Kinoseanslara gedən tamaşaçıların sayı artıb

“Tamaşaçını nədəsə ittiham eləmək lazım deyil, zəhmət çəkib işi peşəkarlara vermək lazımdır”



Azərbaycanda kinoteatrların sayının azalmasına baxmayaraq, kinoseanslara gedən tamaşaçıların sayı çoxalıb. 2005-ci ildə kinoteatrlara 115,4 min nəfər gəlsə də, 2016-cı ildə onların sayı 469,6 min nəfər yüksəlib. Onların əksəriyyəti özəl kinoteatrları seçiblər. Ötən il 340,2 min nəfər özəl kinoteatrlarda kinoya baxıb.

Tamaşaçıların kinoseanslara olan marağının artmasının sevindirici hal olduğunu deyən tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov kino sənətinin peşəkar insanlara həvalə olunmasını da diqqətə çatdırdı: 

"Mən heç vaxt heç bir tamaşaçını günahlandırmıram. Çünki bizim buna nə mənəvi, nə də hüquqi haqqımız var. Paralel bir misal gətirim, "Qarabağ” futbol komandası son uğurlara imza atmamışdan qabaq stadiona heç kəs getmirdi. İndi isə yüz minlərlə insanları futbola qaytara bilmişik. Çünki tamaşaçılarda artıq maraq və həvəs var. Tamaşaçını nədəsə ittiham eləmək lazım deyil, zəhmət çəkib işi peşəkarlara vermək lazımdır. Kino, teatr sənəti peşəkar adamların əlində olmalıdır. Sənətin baxımlılıq səviyyəsi qaldırılmalıdır.

Moskvada 60-a yaxın kinoteatr var, aylarla bilet tapmaq olmur. Əvvəllər də belə idi, indi də belədir. Bizdə isə qaçanın arxasıyca heç kim getmir. Bu mənada mədəniyyətimizə qarşı kompleks yanaşma dəyişməlidir. Biz tarixi, ənənəsi, milli-mənəvi dəyəri olan bir xalq kimi özümüzü və gələcək nəsillərimizi qorumalıyıq.

 Bunun da ən gözəl vasitəsi başda televizor, kino, teatr olmaqla KİV-lərdir. Hər şey mütləq peşəkar, məsuliyyətli olmalıdır. Bilinməlidir ki, kim kino çəkə, kim mahnı bəstələyə bilər. Yoxsa kütləvi şəkildə kimin hardasa qohumu var, gedib kinoya çəkilir, konsertlər verir. Belə şey olar? O şey ki, milli-mənəvi dəyərlərlə, tariximizlə və əxlaqımızla bağlıdır, mütləq dövlət nəzarətində olmalıdır”.

Yeganə Bayramova