"Həkimə normal əməkhaqqı verilməsə, vəziyyətin tam düzəlməsi mümkün deyil"
"Kifayət qədər peşəkar həkim var, amma əlçatan deyil, çünki..." - Müsahibədə maraqlı detallar var
Vaqif Qarayev: "...Onların qəbul qiymətləri, müayinə xərcləri və s. yüksəkdir"
"Həkimə normal əməkhaqqı verilməsə, vəziyyətin tam düzəlməsi mümkün deyil"
"Həkimə normal əməkhaqqı verilməsə, vəziyyətin tam düzəlməsi mümkün deyil"
Pediatr Vaqif Qarayev "Sherg.az”a müsahibə verib. Tanınmış həkimlə səhiyyə sahəsindəki problemləri, mətbuat-səhiyyə münasibətləri, səhiyyənin inkişafı və icbari tibbi sığorta haqqında ətraflı söhbət apardıq.
Müsahibəni təqdim edirik:
-Zaman-zaman mətbuatda həkimlərin qeyri-peşəkarlığı, tibb işçilərinin səhvləri ucbatından baş verən ölüm halları dərc edilir. Amma müsbət tibbi işlərlə bağlı yazılara çox da rast gəlinmir. Sizcə, bu gün mətbuat və səhiyyə arasındakı münasibət necədir?
Mətbuat niyə ancaq neqativ halları paylaşır? Məsələn, kimsə səhiyyədən və ya həkimdən şikayət edir, sosial şəbəkədə yazır. Hər kəs bir ağızdan, haqq-nahaq olduğunu dəqiqləşdirmədən həmin "zərərçəkmiş”i müdafiə edir. Hətta həkimləri qatil, terrorçu adlandırırlar. Adam dəli olmaq dərəcəsinə gəlir. Necə ola bilər ki, ölkənin 10 milyon əhalisi var, xəstəxanalar xəstələrlə doludur, amma ölkədə həkim yoxdu? Bu, məntiqə uyğundurmu?
Tanınmış bir jurnalist ürək problemi ucabtından klinikaya düşmüşdü. Həmkarları vəziyyətinin ağır olduğu haqqında yazılar yazdı, sosial şəbəkədə paylaşımlar etdi. Bu insanın həmin çətin xəstəliyi sağaldıqda isə heç kim bir cümlə belə yazmadı. Bu zaman sual ortaya çıxır ki, bir mənfi hal olan kimi qabardılırsa, belə müsbət örnəklər niyə qabardılmır ? Həmin jurnalisti ağır xəstəlikdən sağaldıb, həyata qaytardılar.
-Bu günlərdə isə mətbuatda həkimin 1300 qramlıq körpəni böyrək əməliyyatı etməsi barədə informasiya yer aldı...
- Bu barədə məlumatım var. Əlbəttə, həmin hadisə rekord idi, lakin qabardılmadı. Axı səhiyyə bizimdir, düşmənin deyil. Niyə səhiyyəmizə düşmən kimi yanaşırıq?
Başqa bir misal da çəkim. Tanınmış yazar xanım sosial şəbəkədə paylaşım edir: "Uşağımın yüksək hərarəti var, düşmür, ölkədə də həkim yoxdur ki, aparaq". Fikirləri səsləndirən kimi 1 dəqiqəyə bu barədə azı 50 paylaşım edilir. 2 saatdan sonra həmin xanım yazır: "Həkimin köməyi sayəsində uşağın qızdırması düşdü, hər şey yaxşıdır" . Bir dənə də münasibət yoxdur. Niyə belədir?
- Bəlkə bu qəzəb ölkədə qeyri- peşəkar həkimlərin insanları inctiməsindən irəli gəlir ?
-Doğrudur, ölkədə həkimlərin peşəkarlıq problemi var, bunun danmaq olmaz. Praktik təbabətin müxtəlif sahələrində çalışan kifayət qədər peşəkar həkim də var, amma əlçatan deyil. Çünki onların qəbul qiymətləri, müayinə xərcləri və s. yüksəkdir.
Həkimlərin qeyri peşəkarlığında medianın qətiyyən günahı yoxdur. Amma həkimlərə, ümumilikdə səhiyyəyə etibarsızlığın yaranmasında medianın fəaliyyəti müqayisə olunmazdır. Şər-böhtan, haqlı-haqsız fikirlər kifayət qədər çoxdur. Bir misal da çəkim. Yazıya başlıq çıxarılıb: "Azərbaycan həkimləri xarici vətəndaşı da öldürdülər". Bu nə yanaşmadır axı? Tutaq ki, bizim vətəndaşlarımız xaricdə əməliyyat keçirib, dünyasını dəyişir. Bunu yerli mətbuat yazırmı?
