"Konstitusiya dövlətin mahiyyətini və milli maraqları qorumağın yolunu göstərir" - Deputat





"Azərbaycan Respublikasının konstitusiyası dövlət müstəqilliyinin əsas göstəricilərindən biridir”.

Bu barədə "Sherg.az”a 12 noyabr Kostitusiya günü barəsində danışarkən millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, konstitusiya icra olunduğu dövlətin mahiyyətini, həmin ölkənin vətandaşlarana dövlət tərəfindən göstərilən münasibəti və milli maraqları qorumaq üçün seçilən yolu göstərir:

"Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə qazansa da, onun ilk dövlət konstitusiyası 1995-ci ildə qəbul olunub. 1994-cü ildə həmin dövrün ölkə başçısı olan ulu öndər Heydar Əliyevin rəhbərliyi ilə konstitusiya komissiyası yaradılıb. Həmin komissiya uzun müddət fəaliyyət göstərərək 1995-ci il noyabr ayının 12-də ölkədə referendumla konstitusiya qəbul olundu. 

Sonralar konstitusiyaya üç dəfə əlavə və dəyişikliklər üçün referendum keçirilsə də, lakin onun əsas mahiyyəti olduğu kimi qalıb. Azərbaycan hüquqi, demokratik dövlətdir, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, ölkədə sahibkarlığa dəstək verilir, insan hüquq və azadlıqlarının müdafiəsi təmin edilir və.s kimi baza maddələri olduğu kimi qalır. 

Amma sonradan 2002, 2009, 2016-cı illərdə keçirilən referendumlarda həmin müddəalar daha da konkretləşdirilib. Bununla da Azərbaycan Respublikası bir daha öz demokratik mahiyyətini göstərdi. Konstitusiya Azərbaycanın milli maraqlarını bəyan edir və onun qorunma yollarını ortaya qoyur. Konstitusiya ölkə vətəndaşlarının hüquq və azadlıqılarını maksimum şəkildə ortaya qoruyur. 

Konstitusiya maddələrinin real həyatda tətbiq olunması üçün bu sahədə müvafiq mexanizm yaradılıb. Eyni zamanda ölkədə Konstitusiya Məhkəməsi var. Və ona həm adi vətəndaşların, həm də dövlət orqanlarının müraciət etməsi mümkündür. Konistutusiyamızın 23 illik ömrü müstəqil Azərbaycan tarixinin şərəfli illərinin bir hissəsi hesab edilə bilər”.


Qeyd edək ki, 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında Azərbaycan Respublikasının konstitusiyası qəbul olunub.

Kənan Eynuroğlu