MDB-ni yaşadan Rusiyadır

İstər-istəməz bu ölkələrin hamısı bir-biri ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır



Ötən gün Rusiya Prezidentinin Novo-Oqoryovadakı iqamətgahında MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 

Tədbirdə çıxış edən Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyanın dünya miqyasında stabilləşdirici faktor rolunu oynadığını deyib. Prezident bəyan edib ki, Rusiya MDB-ni birləşdirən ölkə, Birliyin əsas ölkəsidir. 

Ona görə də, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə təsir göstərir: 


"Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai-siyasi stabillik təmin olunub”. Dövlət başçısı vurğulayıb ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı Putinin adı ilə bağlıdır: "İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir”.

Prezident İlham Əliyevin çıxışını şərh edən siyasi ekspert İlqar Vəlizadə "Şərq”ə bildirib ki, Rusiya olmasaydı, MDB də olmayacaqdı. MDB-nin yaranma dövrünə diqqət çəkən ekspert xatırladıb ki, SSRİ dağılandan sonra müstəqil olan dövlətlərin münasibətlərinin yeni formada saxlanması zərurəti meydana gəldi: 

"Xüsusən, iqtisadi sferada və nəqliyyat sahəsində olan əməkdaşlığın inkişaf etdirilməsi zərurəti MDB-nin meydana gəlməsinə səbəb oldu. Rusiya SSRİ-nin varisi kimi çıxış edirdi, sovetin tərkibindən çıxmış ölkələr də bunu o cür qəbul edirdilər. Ona görə də Rusiyanın varlığı təşkilatda xüsusi önəm kəsb edir. Nəzərə almaq lazımdır ki, Rusiyanın məsuliyyəti də digər ölkələrdən çoxdur”. 

Politoloq bildirib ki, 25 il ərzində bu məkanda müəyyən proseslər yaşanıb: 

"Zamanla MDB-yə daxil olan ölkələr xarici və daxili siyasətlərini müxtəlif cür seçiblər. Ancaq bütün dövlətlərin hamısı vahid MDB məkanında yerləşirlər. İstər-istəməz bu ölkələrin hamısı bir-biri ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. Coğrafiyada əsas rol sahibi isə şübhəsiz ki, Rusiyadır. Bu baxımdan MDB-də Moskvanın payı çoxdur. Əslində bunu heç bir dövlət inkar etmir. Qarşı çıxanlar isə artıq öz yollarını ayırıblar. Məsələn, Gürcüstan 2009-cu ildə öz fikrini bəyan edib və 2011-ci ildə qurumdan çıxıb. Rəsmən çıxmasa belə artıq Ukrayna da qurumla bağlı fəaliyyətini dayandırıb. Lakin digər ölkələr hələlik sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar”.

İsmayıl