"Medvedyev ABŞ-a əzələ nümayiş etdirir"- AKTUAL ŞƏRH





Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında münaqişə riski daha da artıb. Rusiyanın Baş naziri Dmitri Medvedyev ABŞ-ın Rusiyaya qarşı addımlarını "İqtisadiyyat müharibəsi” kimi dəyərləndirib. O deyib ki, ABŞ iqtisadi sanksiyalarını gücləndirsə, Rusiya buna həm iqtisadi, həm siyasi, həm də başqa metodlarla cavab verəcək:

"Rusiyanın dövlət banklarının fəaliyyəti qadağan edilsə və ya hansısa valyutadan istifadəsinə qadağa qoyulsa, Rusiya bunu özünə qarşı iqtisadi müharibə elanı hesab edəcək. Bizim amerikalı dostlarımız bunu anlamalıdırlar. Rusiya heç bir sanksiyadan qorxmur. Biz son 100 il ərzində daimi sanksiya təzyiqi şəraitində yaşamışıq”.

Politoloq Natiq Miri isə "Sherg.az"a açıqlamasında deyib ki, iki ölkə arasındakı münasibətlərə diqqət çəkməzdən əvvəl ABŞ-da olan daxili vəziyyəti dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, hazırda Amerikanın özündə belə Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı birmənalı fikir yoxdur. Tramp Administrasiyası Rusiya ilə əməkdaşlıqdan yana siyasət yürüdürsə, qanunvericilik orqanı olan Konqresdə tamamilə fərqli düşüncə hakimdir.

Politoloqun fikrincə Rusiya və ABŞ münasibətlərində müəyyən şübhələr olduğu üçün perspektiv kölgə altındadır. ABŞ-ın Rusiyaya qarşı öldürücü iqtisadi sanksiyalar tətbiq edib-etməyəcəyi bəlli deyil: "Əgər sözügedən sanksiyalar həyata keçirilsə, Rusiya hökuməti adekvat cavab verməyə çalışacaq. Rusiyanın iqtisadi yöndə atacağı addımlar ABŞ üçün heç bir önəm kəsb etməyəcək, çünki bu istiqamətdə Rusiyanın təsir imkanları o qədər də böyük deyil. 

Rusiyanın hərbi- sənaye və enerji daşıyıcılığı sahəsi üçün əldə etdiyi bütün texnoloji vasitələr məhz qərb dünyasından ixrac olunur. Avropa Birliyi ölkələrinə isə ABŞ -ın ciddi təsir imkanları aktual olaraq qalır. Rusiyanın adekvat iqtisadi və maliyyə sanksiyaları əhəmiyyətsiz olduğu üçün Medvedyev əzələ nümayiş etdirir. ABŞ-ın geosiyasi maraqlarına zərbə vurmaq üçün ABŞ-ın təsir dairəsində olan bölgələrdə hərbi əməliyyatlar həyata keçirilməsi ilə hədələyir. Bu bölgələr dedik də isə postsovet məkanında olan Ukrayna, Gürcüstan və Yaxın Şərqdəki Suriyadan söhbət gedir. İqtisadi təzyiq imkanları məhdud olsa da, hərbi əməliyyatlar və münaqişə ocaqları yaratmaq məsələsində Rusiyanın imkanları genişdir. 

Rusiya hər an Ukraynaya qarşı total hərbi əməliyyat keçirərsə, ölkənin bir neçə bölgəsi yenidən işğal oluna bilər. Ancaq Rusiyanın bu addımı ABŞ-la qarşıdurmanı daha da şiddətləndirə bilər. Ən azından bu gün Rusiya ilə əməkdaşlıqda maraqlı olan Tramp administrasiyasını da bu əməkdaşlıqdan geri çəkilməyə vadar edə bilər. Gürcüstanın NATO-ya qəbul olunacağına dair NATO tərəfindən verilən açıqlamalar da Rusiyanın dövlət təhlükəsizliyini ciddi təhdid etdiyi üçün bu yöndə də müəyyən təpkilər var. 

Rusiyanın bu bəhanə ilə Gürcüstan cəbhəsində də konkret əməliyyatlar keçirmək ehtimalı böyükdür. Nəhayət, Suriyada Rusiya hərbi əməliyyatları yenidən alovlandırsa, ABŞ-ın dəstək verdiyi kürdlərin nəzarətində olan enerji ərazilərinin taleyi sual altında qalar. Bu müəmma isə ABŞ-ı Suriya cəbhəsində müharibəyə sövq edər. Bütün bunlar baş tutacağı şəkildə Suriyada Rusiya- ABŞ- İran qarşıdırması yaranacaq. Bu isə açıq- aşkar 3-cü dünya savaşı deməkdir”.

Şəymən