Məhəmmədağa Şahtaxtlının “Qeyrət”i
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Azərbaycanın ictimai fikir tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biri də tanınmış publisist, şərqşünas alim, dilçi və pedaqoq Məhəmmədağa Şahtaxtlı olub. Məhəmmədağa Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri ölkədə Qərb standartları ilə çap olunan ilk Şərq qəzetini - "Şərqi-Rus” qəzetini yaratması idi. 1846-cı ildə Şahtaxtı kəndində anadan olan Məhəmmədağa Şahtaxtlı ilk təhsilini Naxçıvan şəhər məktəbində alıb. 1863-cü ildə Tbilisi klassik kişi gimnaziyasını baş vurub.
Peterburqda müstəqil yolla alman dilini öyrənən Məhəmmədağa Şahtaxtlı 1869-cu ildə Leypsiq Universitetinin ədəbiyyat, tarix və fəlsəfə fakültəsini bitirdikdən sonra 1873-1875-ci illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləyib, fransız dilini öyrənib. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb və fars dillərində əsərlər yazan Məhəmmədağa Şahtaxtlı hərtərəfli hazırlığa malik mükəmməl ziyalı kimi formalaşıb. Məhəmmədağa Şahtaxtlının ilk elmi fəaliyyəti Şərq tarixinə dair tədqiqatlara həsr olunub. O, bir müddət Parisdə yaşayıb, Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində şərq dillərində dərs deyib. Sorbonna Universitetində fonetika sahəsində tədqiqatlar aparıb. Onun bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropada və Amerika mətbuatında elmi müzakirələrə səbəb olub, müəllifinə tədqiqatçı və şərqşünas kimi böyük şöhrət qazandırıb. Alimin dilçiliklə bağlı elmi fəaliyyətində əlifba islahatı mühüm yer tutur. O, bu sahədə məşhur mütəfəkkir Mirzə Fətəli Axundovun yolunu davam etdirib, əlifba islahatı ilə bağlı ilk dəyərli tədqiqat əsəri olan "Təkmilləşdirilmiş müsəlman əlifbası” kitabını 1879-cu ildə Tbilisidə nəşr etdirib. Məhəmmədağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşması, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışıb. Xalqımızın maariflənməsi və tərəqqisi yolunda səyini əsirgəməyib. O, böyük vətənpərvər kimi mətbuat tariximizdə silinməz izlər qoyub. "Moskovskiye vedomosti”, "Novoye vremya”, "Kavkaz”, "Rossiya” kimi dövrünün nüfuzlu mətbuat orqanlarında çoxsaylı məqalələr dərc etdirib. 1891-1893-cü illərdə "Kaspi” qəzetinin redaktoru olub. Məhəmmədağa Şahtaxtlı 1898-ci ildə Azərbaycan dilində "Tbilisi” adlı qəzet çıxarmaq istəyib, lakin çar senzurası buna icazə verməyib. Nəhayət, 1902-ci ildə Tbilisidə xüsusi mətbəə açıb, 1903-cü ildə burada "Şərqi-Rus” qəzetinin nəşrinə nail olub.
Görkəmli publisistin fəaliyyəti mətbuat tarixi üzrə tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi (1875-1920-ci illər)” adlı əsərində geniş işıqlandırılıb. Müəllif kitabında vurğulayıb ki, M.Şahtaxtlı dövrünün tanınan ictimai xadimi, filosofu olmaqla yanaşı, həm də istedadlı jurnalisti kimi tanınıb. Onun publisistik yaradıcılığı XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən ictimai-siyasi prosesləri, zəmanənin bütün ağrılı məsələlərini özündə ehtiva edib: "Məhəmmədağa Şaxtaxtlı jurnalistlik fəaliyyətinə "Moskovskiye vedomosti” qəzetində başlayıb. Ümumiyyətlə, M.Şahtaxtlının dünyagörüşü şərq və qərb arasında yaşanan, mədəni texniki-inqilabi ziddiyyətlər fonunda formalaşmışdı. Onun formalaşdığı mühitdən bəhs edərkən islam dini ilə bağlı məsələləri də yaddan çıxarmaq olmaz, ən azından ona görə ki, Şahtaxtlı islam tarixini, fəlsəfəsini çox gözəl bilirdi. Azərbaycan sovet dönəminin mətbu araşdırıcıları M.Şahtaxtlının dünyagörüşündəki ziddiyyətli məqamları onun islam dininə bağlılığı ilə əlaqələndirirdilər. M.Şahtaxtlı islamı tək dini inanc kimi deyil, sosial-psixoloji yaşantı və fəlsəfi dünyagörüş kimi dəyərləndirirdi. Onun sosial məzmunlu əsərləri içərisində görkəmli İran maarifçisi, publisist və dövlət xadimi Mirzə Melkum xana (1833-1908) həsr olunmuş beş məqaləsini xüsusilə fərqləndirmək lazımdır. Bu silsilə yazılarda maraqlı taleyi olan, zəmanəsinin qabaqcıl adamlarından biri kimi tanınan, ziyalı və vətəndaş mövqeyi ilə seçilən, M.F.Axundovla uzun illər dostluq əlaqələri saxlayan diplomat Mirzə Melkum xanın müfəssəl tercümeyi-halı verilib. Şahtaxtlı Mirzə Melkum xanı "ziyalı fars” adlandıraraq, onun tərəqqi və mədəniyyət uğrunda mübarizəsinə dəstək verirdi. M.