Keçmiş sovet məkanındakı bütün problemlərin qaynağı Rusiyadır
"1992-ci ildə Qarabağa dair Minsk Qrupu yaradıldı, ancaq münaqişə həll olunmaq əvəzinə, Azərbaycanın əlavə rayonları da zəbt edildi”. Bunu Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma deyib. Sabiq rəhbər Ukrayna məsələsi ilə bağlı imzalanan Minsk protokolu da əhəmiyyətsiz sənədə dönüb. Onun sözlərinə görə, post-sovet ölkələrində mövcud olan bütün münaqişələrin baiskarı Rusiya və onun rəhbərliyidir:
"Normand dördlüyü” tərəfindən imzalanan protokolun yerinə yetirilməməsinin tək səbəbi Putindir. Minskdə dörd dövlət başçısı görüşdü, onlardan ən nüfuzlusu Merkel sinəsini qabağa verib Ukraynanı müdafiə etdi. Niyə liderlər mətbuat qarşısına çıxıb birgə bəyanatla çıxış etmədilər? Ona görə ki, sənədin yerinə yetiriləcəyinə əmin deyildilər”. Kuçma bildirib ki, indiki şəraitdə mövcud formatları dəyişdirməklə problemləri həll etmək mümkün deyil: "Hər şey ancaq bir adamdan - Putindən asılıdır. Avropalıların Rusiyanı güzəştə getməyə məcbur etmək üçün mexanizmləri varmı? Düzü, mən buna şübhə edirəm. Ticarət sanksiyaları Rusiyaya problem yaratsa da, nəticə vermədi”.
Keçmiş prezidentin söylədiklərini "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, Leonid Kuçma məsələnin məğzini çox yaxşı açıb. Ekspertin fikrincə, keçmiş sovet məkanındakı bütün problemlərin qaynağı Rusiyadır:
"Kuçma proseslərdən xəbərdardır. Təcrübəli siyasətçi münaqişələrin həlli məqsədi ilə yaradılmış qurumların səlahiyyətsiz və əhəmiyyətsiz olduğunun fərqindədir. Dağlıq Qarabağ münaqişəsinə yaxından bələd olan hər kəs bilir ki, kilidin açarı Moskvanın əlindədir. Ona görə də Minsk Qrupundan təsiredici addım gözləmək yersizdir. Onlar vəziyyəti obyektiv qiymətləndirmirlər. Minsk Qrupu sonuncu bəyanatında əvvəllər işlətdiyi "işğal edilmiş torpaqlar” ifadəsini dəyişib və "işğal” sözünü oradan çıxarıb, sadəcə torpaqları qalıb. Bu, biabırçılıqdır. Beynəlxalq təşkilatlar ikili standartlardan azad olmayana qədər subyektiv fikir səsləndirməkdə davam edəcəklər. Yaradılan əksər formatların içində Rusiyanın nümayəndəsi yer alır. Moskva isə öz nümayəndəsi vasitəsi ilə istənilən qurumun işini tormozlayır, süni əngəllər yaradır. Qərbin daha cəsarətli davranmasına ehtiyac var. Əfsuslar olsun ki, hələlik bunu müşahidə etmirik”.
Ekspert bildirib ki, Rusiyanı beynəlxalq bank sistemindən çıxarmadan bu ölkənin maliyyəsini iflic etmək mümkün deyil:
"Qərbin sanksiyalarının tamamilə nəticəsiz olduğunu söyləmək ədalətsizlik olar, müəyyən qədər səmərə verib, amma istənilən nəticəni verməyib”.
İsmayıl