Market çekləri mütləq Azərbaycan dilində olmalıdır

Kassa aparatlarında dili dəyişmək elə də çətin deyil, sadəcə, sahibkarlar bunu artıq iş hesab edir




Şadlıq sarayları, istirahət-əyləncə mərkəzləri, gecə klubları, otellərin, bərbərxanaların əcnəbi adları azmış kimi bəzi marketlərdə kassa çekləri də qeyri-dövlət dilindəymiş. Srağagün Dərnəgüldəki "Tayqa” marketdən alış-veriş etmişdik. Kassa çekinə baxanda, çekin əcnəbi dildə yazıldığını gördüm.

"Ə” hərfinin "e”ləşməsini, "g” əvəzinə "q” yazılmasını, qəribə də olsa, "təbii” qarşılamağa öyrəşmişik. Üzərindən keçirik, "kompüterdə bəzi hərflər olmur” deyiminə sadəlövhcəsinə inanıb. Amma bu çekdə nəinki ə-e əvəzlənməsi, artıq tam kəlmələr qeyri-Azərbaycan dilində yazılıb. Dövlət dilinə bunca saymazlığa səbəb nədir görəsən?

İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında məsələnin hüquqi mahiyyət daşıdığını dedi:

- Bu, daha çox hüquqi məsələdir. "Azərbaycan dövlət dili haqqında” qanun var və hər kəs də qanunun tələblərinə riayət etməlidir. Hətta reklamlar da rəsmi dövlət dilində - Azərbaycan dilində olmalıdır. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara görə, dərman preparatlarının içliyi hansısa digər dildədirsə, mütləq Azərbaycan dilində də yazılmalıdır. Bildiyim qədər kassa aparatları xarici ölkələrdən gətirilir. Buna baxmayaraq kassa aparatlarının dili də dəyişməlidir. Bununla bağlı Vergilər Nazirliyinin qərarı var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu fikirdədir ki, kassa aparatları xaricdən alındığı üçün müxtəlif dillərdə proqramlaşdırılmış olur və sahibkarlar da özlərinə əziyyət verib dili dəyişmək barədə düşünmürlər. Lakin bu, qanunvericiliyə ziddir:

- Kassa çeklərinin müxtəlif dillərdə olması ilə bağlı bizə dəfələrlə müraciətlər daxil olub. Bu, həm "Dövlət dili haqqında” qanuna, həm də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna ziddir. Çünki qanunvericilikdə qeyd olunub ki, ölkədə dövlət dili Azərbaycan dilidir və bütün alqı-satqı sənədlərində - çek, qaimə, hesab fakturasında məlumatlar bu dildə olmalıdır.

Məsələyə Vergilər, İqtisadiyyat Nazirliyi, o cümlədən Nazirlər Kabineti nəzarət etməlidir. Bundan başqa, istehlakçıların da qanunsuzluqlara etiraz etmək hüququ var. Ən azından alıcı iradını bildirib deyə bilər ki, mən əcnəbi dildə yazılanları anlamıram. Əslində, kassa aparatlarında dili dəyişmək elə də çətin deyil, sadəcə, sahibkarlar bunu artıq iş hesab edir. Kassa aparatları xaricdən alındığı üçün müxtəlif dillərdə proqramlaşdırılması adi haldır. Amma ölkəyə gətirildikdən sonra proqrama Azərbaycan dilinin və Azərbaycan əlifbasının şriftləri daxil edilməlidir.

Məlahət Rzayeva