"Çünki hər kəsin cəmiyyətə yararlı olmaq kimi bir vətəndaşlıq borcu var"
"Hansısa vətəndaş bir işin öhdəsindən gələ bilmirsə, heç bir gəliri olmadığı halda şəxsi maraqları üçün kredit götürürsə, nə üçün dövlət həmin kreditləri ödəməlidir?"
Problemli kreditlərə güzəştin verilməsi yenə də müzakirə olunan mövzulardandır. Gürcüstan hökumətinin problemli kreditləri bağışlaması qərarından sonra ölkəmizdə də belə bir addımın atılması gündəmə gətirilib.
Kreditlərin qaytarılması ilə bağlı problemlər daha çox dollarla götürülən valyuta ilə bağlıdır. Bir sıra ekspertlər məsələnin həllinə dair müəyyən təkliflər də səsləndiriblər. Belə ki, vətəndaşların dollarla götürdükləri kreditlərin bir hissəsinin dövlət tərəfindən ödənilməsi təklif edilirdi. Bəs, indiki şəraitdə belə bir addımın atılması mümkündürmü?
İqtisadçı-ekspert Fuad İbrahimovun "Şərq”ə açıqlamasına görə, sahibkarlar və fiziki şəxslər götürdükləri kreditləri qaytara bilmədikləri üçün bank bu öhdəliyi yerinə yetirə bilmir. Nəticədə böyük bir problem yaranır:
"Ölkəmizdəki problemli kreditləri qruplara bölmək əsas şərtdir. Çünki dollarla götürülən kreditlərə qarşı dövlət tərəfindən təbii ki, hansısa köməklik göstərilməsi lazım idi. Əgər bunu etməsələr, problemli kreditlərin getdikcə çoxalması və bəzi bankların bağlanması, eyni zamanda sahibkarların məhkəməyə verilməsi baş tutacaq. Elə vətəndaşlar var ki, depozit hesablarını banka qoyublar. Onlar pullarının sığortalı hissəsini götürə biliblərsə, digər hissəsini götürə bilmirlər. İstehlak krediti götürən vətəndaşlar da var.
Məsələn, kimsə gedib nəqliyyat vasitəsi, ya da televizor alır və kreditini ödəyə bilmir. Yaxud həmin vətəndaş istehlak adı ilə krediti götürür və gedib şəxsi işlərini həll edir. Ona görə də araşdırma aparıb kreditləri bölmək lazımdır. Şübhəsiz ki, öz gücünü düzgün hesablamayan insanların ödəyə bilmədikləri kreditlər dövlət tərəfindən ödənməli deyil. Çünki hər kəsin cəmiyyətə yararlı olmaq kimi bir vətəndaşlıq borcu var. Hansısa vətəndaş bir işin öhdəsindən gələ bilmirsə, heç bir gəliri olmadığı halda şəxsi maraqları üçün kredit götürürsə, nə üçün dövlət həmin kreditləri ödəməlidir?”.
İqtisadçı bildirib ki, zamanında Maliyyə Nazirliyi Mərkəzi Bank vasitəsilə dollarla verilən kreditlərin qarşısını almalı idi:
"Bu hal baş vermədi və ona görə də belə böyük problemlər yarandı. Məsuliyyətsiz vətəndaşlara gəldikdə isə onların kreditlərini ödəyə bilməsi üçün dövlət tərəfindən güzəştlər olunmalı deyil. Dövlət və banklar yalnız bir güzəşt edə bilərlər. Bu da kreditlərin müddətinin uzadılmasıdır.
Bəzi şəxslər sahibkarlıq fəaliyyəti adı altında irihəcmli kreditlər götürürlər. Lakin onların gördükləri iş bəllidir. Təbii ki, belə vətəndaşlar məsuliyyətə cəlb olunmalıdırlar. Bu, artıq iqtisadi cinayətkarlıq hesab olunur. Əgər dövlətin dollarla olan kreditlərə müdaxiləsi olarsa, mövcud problem qurtaracaq. Əks təqdirdə problemli kreditlər daim uzanacaq və digər bankların da bağlanmasına şərait yaranacaq”.
Yeganə Bayramova