Son illər magistral yolların tez-tez çökməsi, dağılması artıq adi hala çevrilib. Ekspertlər bu məsələyə birmənalı münasibət bildirmirlər. Bəziləri yolların dağılmasını dövlət qurumlarını işini düzgün qurmaması, bəziləri isə infrastrukturun yaradılmasından sonra nəzarət mexanizminin düzgün aparılmaması ilə əlaqələndirirlər. Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, dosent, coğrafiya üzrə fəlsəfə doktoru Starə Tarixazərin "Şərq”ə açıqlamasına görə, yollarda bu çatların yaranmasının və sürüşmə-çökmə proseslərinin baş verməsinin əsas səbəbləri yolun tikintisi zamanı yamacların kəsilməsi, onlarda bərkitmə işlərinin aparılmaması və drenaj sistemlərinin yaradılmamasıdır:
"Vaxtında infrastruktur qaydalarına əməl olunmadığı üçün qurunt suları üzə çıxır. Asfaltın altından keçən qurunt suları torpağı yuyur və nəticədə uçqun təhlükəsi yaranır. Asgaltın altında torpaq olmadıqdan sonra çökmə əlbəttə ki qaçılmaz olur. Bu işlə məşğul olan qurumlar əvvəlcədən bilməli idi ki, kəsilən yamacların hamısı bir gün sürüşməyə təkan verəcək. Halbuki yol tikintisi zamanı əvvəlcə layihə hazırlanır və aidiyyatı üzrə bütün dövlət qurumları həmin layihəyə cəlb edilir. Baş verən sürüşmə və uçqun halları isə onu deməyə əsas verir ki, əslində işlər layihədə göstərildiyi kimi icra olunmur. Yəni, dövlət qurumları arasında rabitəsizliyin olması, sonra magistiral yolun çökməsinə səbəb olur”.
S. Tarixazərin sözlərinə görə hazırda risk altında olan avtomobil yolları arasında Quba-Xınalıq, Quba- Təngəaltı, Quba- Qonaqkənd yollarında daha təhlükəli vəziyyət yaranıb:
"Biz yay aylarında həmin əraziyə ezam olunub, monitorinq keçirtdik. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də və Bakı- Şamaxı- Muğanlı, Şamaxı- Pirqulu- Dəmirçi avtomobil yollarında da təhlükəli vəziyyət yaranıb. Bu avvtomobil yollarının asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib. Cənub bölgəsində, Masallı- Lerik- Yardımlı yolunda keçirdiyimiz monitorinqlərə görə bu yolda elə bir ciddi sürüşmə gözlənilmir. Yamaclarda xırda uçqunlar qeydə alsaq da, ciddi bir təhlükə hiss etmədik. Ən riskli yollardan biri də Gəncədən Göygölə gedən yol, Gəncə-Hacıkənd avtomobil yoludur. Orada da sürüşmə və uçqunlar geniş yayılıb. Hansı ki, bu ərazidə turizm zonası hesab olunur”.
Coğrafiya üzrə fəlsəfə doktorunun fikrincə sadalanan bu təhlükələrin Azərbaycanda turizmin inkişafına və ölkənin regionlarına turist axınına mane olmasının qarşısını almaq üçün peşəkar geoloqlar və mühəndislər bu bölgələrə ezam olunub qurunt sularının səviyyəsini öyrənməlidir:
"Kəsilən yamacları bərkitmək üçün istinad divarları tikilməli, drenaj sistemləri yaradılmalı və qurunt suları bu sistem vasitəsilə götürülməlidir. Yaxud da kəsilən yamaclarda ağac, kol əkilməlidir ki, onların kökü torpağı bərkitsin”.
Starə xanımın fikrinə görə, əgər yaxın vaxtlarda yeraltı su sızmasının qarşısının alınması, torpağa olan təzyiqin azalması və burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralovun Trend-ə açıqlamasına görə, Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub. Ekspedisiya rəisi deyib ki, oktyabr ayında Quba rayonu, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində aparılmış müşahidələrə əsasən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub, yol boyu uçqun-töküntü və oturma prosesləri müşahidə edilib. Yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib: "Bundan başqa, Xızı rayonu, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolu boyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib”.
Şəymən