Kreml bacarmaz...

ABŞ-ın intellektual mövqeyinə zərbə vurmaq asandır, ancaq...
... Bu zərbənin ikiqat təsirləri məhz Rusiyanın özünə dəyə bilər


Rusiyanın Siyasi-İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Vasili Koltaşov ABŞ-ın Moskvaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı təklif irəli sürüb. Ekspert bildirib ki, Rusiya müxtəlif üsullarla Amerikanın sanksiyalarına öldürücü zərbə vura bilər: "Rusiya olduqca sərt cavab tədbirləri görməlidir. Hazırki dövrdə diplomatların deportasiyası, yaxud diplomatik nümayəndəliklərin bağlanması effektiv deyil. Cavab assimetrik olmalıdır. Əks halda, Rusiya özünü zəif göstərər”. Koltaşov vurğulayıb ki, Rusiya ABŞ-ın intellektual mövcudluğunu ölkədə qadağan edə bilər: "Rusiya bütünlüklə "Maykrofost”dan imtina etmək gücünə malikdir. Birbaşa yerli sistemə keçə bilər. Hansı ki, Müdafiə Nazirliyi hazırda ondan istifadə edir”.

Koltaşovun təklifini "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, dünyadakı internet şirkətlərinin hamısı Amerikanın inhisarındadır. Analitikə görə, qısa zamanda buna bənzər internet sistemlərini qurmaq çox çətindir, hətta mümkünsüzdür: 

"Qərb ölkələrinin texnologiyası Rusiyaya bəlli deyil. Rusiya şirkətlərinin yaradacağı hər hansı internet sistemi ancaq ölkə daxilində istifadə olunacaq, dünyaya çıxış imkanları zəif olacaq. Ölkə daxilində bütün sahələrdə yeni sistemin tətbiq edilməsi ayrıca problem deməkdir. Sadəcə bir dövlət çərçivəsində internetin bütün sahələrini ayrı-ayrılıqda təsis etmək və fəaliyyətini qurmaq səmərəsizdir. Amerikanın intellektual mövqeyinə zərbə vurmaq asandır, amma bu zərbənin ikiqat təsirləri məhz Rusiyanın özünə dəyə bilər. Ona görə də, Moskvanın beynəlxalq internet sistemlərindən imtina edəcəyini zənn etmirəm. Müdafiə sistemlərində şifrəli internet sistemlərindən yararlanmaq mümkündür və Rusiyanın müvafiq qurumu bunu həyata keçirir. Çin də öz müdafiə sistemlərini beynəlxalq internet sistemlərindən uzaqlaşdırmağa çalışır. Lakin hələlik tam nail olmayıblar”.

İsmayıl