Şahtaxtlı uzun müddət islamın təriqət, məzhəb ayrılığına qarşı çıxış edərək, ilkin islam ideyasının tərəfdarı olaraq qalırdı. O, islamın saflığı, tərəqqisi uğrunda böyük bir hərəkatın başında dayanan Şeyx Cəmaləddin Əfqaniyə, onun dünyagörüşünə, fəaliyyətinə ayrıca bir məqalə həsr etmişdi. Azərbaycanlı publisist Şeyx Cəmaləddin Əfqaninin dünyagörüşünü, əqli qabiliyyətini, fəaliyyətini yüksək qiymətləndirirdi. Onun fəlsəfə və tarix sahəsində hətta E.Renan kimi tanınmış Avropa alimlərini heyrətə gətirdiyini yazırdı. Renanın Əfqani haqqındakı fikirləri də Şahtaxtlının məqaləsində sitat kimi istifadə olunub: "Bu adamla (Cəmaləddin nəzərdə tutulur - A.A) söhbət edərkən mən düşündüm ki, əsərlərini uzun müddət böyük bir məhəbbətlə öyrəndiyim Fərabi, İbn Sina kimi filosoflar yenidən həyata qayıdıblar. Cəmaləddini görəndə mən müsəlman Şərqində fəlsəfi əqlin intibahına bir daha inanıram”. Qeyd etmək lazımdır ki, həmin dövrdə Cəmaləddin Əfqaninin yaşadığı Əfqanıstan islamın öz ilkinliyini, "saflığını” qoruyub saxladığı, heç bir islahata uğramadığı azsaylı ölkələrdən idi. Əfqaninin islamı modernləşdirmək istəkləri, bu yöndəki fəaliyyəti M.Şahtaxtlı tərəfindən yüksək qiymətləndirilsə də, ancaq Azərbaycanlı publisist panislamizmi qəbul etmir, tənqid edirdi”.
A.Aşırlı araşdırmasında vurğulayıb ki, M.Şahtaxtlının maarifçilik ideyaları içərisində xalqın mədəniyyətinin təməl daşı olan əlifba, təkmilləşdirilmiş milli yazı sistemi uğrundakı mübarizəsi xüsusi yer tuturdu: "Düzdür, onun bu ideyası dövrün bəzi ziyalıları, xüsusən İsmayıl bəy Qaspralı, Ömər Faiq Nemanzadənin tənqidlərinə tuş gəlirdi. M.Şahtaxtlı Türkiyənin ictimai-siyasi həyatına daha yaxından bələd olduğu üçün bir neçə əsərini də bu ölkənin həyatına həsr edib. Onun 1901-ci ildə Fransada çap etdirdiyi "Türkiyəni necə xilas etməli” fəlsəfi traktatı yalnız öz dövrü üçün deyil, bu gün və sabah üçün də dəyər kəsb edir. Osmanlı imperatorluğunun tənəzzülü və yeni Türkiyənin yaradılması ideyası bu əsərin ana xəttidir. Müəllif Osmanlı İmperatorluğunun tənəzzül səbəbinin köklərini Sultan Süleymanın məmləkətin müxtəlif yerlərində yaşayan, öz əyalətini mülki və hərbi qüvvələrini tam əldə saxlayan bütün şahzadələri saraya yığmasında və beləliklə onların idarəçilik təcrübəsinin məhv edilməsində görür. Gələcək hökmdar, şahzadə əyaləti tərk edir, sarayda yaşamaqla məmləkətin işlərindən xəbərsiz olur və tamamilə idarəçilikdən uzaqlaşır. Müəllif böyük təəssüf hissiylə yazırdı: "Budur, üç əsrdir ki, heç bir sultan, heç bir imperiya şahzadəsi dəniz limanlarına, hətta Türkiyənin ən əhəmiyyətli limanlarına belə baş çəkməmişlər. Aydındır ki, donanmanın rəhbərliyindən, danışmağa belə dəyməz. Heç bir sultan nə ciddi bir milli, siyasi, dini, hərbi və ictimai qüvvəyə, nə də lazımi bilik və təcrübəyə malik deyildi”. Məhəmmədağa Şahtaxtlı bu fəlsəfi traktatda Türkiyəni xilas etməyin yolları və üsullarını da göstərirdi. Beləliklə o, Türkiyə modelini düşüncəsinə uyğun şəkildə qurur və yazırdı: "Əgər Türkiyə öz mövcudluğunu qoruyub-saxlamaq istəyirsə, o elə bir hökumət təşkil etməlidir ki, həmin hökumət nəinki namuslu olub milli marağın qayğısına qalmalıdır, həm də savadlı olmalı, ölkədə ictimai-siyasi inkişafı təmin etmək üçün böyük enerjiyə sahib olmalıdır. Bunlarsız milli istiqlaliyyəti qoruyub saxlamaq qeyri-mümkündür. M.Şahtaxtlının irəli sürdüyü ikinci prinsip də əhəmiyyətli idi: "Bu, Türkiyənin Avropalaşmasıdır. Müəllif həmin prinsipin qaçılmazlığını, labüdlüyünü şərh edərək yazırdı: "Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrümüzdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan xilas etmək mümkün deyil”.
