Kimisi ancaq həkim, kimisi də hüquqşünas olmaq istəyir

600-dən yuxarı bal toplayanların “kəsilməsinə” görə heç kimi ittiham etmək olmaz
Bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 4 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Bu olay cəmiyyətdə ciddi rezonans doğurduğundan Dövlət İmtahan Mərkəzi məsələyə (DİM) aydınlıq gətirib. DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, həmin abituriyentlər ixtisas seçimi zamanı ərizələrində yalnız dövlət sifarişli plan yerləri yazıblar.
Yəni, həmin abituriyentlər yalnız həmin ixtisas üzrə ödənişsiz təhsil almaq istəyib və başqa ixtisas üzrə oxumaq istəməyiblər. Halbuki hər bir abituriyentə imkan verilir ki, ixtisas seçimi zamanı ərizəsində 15-ə qədər ixtisas kodunu qeyd etsin. Yüksək bal toplayaraq heç bir yerə qəbul olmayan həmin abituriyentlər də ya bir ixtisas seçib, ya da ancaq dövlət sifarişli yerlər yazdıqları üçün bal uyğun olmadığından müsabiqədən keçməyiblər.
Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, buna səbəb abituriyentlərin düzgün ixtisas seçimi etməmələridir: 
"Onlar kodlaşdırma zamanı keçənilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə bildirirdim ki, təkcə ötənilki deyil, 2 il əvvəlki nəticələrə də baxın. III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər. I ixtisas qrupunda 350 baldan yuxarı 23 nəfər, II ixtisas qrupunda 350 baldan yuxarı 31 nəfər, III ixtisas qrupunda 350 baldan yuxarı 192 nəfər, IV ixtisas qrupunda 350 baldan yuxarı 73 nəfər kəsilib. Biabırçı vəziyyətdir”.
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı da Sherg.az açıqlamasında deyib ki, bu, abituriyentlərin ancaq bir ixtisasa sahib olmaq həvəsi ilə bağlıdır. Ona görə də onların kəsilməsinə görə, universitet rəhbərlərini və DİM-i ittiham etmək doğru yanaşma deyil: 
"Kimisi ancaq həkim, kimisi də hüquqşünas olmaq istəyir. Bu ixtisas üzrə də topladığı bala uyğun ali məktəbləri kodlaşdırır. Plan yerləri az olduqda isə keçid balları qalxır və həmin abituriyent qəbul ola bilmir. Bu bala sahib abituriyentlər biri-birinə yaxın fərqli ixtisaslar və universitetlər yazanda həmin yerlərdən birinə mütləq qəbul olur, ancaq konkret bir ixtisasın üzərində dayananda bu cür halla üzləşir. Belə faktlar dünyanın bütün ölkələrində var. Ancaq 2-ci mərhələdə həmin abituriyent istəsə, fərqli ixtisasları yazıb keçə bilər”.
Professorun sözlərinə görə, hüquq ixtisası məhdud universitetlərdə olduğu üçün yerlər məhdud olur. Məhz bu səbəbdən də tələbələr seçim edərkən plan yerlərini nəzərə almalıdırlar.
Gənc şair Şəhriyar del-Gerani də özünün feysbuk səhifəsində məsələ ilə bağlı fikirlərini bölüşüb. Hüququn pulsuzunu yazan abituriyentin məntiqlə intellektual, cəsarətli, savadlı və maddiyyən kasıb biri olmasını vurğulayan şairin sözlərinə görə, adıkeçən fakültənin aqibəti hamıya bəllidir: "Bu cür xırda manipulyativ maneələrlə, mexaniki baryerlərlə bir savadlı abituriyenti, elm yolunda ilk addımlarını atmağa cəhd edən yeniyetməni bədbəxt etmək olmaz. 
Bu, böyük mənada kitablı adamları sındırmaqdır bir növ. Xahiş edirəm dostluğumda olan birbaşa, yaxud dolayısıyla aidiyyəti üzrə kim varsa, bu məsələyə diqqət yetirsin. Bəlkə də ilk oxunuşdan adi görünə bilər, amma çox həssas və ciddi məsələdir. İstəyirəm necəsə, nə təhərsə həmin abituriyent(lər)ə kömək edək. Belə "anekdotvari” işlər ölkədə elm adına, təhsil adına bütün qurumların imicinə zərbədir”.
Şəymən