"Məcburi köçkün tələbələrin təhsil haqqından azad olunması anlayışı yoxdur" - Professor



"Əgər tələbənin xüsusi statusu varsa və təhsil haqqını ödəyə bilmirsə, dövlət onun əvəzinə həmin pulu verir”.
Bunu Sherg.az-a məcburi köçkün tələbələrin təhsil haqqından azad olunması haqqında qanunun saxlanmasına münasibət bildirərkən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. O bildirib ki, təhsil haqqından azad olunmaq anlayışını bir qədər qeyri-dəqiqdir:

"Azad olunmaq odur ki, dövlət onlara vəsait ayırıb, təmin edir. Yəni abituriyent məsələn, Bakı Dövlət Universitetinə daxil olur, onun da qazancı əsasən tələbələrin ödəniş haqqıdır, büdcədən də çox pul ayrılmır. Belə olduğu halda BDU yaxud başqa universitet qaçqın və məcburi köçkün tələbələri necə oxutsun? Əgər özəl və dövlət universitetlərində yaxşı oxuyan tələbələrin təhsil haqqını dövlət ödədiyi kimi xüsusi statusu olanların da haqqını ödəyir. Yəni məcburi köçkün tələbələrin təhsil haqqından azad olunması deyə anlayış yoxdur.
Üstəlik dövlətin tələbələrə ayırdığı güzəştli kreditlər də verilir. Tələbələr bundan da istifadə edə bilərlər. Dövlət xüsusi statusu olan tələbələrə faizsiz kreditlər ayıra bilər ki, onlar istifadə etsin”.

Qeyd edək ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələrin əvvəlki qaydada təhsillərini davam etdirəcəyini deyib.

Aysel Aslan