Məsələ ilə gömrük orqanları, Səhiyyə Nazirliyi maraqlanmalıdır
“Əgər ölkənin özünün istehsalı yoxdursa, əlbəttə ki, dərmanları şirkətlər gətirəcək”
Bu günlərdə Milli Məclisin Səhiyyə Komitəsinin iclası zamanı "Dərman vasitələri haqqında” qanuna dəyişiklik müzakirə edilib. Müzakirədə keyfiyyətsiz, mənşəyi məlum olmayan dərman vasitələrinin Azərbaycana idxalının qadağan olunacağı bildirilib.
İclas zamanı deputat Musa Quliyev bildirib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi daimi diqqətdə olmalıdır: "Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bizi narahat edən məsələlər var. Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir. Sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Buna görə də bəzi hallarda bizim həkimlərin təyin etdiyi dərmanlar o qədər effekt vermir”.
Deputat Rəşad Mahmudov isə deyib ki, keyfiyyətsiz dərman vasitələrindən xilas olmağın yeganə çıxış yolu dünyadakı brend firmalarının dərman vasitələrinə üstünlük verilməsidir: "Çünki brend dərman firmaları öz imiclərinə xələl gəlməsin deyə, keyfiyyətsiz dərman məhsulu istehsal etmirlər”.
Məsələnin dövlət səviyyəsində həll olunmasının vacibliyini vurğulayan həkim-terapevt Şəmsiyyə Namazlı bildirib ki, keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsi həkimlik statusuna aid olan problem deyil. Əgər ölkəyə dərman idxalı varsa, məsələ ilə gömrük orqanları, Səhiyyə Nazirliyi maraqlanmalıdır.
Həkimin sözlərinə görə, ölkəyə gətirilən dərmanlarla bağlı Səhiyyə Nazirliyinin müəyyən standartları var və bu standartların yoxlanılması vacibdir: "Ümumiyyətlə, bu məsələ bizim üçün olduqca mücərrəd və qaranlıqdı. Biz deyə bilmərik ki, həqiqətən də öz imicini qazanmış məşhur firmaların istehsal etdiyi dərmanlar şirkətin zavodunda, yoxsa məlum olmayan yerdə istehsal olunur. Əgər şirkətin öz zavodunda istehsal olunursa, Rəşad müəllimin fikirləri ilə razıyam. Təbii ki, brend şirkətlər adlarına xələl gəlməsin deyə saxta dərmanlar istehsal etməzlər. Əgər bunu edirlərsə də, burda onların gəlirlərinin olub-olmaması sual altındadır”.
Ş.Namazlı həmçinin deyib ki, istər Çində, istərsə də Hindistanda istehsal edilən dərmanlar ucbatından həkimlərin adı ləkələnir. Həkimlər dəqiq deyə bilməz ki, dərman preparatı Çindən gətirilir, yoxsa başqa ölkədən:
"Həkimlərin adına, statusuna xələl gəlir ki, yazdığı müalicənin effekti olmur. Birmənalı olaraq el arasında belə bir fikir yayılıb ki, həkimlər firma dərmanları yazırlar və firmalarla birgə çalışırlar. Bəli, firma dərmanları ölkəyə gətirir. Əgər ölkənin özünün istehsalı yoxdursa, əlbəttə ki, dərmanları şirkətlər gətirəcək. Həkimlər də bu firma dərmanları ilə tanış olur, onun molekulasını, təsir mexanizmini, əks təsirlərini öyrənib yoxlama aparırlar. Nəticədə isə onlar hansı dərmanlara üstünlük verirlərsə, həmin dərmanları da yazırlar”.
Ş.Namazlı eyni zamanda brend dərman firmalarının saxta preparatlar hazırlamasına inanamadığını deyib. Onun sözlərinə görə, əgər imicini qoruyan şirkətlər belə əmələ yol verirlərsə, bu, bütün dünya üzərinə olan bir zərbədir. Həkim həmçinin bildirib ki, hər şeyi maddiyyat həll edir və maddiyyatla əlaqədar olaraq belə bir addım atıla bilər”.
Yeganə Bayramova