Xaricdə müalicə alan, əməliyyat olunan hansısa tanınmış şəxs haqqında yazı yazılır. "Dünyasını dəyişən mərhum bir müddət əvvəl xarici ölkədə əməliyyat olunmuşdu”. Buna reaksiya olmur. Sadə bir insan, tanınmayan kimsə eyni problemlə Azərbaycanda əməliyyatdan sonra dünyasını dəyişsə, həkimlərimizi "daşlamağa" başlayırlar.
-Bu yanaşmanı necə yoluna qoymaq olar?
Səhiyyədən yazan jurnalistlərin az da olsa, səhiyyədən məlumatlılığı olmalıdır. Tutaq ki, bu gün səhiyyənin ən modern istiqaməti olan transplantasiya haqqında yazı hazırlanır. Jurnalist bilməlidir ki, qaraciyər köçürülməsindən sonra hansı gözlənilən və gözlənilməyən ağırlaşmalar ola bilər. Biz həkimlər bunu bilirik. Amma yazan jurnalist bunu bilmir, nəticədə belə arzuolunmaz hal yaranır.
Xəstəxanada, əməliyyat zamanı ölüm halları baş verərsə, qohumların iddiaları ortaya atılır. "Filan rayonda həkimlər xəstəni öldürdülər”. Bu, artıq iddia deyil, ittihamdır. Yaxını rəhmətə gedən istənilən insan həkimdən narazı qalacaq, bunun mənəvi psixoloji tərəflərini hamı bilir. Lakin bu fikirlərin mətbuatda belə səsləndirilməsi konkret ittihamdır. Belə yazılar səhiyyəyə, həkimə zərbə vurur.
Heç bir həkim isə belə yazılara görə, jurnalisti məhkəməyə vermir. Lakin belə şər- böhtan yazıldığına görə, rəsmçilər haqdan ölənə də reaksiya vermir. Səhiyyə Nazirliyinin işi-gücü yoxdur, hər yazıya reaksiya versin?
Medianın həkimlərə nə qədər nifrəti varsa, həkimlər də jurnalistlər haqqında ittihamlar səsləndirir. Bu, məni ağrıdır. Çünki peşəkar həkimlər tanıdığım kimi peşəkar jurnalistləri də tanıyıram . Ümumiləşdirib, hər kəsi ittiham etdikdə bu insanı incidir.
Məsələn, idmandan yazan jurnalistlər idmanı, iqtisadiyyatdan yazanlar iqtisadiyyatı az-çox bilirlər Amma səhiyyə və təhsildən yazanlar spesifik xüsusiyyətləri bilmirlər.
Bir müddət əvvəl həkimin sağ ayaq əvəzinə solu kəsməsi gündəmə gəldi. Mən araşdırdım, Amerika həkimlərinin səhvlərindən ibarət paylaşım etdim. Onlarda elə səhvlər var idi, hətta bundan da biabırçı idi. Məni sosial şəbəkədə həmin şəkillərə görə söyürdülər. Amma bu cür təhqirlərə yol verənlərin səhiyyədən anlayışı olsaydı bilərdi ki, dünya praktikasında belə hallar olur.
-Məhkəmə tibbi ekspertiza belə məsələləri araşdırırmı?
Bu da bizim vacib problemlərimizdir. Ölümün dəqiq səbəbini son olaraq, ekspertiza müəyyən edir. Amma əksəriyyət ekspertizaya işləməyə imkan vermir. Meyiti yarmağa belə icazə verməyən mərhum yaxınları var. Əgər ekspertizadan keçməsə, xəstənin ölümündə həkimi necə günahlandırmaq olar? Bunu təbliğ etməliyik ki, səhiyyədə də peşəkarlıq artsın. İnsanlar xəstəni ekspertizaya göndərməlidir.
Araşdırma rəsmi səviyyədə aparılan hadisələrdə ekspertiza mütləq məhkəməyə məlumat verəcək. Ola bilər, hansısa jurnalist ekspertizadan soruşur, məlumat almaq istəyir. Ekspertiza bu məlumatları verməyə bilər. Çünki rəsmi sorğu halları yoxdur.
-Yaxşı həkimlərin əlçatan olmadığını dediniz. Bu problemi necə aradan qaldırmaq olar?
Dünya təcrübəsində praktik təbabətin iki prioriteti var: peşəkarlıq və əlçatanlıq. Peşəkarlıq problemini biz həll etmişik. Cavan həkimlər xarici ölkələrdə təhsil alıb, demək olar əksəriyyət öz sahəsini yaxşı bilir. Amma əlçatanlıq yoxdur. İnsanların ödəmə qabiliyyəti həddindən artıq aşağıdır. Şəhərdə həkimin tək qəbulu bahadır. Müayinə, müalicə, dərmanlar və s. üzərinə gəldikdə isə insanlar bu yükün altından qalxa bilmir. Bu əlçatanlıq artıq həkimdən asılı deyil. Çünki həkim klinikada oturubsa, onun qayda qanunlarına əməl etməli olur, yoxsa işləyə bilməyəcək. İcbari tibbi sığorta mütləq olmalıdır. Hər kəs bu şərtlərdən faydalanmalıdır. Üstəlik, icbari tibbi sığorta tək əhalinin lehinə deyil, həm də həkimə normal xeyir etməlidir. Həkimə normal əməkhaqqı verilməsə, vəziyyətin tam düzəlməsi mümkün deyil.
