyə buraxmırlar, müəmmalıdır”. 
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Gürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov tarixçi-alim Kərəm Məmmədovun Gürcüstana buraxılmamasının siyasi qərar olduğunu deyib. QHT sədrinin sözlərinə görə, pedaqoji fəaliyyətlə məşğul olan Kərəm Məmmədovun Gürcüstanla bağlı heç bir təhlükəli fəaliyyəti olmayıb: 
"Fikrimcə, qərar siyasidir və Kərəm müəllimin istefasından çox-çox əvvəl verilib. Hər şey Borçalı Cəmiyyətinin ətrafında cərəyan edən proseslərlə bağlıdır. Eyni zamanda Cəmiyyətin təşkilatçılığı ilə keçirilən Elat bayramı ilə əlaqəlidir. İstər Zəlimxan Məmmədli, istərsə də Kərəm Məmmədov, hər ikisi Borçalıda boya-başa çatmış və Borçalını heç də burda yaşayanlardan az sevməyən insanlardır. 
Hər ikisi Borçalının, ümumiyyətlə Gürcüstanın uğuruna sevinən, kədərinə qüssələnən ziyalılardır. Gürcüstanın siyasi iqtidarının aldığı bu qərardan dolayı təəssüf edir və tezliklə müsbət nəticə olacağını səbirsizliklə gözləyirik. Bu qərar Gürcüstanın demokratik imicinə kölgə salmaqla yanaşı, həm də hazırda Azərbaycanda yaşayan 350 min Borçalı kökənli qardaşlarımıza edilən haqsızlıqdır”.
İsmayıl