Konfliktoloq XİN-i sərt tənqid etdi: "Dişsiz və qorxaq bəyanat idi"



"ATƏT-in Minsk qrupu yaranandan bu günə kimi erməni təcavüzünü pərdələməklə məşğul olub”.

Bunu Sherg.az-a ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 18 may tarixli bəyanatını şərh edərkən Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev deyib. 

O bildirib ki, 1992-ci ildə Minsk qrupu yaradılandan sonra Azərbaycan torpaqlarının işğal olunması da bunun sübutudur:

"Minsk qrupu yaradıldı ki, Azərbaycanın o zamankı daxili işi qısa müddət ərzində həll olunsun. Amma həmin il mart ayından sonra bütün Qarabağ torpaqları, Şuşa, Dağlıq Qarabağın ətrafındakı 7 rayon işğal olunub. Bütün bunlar baş verən belə sözlər ifadə olunurdu ki, Minsk qrupu atəşkəsin pozulmasından, hərbi əməliyyatların başlanmasından narahatdır, tərəfləri danışığa çağırır. Eyni standart bəyanatlar o zaman da verilirdi. Tarix də göstərdi ki, Minsk qrupu, onun həmsədrlik institutu sadəcə işğalı pərdələməklə məşğuldur. 

Son illəri isə, onlar birmənalı şəkildə erməni tərəfinin vəkili kimi çıxış edir. Son bəyanatların səbəbi isə onların indiki yaranmış status-kvodan çıxış edərək bəyanat verirlər. Həmsədrlər bizim kimi düşünmürlər ki, ermənilər Azərbaycanın 20 faiz ərazisini işğal edib, ağır silahlarını, raket sistemini onun torpaqlarına yerləşdirib. Hər iki tərəf atəşkəsə razılıq verib, indi isə atəşi kim pozubsa, onu günahlandırmalıyıq. Minsk qrupu üçün sadəcə real vəziyyət budur. İşğal olunan ərazilər kimindir, işğalda illərdir saxlanılır, etnik təmizlənmə olub, düşünmürlər. 

Belə arqumentlərdən deyil, real vəziyyətdən çıxış edib, deyirlər ki, Azərbaycan hərbi qüvvələri, təmas xəttinin digər hissəsindəki texnikanı vurub. Erməni tərəfi də buna cavab verib. Sonra isə həmsədrlər tərəfləri çağırır ki, belə öhdəlik götürmüsünüz, yerinə yetirməlisiniz. Onların yanaşması budur. Buna qarşı  Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı isə "dişsiz” və qorxaq bəyanat idi. Bu, heç də həmsədrlərin verdiyi bəyanatlara lazımı cavab deyil.

Aysel Aslan