Liderlərin görüşündən çox şey asılıdır - Suriyada koordinasiya tədbirləri həyata keçirməlidir

“Yalnız bu halda proses hərbi müstəvidən siyasi müstəviyə keçə və bununla da ümumi həll bərqərar oluna bilər”



"Bölgədə, eləcədə, Suriya və İraqda vəziyyət hələ də gərgin olaraq qalır”. Bu barədə "Sherg.az”a sentyabrın 7-də keçiriləcək Rusiya-İran-Türkiyə üçtərəfli görüşünün əhəmiyyətini izah edərkən "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin rəhbəri, politoloq Azər Rəşidoğlu söyləyib. O vurğulayıb ki, hazırda İran və Rusiyanı birləşdirən cəhətlərdən biri də ABŞ-ın sanksiyaları ilə qarşı-qarşıya olmalarıdır:

 "Suriya və İraqda mövcud olan terrorçu qrupları zərərsizləşdirmək lazımdır. Ən müxtəlif terror qrupları müxtəlif ölkələrin maraqlarının ifadəçisidir. Söhbət daha çox ABŞ, Rusiya, Türkiyə və İrandan gedir. Rusiya, İran və Türkiyə Suriya məsələsində üçtərəfli siyasi dialoq aparıblar. Amma vəziyyət dəyişməz olaraq qalır. Suriyada qarant ölkələr rolunda çıxış edən Rusiya, İran və Türkiyənin silahlı qüvvələri bölgədə koordinasiya tədbirləri həyata keçirməlidir. Yalnız bu halda proses hərbi müstəvidən siyasi müstəviyə keçə və bununla da ümumi həll bərqərar oluna bilər.

Bölgədə silahlı qüvvələrin məhdudlaşdırılması, xarici ölkələrin hərbi təmsilçilərinin say etibarilə azaldılması kimi problemlər qalmaqdadır. İranın da bölgədə öz maraqları var. Danışıqlar nəticəsində Suriyada dinc zonaların möhkəmlənməsi qərara alınıb. Eləcə də, hazırda bölgədə Hizbullah dəstələrinin mandatı İranın əlindədir. Bu baxımdan Rusiya, Türkiyə və İranın ümumi razılığa gəlməsi vacibdir. Ərdoğan, Putin və Ruhaninin görüşündən və Soçidə qəbul ediləcək qərarlardan çox şey asılı olacaq”.

A.Rəşidoğlunun sözlərinə görə, bu üç ölkənin ən problemli məqamlar ətrafında konsensusa gələcəyi ilə bağlı gözləntilər böyükdür: "Maraqlısı odur ki, hər üç ölkə Suriya böhranının həllinə fərqli prizmalardan yanaşır. Türkiyə və İran Qətər böhranı, eləcə də İraq Kürdüstanında baş verən hadisələr fonunda bir-biri ilə yaxınlaşdılar. Türkiyə ilə Rusiya isə təyyarə böhranından sonra münasibətləri normalaşdırmağa imkan tapdılar. Ən arzuolunmaz vəziyyətdə olan dövlət Amerikadır. ABŞ-ın düşməni hesab edilən İran NATO üzvü olan Türkiyə və Rusiya ilə danışıqlar stolu arxasında əyləşir. Suriyanın şərqində Vaşinqtonun müttəfiqləri də vəziyyətlə əlaqədar ciddi narahatçılıq keçirirlər. Bu baxımdan, sentyabrın 7-də keçiriləcək üçtərəfli görüşün önəmi böyükdür”.

Qeyd edək ki, Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş Təbriz şəhərində planlaşdırılıb. Zirvə toplantısında Suriya məsələsi başda olmaqla bir çox regional məsələlər müzakirə ediləcək.

Aysel Aslan