Pasiyent həkimə müraciət etdikdə, xəstəlik tarixçəsi yazılmış kitabçanı təqdim etməlidir
Maraqlı müzakirə...
Həkim HİV daşıyıcısının əməliyyatından imtina edə bilərmi?
Pasiyent həkimə müraciət etdikdə, xəstəlik tarixçəsi yazılmış kitabçanı təqdim etməlidir
Pasiyent həkimə müraciət etdikdə, xəstəlik tarixçəsi yazılmış kitabçanı təqdim etməlidir
Həkimlərin yoluxma riski altında pasiyenti müayinə və ya əməliyyatdan imtina etməsi zaman-zaman müzakirə predmetinə çevrilir. Bu günlərdə Türkiyənin Diyarbəkir vilayətində ekstremal hal yaşanıb. HİV daşıyıcısı olduğu bilinən hamilə qadın xəstəxanaya gətirilib. Lakin həmin vaxt növbədə olan həkim qadını əməliyyata almaqdan imtina edib. Səbəb kimi də, hamilə qadının HİV daşıyıcısı olmasını, bu üzdən də əməliyyat zamanı özünün də yoluxma riski altına düşə biləcəyini göstərib. Yaşanmış bu hal neçə gündür ki, müzakirə predmetidir.
Həkimin yoluxma təhlükəsi altında əməliyyatdan imtinasının qanuna dayanaqlığı varmı? Ümumiyyətlə, həkim hər hansı təhlükə ehtimalı ilə üzləşərsə, əməliyyatdan imtina edə bilərmi? Bu suallar açıq qalır. Onu da qeyd edək ki, o həkimin imtina etdiyi əməliyyatı başqa bir həkim icra edib. Bədbəxtlikdən həkim əməliyyat zamanı istifadə olunan alətlərdən biri ilə əlini yaralayıb. Əməliyyat bitər-bitməz həkimə dərhal HİV-ə qarşı müalicə kursu tətbiq edilib.
Belə vəziyyətlərdə həkimlər necə davranmalıdır?
Nadir hallarda baş verən hadisə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı qeyd etdi ki, heç bir istisna hal həkimin pasiyenti müalicə etməkdən imtinasına səbəb olmamalıdır:
- Məlumdur ki, təbabət artıq özünün ən yüksək inkişaf dövrünü yaşayır. Bununla belə, infeksion xəstəliklər hələ də təhlükə mənbəyi olaraq qalır. Hepatit, HİV və s. yoluxucu xəstəliklərlə həkimlər hər zaman kontaktdadır. Həkimin yoluxma riski hər zaman var. Belə hallara çox rast gəlinir. Ona görə də həkimdən tələb olunan ən vacib şərt əllərinin steril olması, gigiyenik əlcəklərdən, qoruyucu tibbi maskalardan istifadə olunmasıdır. Hətta ultrason aparatı arxasında çalışan həkim mütləq əlcəklərdən istifadə etməlidir. Baxmayaraq ki, burada pasiyentlə birbaşa əlaqə yoxdur. Müayinəni aparat edir. Bununla belə bütün tibbi avadanlıqlar, müayinə cihazları, ən son texnoloji, elektron aparatlarla iş vaxtı da həkimlərdən tibbi əlcəklərdən istifadə etmələri tələb olunur. Həkimlər hər zaman risk altındadır, çünki əməliyyat zamanı gözlənilməz hallar da baş verə bilir.
Cərrahın tibbi əlcəkləri cırıla bilər, hansısa alət əlini yaralayar və s. Bu zaman əgər xəstədə hər hansı yoluxucu xəstəlik varsa, onun qan vasitəsilə əməliyyatda iştirak edən tibbi personala yoluxması təhlükəsi, əlbəttə, var. Hətta rentgenoloqlar da daim şüa təsirinə məruz qalır. Baxmayaraq ki, ötən əsrdə mövcud olan avadanlıqlardan artıq istifadə edilmir. Məhz həkimlərin riskli peşəsi nəzərə alınaraq, radiasiyanın qarşısının alınması məqsədilə onlara hər gün 1 litr süd verilirdi. Yoluxucu xəstəliklər də müxtəlifdir. Eləsi var, qanla keçir, eləsi də var hava-damcı yoluyla. Vərəm dispanserində çalışan həkimlər risk altında deyilmi? Yaxud hepatit xəstəsini müayinə edən həkimlər, yoluxucu xəstəliklər şöbəsində çalışanlar?! Həkim üçün risk həmişə var, amma həkimlik peşəsini müqəddəs edən də bu təhlükələrə baxmayaraq insanların sağlamlığının keşiyində dayanmaqdır.
Bəs, həkimin hansısa yoluxma təhlükəsi ilə əməliyyatdan imtina etməyə hüquqi haqqı varmı? Sonucda həkim də insandır və onun da təhlükəsizlik təminatı haqqı var. Ş.Namazlı bildirdi ki, insan həkimlik peşəsini seçirsə, bütün mümkün riskləri göz altına almalıdır. Yəni, həkimlik peşəsini seçərkən risklərin olacağını da bilməlidir və bu gerçəyi düşünərək qəbul etməlidir:
- Həkim fəaliyyətə başladıqda insanlara heç bir ayrı-seçkilik qoymadan, hər hansı təhlükə altında olsa da, həkimlik vəzifəsini yerinə yetirəcəyinə dair and içir. Kiməsə, bəlkə də bu sözlər əhəmiyyətsiz görünə bilər. Ancaq həkimlər üçün bu, insan həyatının xilası deməkdir. İstər həkimlik peşəsinin qoyduğu vəzifə, istərsə də insanlıq - humanizm baxımından həkim hətta ən təhlükəli yoluxucu xəstəliyi olan insanı da rədd etməməlidir. Bunun qanuni tərəfləri nə dərəcədədir, hansı qanunla tənzimlənir, doğrusu, bilmirəm. Amma ölkə Konstitusiyası ən üstün qanunlar toplusudur və Konstitusiyaya görə hər bir vətəndaşın sağlamlıq hüququ var. Buna görə də heç bir həkimin hətta ən ciddi risk altında da əməliyyatdan imtina etməyə haqqı yoxdur. Mən inanmıram ki, Azərbaycanda belə həkim ola bilər. Belə halın bizim ölkəmizdə baş verə biləcəyinə də inanmıram. Bizim həkimlər, Azərbaycan xalqının övladı olaraq, deyərdim ki, əlahiddə şəkildə humanistdirlər. Digər tərəfdən, pasiyent həkimə müraciət etdikdə, xəstəlik tarixçəsi yazılmış kitabçanı təqdim etməlidir. Bilinməlidir ki, pasiyent hansı xəstəlikləri keçirib, nədən müalicə alıb. Bir var, insan keçirdiyi və ya yoluxduğu xəstəliyi bilsin, bir də var, xəbərsiz olsun. Təbii ki, xəstəlik barədə məlumatlı olmaq, pasiyenti də, həkimi də risk altına düşməkdən qoruyur. İkincisi, əgər həqiqətən də həkimin yoluxma təhlükəsi varsa, təbii ki, o, dərhal müayinə olunmalıdır, qan analizləri alınmalı və təhlükə halında müalicə tədbirlərinə başlanmalıdır. Şükür Allaha, indi ən ciddi, təhlükəli xəstəliklərin, xüsusilə də ilkin mərhələdə müalicəsi asanlaşıb. Məncə, həkimlərin nədənsə çəkinmələrinə səbəb yoxdur.
Məlahət Rzayeva