Maliyyə bazarının inkişafı ilə bağlı qanun hazırlanır

Bu addım bank, sığorta və kapital bazarında nəzarətin artırılması və vahid qanunla tənzimlənməsinə hesablanıb




Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlandığını deyib.

Palata sədrinin sözlərinə görə, problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyasına həsr olunmuş qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq. "Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin analitiki, maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, kapital bazarının müasirləşməsi çərçivəsində 2011-ci ildən etibarən "Qiymətli kağızlar bazarı haqqında” qanun hazırlanıb və 2015-ci ildə qəbul edilib: "Son bir ildə isə bazarın fəaliyyətini tənzimləyən qayda və standartlar təsdiq olunaraq bazarın arxitekturası yenidən formalaşdırılıb. Bu çərçivədə investisiya şirkətləri, MDM və BFB-nin fəaliyyəti qanuna uyğun olaraq yenidən formalaşıb. Əməliyyatların şəffaflığını və surətini təmin etmək üçün yeni əməliyyat platforması yaradılıb və fəaliyyətə salınıb. Bu çərçivədə kapital bazarına nəzarət və onun tənzimlənməsi sistemi formalaşdırılıb”.

İqtisadçı-ekspertin sözlərinə görə, ümumi maliyyə bazarlarının tənzimlənməsi və nəzarətini təmin edəcək yeni qanun layihəsi bank, sığorta və kapital bazarında nəzarətin artırılması və vahid qanunla tənzimlənməsinə hesablanıb: "Bu bazarlar biri-birinə bağlı olduğu üçün bazarın yeni tələbinə uyğun tənzimləmə mexanizmasının yaradılması nəzərdə tutulur. Əlavə olaraq problemli kreditlərin idarə olunması ilə bağlı layihə üzərində işlənilir. Məncə, burada problemli kreditlərin bir fonda toplanaraq "vahid çətir” altında toplanması nəzərdə tutulur. Hazırda layihələrin tam detalları olmadığı üçün bazara təsirini müzakirə etmək bir az çətinlik yaradır”.

Şəymən