Məhəmməd Əmin Rəsulzadə və qəzetçi Seyid - AKİF AŞIRLI YAZIR

"Açıq söz" qəzetinin səhifələrində hərdənbir "İdarədən" elanlar dərc olunur, kağızın, mətbəə xərclərinin artmasından dolayı qəzetin satış qiymətinin artırılması xəbəri verilirdi. 1915-1918-ci illərdə 750-dən çox sayı işıq üzü görən Azərbaycan Cümhuriyyətinin ilk carçısı bəzən Seyidin xəstəliyi ucbatından vaxtında ünvanlara qəzet çatdırılmamasına görə üzrxahlıq edirdi. Xəbərlərin biri isə təxminən belə idi: "Maddi sıxıntı çəkən qəzet yayımçısı Seyidin nəfinə ianə toplanılıb. Yığılan vəsait Seyidə verilib".
Yayımla məşğul olan Seyidə bu qədər diqqət və qayğı göstərilməsi M.Ə.Rəsulzadə və onun əliqələmli fikir dostlarının dünyagörüşündən, əxlaqından doğurdu. Təkcə yazmaq və qəzeti çap etdirməklə iş bitmirdi. Vaxtlı-vaxtında bu fikir məhsulunu ünvanlara çatdırmaq da əsas məsələlərdən biri olduğundan "Açıq söz"çülər qapı-qapı dolaşan bu insanlara həssas yanaşırdı. M.Ə.Rəsulzadə hələ 1911-ci ildə "İrani-nou" qəzetində proqram xarakterli "Mətbuat azadlığı" adlı məqaləsində mətbuat institutunun əsas sütunlarından birini qəzet yayımı hesab edirdi.
Bəs adını iqtibas etdiyimiz qəzetçi Seyid kim idi? Elə bu sualın cavabını da M.Ə.Rəsulzadə Türkiyədə nəşr olunan, mühacirət mətbuatımızın ilki "Yeni Qafqaziyya"nın 1926-cı il tarixli 27 aprel sayında verir: "O, qəzet sahibi bir "burjua" deyildi, qəzet müxbiri kimi "mürtəce" də deyildi. Qapı-qapı dolaşaraq abunələri çatdıran, kasıb bir qəzetçi idi. Qəzetləri yaydığı kimi türk teatrlarının elanlarını da paylayır, afişaları divarlara yapışdırırdı. İri vücudu və uca boyu ilə o bu işləri çox gözəl yerinə yetirirdi. Nərdivana ehtiyac duymadan, elanları yaramaz cocuqların əlləri yetişməyən yerlərə yapışdırırdı".
M.Ə.Rəsulzadə Seyidi öz işini ustalıqla yerinə yetirən bir qəzetçi kimi sağlam bir düşüncəyə sahib, millət və Vətən sevgisinə aşina şəxsiyyət kimi canlandırır. Sanki sözlərlə bir tablo yaradır: "Seyidi hər kəs tanıyırdı. Qırmızı yanaqlarında həyat, saf gözlərində nəşə, gülər üzündə vəfa və sədaqət dolu bu sağlam vücudlu bir insan eyni zamanda köksündə sağlam bir ruh daşıyırdı".
1918-1920-ci illərin möhtəşəm tarixi günlərində meydanlara üçrəngli bayrağı sinəsinə sıxıb Azadlıq, İstiqlal hayqırırdı qəzetçi Seyid.
M.Ə.Rəsulzadə Türkiyədə istiqlal savaşını davam etdirdiyi günlərdə qələmə aldığı portret-yazıda o tarixi məqamları xatırlayır: "Millət və Vətən naminə düzənlənən nümayişlərdə Seyid bütün vücudu ilə bir həyəcana qapılardı. Qocaman Azərbaycan bayrağını sinəsinə sıxıb böyük istəklə, həyatının ən nəşəli anlarını yaşayırdı. O, heç bir mükafat və maddi yardım gözləməyən həqiqi xalq vətənpərvərliyinin mücəssəməsi idi".
Milli dövlətçilik sisteminin əsaslarını yaradan böyük mütəfəkkir, ideoloq M.Ə.Rəsulzadənin az qala 100 il öncə qələmə aldığı bu yazını oxuyanlar sanki qəzetçi Seyidin timsalında iki obrazı göz önünə gətirirlər. 1988-1990-cı il Milli Azadlıq hərəkatının "qəzetçi Seyid"ləri olan Yaşar Türkazər və Elman Türkoğlunu xatırlayırlar. Məhz, bu "qəzetçi Seyid"lər qeyri-leqal mətbuatı meydanlarda paylayır, topladıqları vəsaitlə azadlıq hərəkatının ideoloji strukturlarını, təbliğat "maşınının" idarəçilərini maliyyələşdirirdilər. Ən yaxşı təbliğatçı, təşviqatçı olan bu kəslər təkcə qəzetləri paylanır, meydanı alovlandıran, milli atəş yaradan addımlar atır, üçrəngli müqəddəs Azərbaycan bayrağını yüksəklərə qaldırırdılar. Polislərin hücumuna da məruz qalır, həbsxanalara da atılırdılar. Amma 100 il əvvəlin qəzetçi Seyidi kimi sınmır, heç kəsdən maddi yardım ummur, sağ ol da gözləmirdi. 100 il əvvəlki qəzetçi Seyidin, Yaşar Türkazərin, Elman Türkoğlunun da arzuladığı tək bir amal Azərbaycan istiqlalı idi. Bu gün isə çox şükürlər ki, Azərbaycan öz istiqlalını qoruyur və qoruyacaq da.
Qəzetçi Seyid cümhuriyyət dönəmində heç bir vəzifə tutmayır, əvvəlki işini həvəslə davam etdirir. Vətənin istiqlalına təhlükə doğuran Denikinçilərin Bakı limanında silahla yüklü gəmisi barədə məlumatı da təhlükəsizlik xidmətindən öncə aşkarlayıb xəbər verir.
Demə həmin silah dolu gəmi Denikinçilərin yox, Azərbaycan Cümhuriyyətini yıxıb hakimiyyətə gəlmək istəyən bolşeviklərin olub. Aprel işğalından çox keçməmiş hakimiyyət çevrilişi üçün silah hazırlığı planının üstünü açan qəzetçi Seyid "ÇEKA"ya aparılır. 
Sorğu-suala tutulur, zindana atılır.
M.Ə.Rəsulzadə o gündən Seyidi bir daha görən olmadığını yazır:
 "Onun "Azərbaycan", "İstiqlal" deyə hayqıran gur səsi artıq eşidilməz olmuşdu. Amma dildən-dilə bir məsələ dolaşırdı, fədakar Seyidin əziz xatirəsini yad edərək söyləyirdilər:
- Güllələnən zaman qəzetçi Seyid mətanətini heç pozmayır, geniş köksünü hədəf olaraq atılan güllə qabağına verir. Cəsur şəhidin son sözü bu olur:
- Yaşasın istiqlal!"