İnsanlar bəzən belə ifadə işlədir – "filankəs həkim bahalı dərmanlar yazır”. Bu yanaşmanın səbəbi nədir?
Həkim sadəcə resepti yazır. Dərmanların qiyməti baha da olsa, ucuz da olsa, həkim onu yazacaq.
-Bu sahədəki daha bir problem dərmanların keyfiyyəti iləndədir...
- "Firma dərmanları” deyə ifadə var. Bunu anlamıram. Məsələn, dərman bazarında qızdırma üçün nə dərman varsa, istər firmanın, istər kolxozun istehsalı olsun, həkim onu yazacaq. Amma "bu niyə bahadır?" da həkimlik deyil. İnsanlar nə dərmanı istehsal edəni, nə ölkəyə gətirəni, nə də satanı tanıyır. Ancaq həkimi tanıyır, ona görə hədəfdə həkimlər olur. Mən özüm daxil yüzlərlə həkim tanıyıram firmadan bir qəpik də almır, bu dərmanın qiymətinə təsir edirmi? Təbii ki, yox, yenə eyni qiymətə satılır.
Bu gün əsas məsələlərdən biri dərmanın keyfiyyəti və bahalılığıdır. Məsələn, bu gün resept yazıram, dərman satışda var. Bir neçə gündən sonra satışdan qaldırılır. Bir həftədən sonra daha baha qiymətlə gəlir, burada həkim neynəsin?
Yenə qeyd edirəm, bütün bunları aradan qaldırmaq üçün, icbari tibbi sığortanın həkimlər və əhali üçün böyük xeyri var.
-Lakin icbari tibbi sığortanın tam şəkildə tətbiqi bir qədər gecikir. Bu nə ilə bağlıdır, sizcə?
Yevlaxda və Mingəçevirdə artıq pilot layihələr həyata keçirilir. Sığortanın tam şəkildə tətbiqi asan məsələ deyil. Burada böyük mürəkkəbliklər var. İcbari tibbi sığortanı tətbiq etmiş ölkələrdə bunu çox çətinliklə bağlayıb. Amma mütləq həyata keçirmək lazımdır.
İndiyə qədər baş verən bütün xəstə-həkim konfliktlərinin kökündə ödəmə, maliyyə məsələsi durur. Hətta yazıq həkim düzgün etsə belə, xəstə ölürsə, xəstə yaxınlarını bu "yandırır”. Deyirlər, bu qədər xərc çəkdik, pul verdik, amma xəstəmiz sağalmadı. Bir neçə il əvvəl qaraciyər köçürülməsindən xəstə dünyasını dəyişmişdi. Mən dəqiq bilirəm ki, həkim bu prosedura üçün bütün riskləri, baş verə biləcək halları xəstəyə və yaxınlarına izah edib. Lakin bir neçə ay sonra, xəstə dünyasını dəyişdikdə, xəstənin yaxınlarını pulunu tələb edib. Bəs belə olanda həkimin zəhməti hara gedir? Amma sığorta olarsa, xəstə yaxınları deyil, həkimin səhvi olan məqamda sığorta şirkəti bunu tələb edəcək.
-Həkimlər xəstələrin tez-tez müayinələrdən keçməsini məsləhət görür. Burada ən yaxşı variant isə "check-up” müayinələrdir. Amma yenə də bu müayinələrin baha olması gündəmə gəlir. Bunu necə əlçatan etmək olar?
"Check-up” çox vacibdir. Lakin yenə həmin məsələyə gəlib çıxırıq ki, xəstə bu müayinənin pulunu ödəyə bilmir. Bəzən isə pasiyent özü xahiş edir ki, mən bütün orqanizmimi yoxlatmaq istəyirəm. Bu başqa məsələdir.
Konkret bir problemə görə də "check-up” müayinələr var. Bunlar fərqli şeylərdir.
İcbari tibbi sığorta bu məsələdə də müsbət həll edici addım ola bilər. Məsələn, Gürcüstan təcrübəsindən çıxış etsək, orada ucqarları çıxmaq şərti ilə demək olar, bütün xəstəxanalar özəldir. Doğulandan, dünyasını dəyişənə qədər hər kəs isə tibbi sığortalıdır. Bu, həm həkim, həm də xəstələr üçün əlverişlidir. Bizdə də bu həyata keçirilə bilər.
Hazırladı: Aysel Aslan