Hal şahidlərinə daha ehtiyac qalmayacaq
Fərqli alternativlər düşünmək lazımdır: “Məsələn, axtarış zamanı videoçəkilişin olması daha effektli sübut sayılacaq və şübhələrə yer qalmayacaq”
Milli Məclisin iclasında "Məhkəmə və hakimlər haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Qanunun müvafiq maddələrinə edilən düzəlişlərə əsasən, bundan sonra hüquq-mühafizə orqanları hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirə biləcəklər. Axtarış və müsadirə prosesləri isə videoçəkilişlə qeydə alınacaq.Təklif edilən layihə səsə qoyularaq qəbul olunub.
Dəyişikliyi "Şərq”ə dəyərləndirən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, hal şahidləri institutu normal fəaliyyət göstərmir. Ekspertə görə, artıq cəmiyyətdə hal şahidlərinə ciddi etimadsızlıq var:
"Axtarış zamanı hal şahidlərini tapmaq istintaq orqanlarının operativ hərəkətinə mane olur. Bəzən bir çox proseslərdə hal şahidləri eyni adamlar olurlar və müəyyən qurumlara bağlı "fəaliyyət” göstərirlər. Ona görə də bu institutun cəmiyyət içində nüfuzu aşağı düşüb. Dəyişiklikdən öncə hal şahidlərinin istintaqda iştirakı məcburi idi. Əgər istintaq hərəkətlərində hal şahidləri iştirak etmirdisə, əməliyyat hüquqi baxımdan sübut sayılmırdı. Artıq bu maneə aradan qaldırılıb”. Ə.Nuriyevin fikrincə, hal şahidləri ilə bağlı fərqli alternativlər düşünmək lazımdır: "Məsələn, axtarış zamanı videoçəkilişin olması daha effektli sübut sayılacaq və şübhələrə yer qalmayacaq. Dünyanın bir çox ölkələrində hal şahidi institutları yoxdur. Bu institut sovet dönəmindən qalmış köhnə mexanizm idi. İmperiyanın yeni qurulduğu dövrdə, xüsusən 1937-ci il repressiyalarında sovet rejiminə işləyən hal şahidləri minlərlə günahsız azərbaycanlının ölümünə bais olublar. 1960-70-ci illərdə də bu institutun "xidmətlərindən” istifadə olunurdu. İndiki zamanda həmin struktura etimad və ehtiyac yoxdur. Bu baxımdan ləğv edilməsi müsbət addımdır”.
İsmayıl