2017-ci ildə dəm qazından zəhərlənənlərin sayı iki dəfəyə yaxın azalıbEkspertin sözlərinə görə, maarifləndirici məlumatlar insanlara düzgün istiqamət göstərib
Statistik göstəricilərə əsasən 2016-cı illə müqayisədə 2017-ci ildə dəm qazından zəhərlənənlərin sayı 2 dəfəyə yaxın azalıb. Bu barədə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu İsmayıl Əfəndiyev məlumat verib. Baş toksikoloq bildirib ki, 2016-cı ildə 470, 2017-ci ildə 272 nəfər dəm qazından zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.
Zəhərlənmələrin azalması nə qədər sevindirici olsa da, azalmanın səbəbləri də hər kəsdə maraq yaradır. 2016-cı ildə ölkə dəm qazı kabusu yaşayırdı. Bəs növbəti ildə 2 dəfə azalmanın olması nə ilə bağlıdı? Bu sahədə müəyyən maarifləndirici yazıların və məlumatların verilməsi, yoxsa ən çox eşitdiyimiz "qaz təmiz deyil” iddiasının aradan qaldırılmasıdır?
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Şərq”ə bildirib ki, maarifləndirici məlumatların, məqalələrin verilməsi zəhərlənmələrin azalmasına imkan yaradıb. Ekspertin sözlərinə görə, vətəndaşların bu məsələdə hər nə qədər diqqətli olması vacib olsa da, insanların çoxu qazdan düzgün istifadəni bilmir. Ona görə də müəyyən maarifləndirici məlumatların verilməsi vacibdir:
"İnsanların çoxu dərk etmir ki, qazı necə və hansı şəraitdə istifadə eləmək olar. Cihazlar müvafiq profilaktik tədbirdən keçməyəndə və standarta uyğun olmayanda təhlükəli vəziyyət yaranır. Qazın yanma prosesi düzgün getməyəndə karbon 4 oksid əvəzinə karbon 2 oksid olur. Buna da karbon monooksid - el arasında "dəm qazı” deyirlər. Qapalı mühitə 0.1 faiz dəm qazı yığılırsa, artıq zəhərlənmə baş verir. Bunun üçün 7 dəqiqə kifayətdir ki, insan həyatına son qoyulsun”.
N.Qasımov qazın təmiz olmadığı ilə bağlı iddialarının da əsassız olduğunu bildirib. Ekspertin sözlərinə görə, dünyada ən təmiz qazlardan biri məhz Azərbaycan qazıdır: "Əgər qaz zəhərli olsaydı, onda hamının evində zəhərlənmə baş verərdi. İnsanları çaşdırmaq lazım deyil. Bu gün 9 milyon adam qazdan istifadə edir, abonentlərin sayı bir milyon yarımdan çoxdur, cihazların sayı isə 4-5 milyona çatıb. Zəhərlənmə qazın tərkibi ilə əlaqəli deyil. Qazın tərkibi müntəzəm şəkildə yoxlanılır və dövlət standartına uyğundur. Dünyada çıxarılan ən keyfiyyətli qaz Azərbaycan qazıdır. Bu qazın tərkibi 94-96 faiz metandan ibarətdir. Metan qazı zəhərli deyil, karbonla hidrogenin qarışığıdır.
Əsas məsələ odur ki, insanlar diqqətli və məsuliyyətli olsunlar. Bu sahə ilə məşğul olan ustaların hər birinin sertifikatı olmalıdır. İşi görməzdən əvvəl onlar təlimatlandırılmalı, imtahan verməlidirlər. Hər adama qazı etibar etmək olmaz. Qazın özünün texniki tələbatları var, bunu düzgün yerinə yetirmək lazımdır. Təəssüflər olsun ki, bizim vətəndaşlar qaydalara riayət etmir. Bədbəxt hadisələr onların məsuliyyətsizliyi ucbatından olur. Vanna otaqlarında qapının yanında təmiz hava üçün yer olmalıdır ki, təmiz hava daxil olsun. Həmçinin ventilyasiya kanalı, pəncərə gözlüyünün olması da şərtdir. İnsanlar qazdan düzgün istifadə texnologiyasını bilməlidir”.
Yeganə Bayramova