A.Aşırlı əsərində qeyd edib ki, M.Şahtaxtlı M.F.Axundovdan başlayan maarifçilik hərəkatının davamçısı olaraq milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradılmasında əzmlə çalışırdı: "Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necə adlandırılmasından başlayırdı və milli düşüncəyə yeni əhval-ruhiyyə gətirirdi. O, bu xüsusda "Kaspi” qəzetinin 1891-ci il 93-cü sayında yazırdı: "Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı”. M.Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsini azərbaycanşünaslığın ilk bünövrələrindən hesab etmək olar”.
Araşdırmaçı əsərində bildirib ki, "Şərqi-rus” bağlandıqdan sonra M.Şahtaxtlinski redaksiyanın mətbəəsini satışa çıxarıb: "Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə səndə, nə də ki məndə var” cavabını verib. Mətbəəni almaq üçün maddi vəsait axtarışına çıxan dostlar nəhayət, belə xeyirxah insanı tapırlar. Bu, əslən naxçıvanlı olan tacir Məşədi Ələsgər Bağırov idi. "Evinə lazım olan yeyintiləri nisyə götürüb, ayın axırında borclarını ödəyən Ö.F.Nemanzadəyə Məşədi Ələsgərov Bağırov mətbəəni almaq üçün ilkin olaraq 7 min manat pul verir. Sonra isə "Molla Nəsrəddin” jurnalının çapına da vəsait xərcləyir. Yeni mətbəə "Qeyrət” adı ilə 1905-ci il mart ayında fəaliyyətə başlayır və hər üç şəxsiyyətin birgə fəaliyyəti nəticəsində 1907-ci ilə qədər bu iş davam edir. Fəaliyyətinin ilk aylarından "Qeyrət”in gəlirlə işlədiyini görən bu üç dost mətbəəni daha da genişləndirmək, istehsal gücünü daha da artırmaq istəyirlər.
Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, 1907-ci ildə bu üç yoldaş mətbəəni daha da böyütmək məqsədilə "Qeyrət kampaniyası” adı altında bir şirkət vücuda gətirirlər. Onlar mətbəənin 7 min manatlıq qiymətini 28 paya bölüb, hər paya 250 manat hesabı ilə hər biri iki pay götürüb 22 payı satışa buraxıblar. Bir müddət mətbəə "Qeyrət şirkəti” adı ilə 28 payçının ixtiyarına keçib. Mətbəənin ilk elanında deyilirdi: "Tiflisdə "Qeyrət” mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları ən gözəl hərf ilə çap edir”. Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, mətbəədə böyük çap maşını, bir amerikanka maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları olub. Maşınlar Moskvadakı "Modern” alman firmasından alınıb. Mətbəənin texniki baxımdan heç nəyə ehtiyacı olmayıb. Təkcə "Molla Nəsrəddin”i çap etməklə kifayətlənməyən "Qeyrət”çilər Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfə olan kitabçalar, siyasi mahiyyətli intibahnamələr, müraciətlər çap edib. Mətbəənin çap etdiyi ilk kitablardan biri Firdovsinin "Şahnamə”sindən bir hissə Rəşid bəy Əfəndiyevin tərcümə etdiyi "Rüstəm və Söhrab”dır. Çap olunan kitabların bəziləri pulsuz paylanır, bəziləri isə ucuz qiymətə satılırdı. Bir çox hallarda isə "Molla Nəsrəddin” jurnalının oxucularına hədiyyə olaraq göndərilirdi. C.Məmmədquluzadənin "Poçt qutusu”, "Usta Zeynal”, "İranda hürriyyət”, "Qurbanəli bəy” əsərlərini Əhməd bəy Cavanşirin, M.S.Ordubadinin, Namiq Kamalın, Ə.Haqverdiyevin, Əlimirzə Nərimanovun "Nəsihətül-əftal”, Harun Sultanovun "Vətən yolu” kitablarını qısa vaxtda dərc edən "Qeyrət” mətbəəsi Azərbaycanda maarifçilik hərəkatına böyük təkan vermiş, kitab mədəniyyətinin formalaşmasında şərəfli tarix yazmışdı”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb