Mehriban Zeynalova: “Yazıq o körpənin halına”Məktəbli qızın hamilə qaldığı müəllimə 5 il 6 ay iş verildi
Şamaxı rayonu Pirbəhli kəndində məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etmiş kənd müəllimi Elnur İbrahimova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, məktəbli qızın müəllim tərəfindən zorlanması və nəticədə hamilə qalması məlumatı bu ilin may ayında yayıldı. Məktəblinin valideynləri hadisədən qızın hamiləliyi üzə çıxdıqda xəbər tutduqlarını bildirirdilər və müəllimin cəzalanmasını tələb edirdilər. İstintaqa cəlb edilən müəllim isə olanları inkar edirdi. Hətta məhkəmə tibbi eksperti məktəbli qızın hamiləliyə rəğmən bakirə olmasına dair tibbi rəy də vermişdi. Belə bir qarışıq vəziyyətdə məktəbli qız ailəsi ilə birgə paytaxta gətirildi, qohumların mənzilində yerləşdirildi. Məktəbli qız açıqlamalarında müəllimi tərəfindən bir neçə dəfə zorakılığa məruz qaldığını söyləyirdi.
İndi isə cəza alan müəllimin atası narazılığını, gileyini gizlətmir və ailələrinin dağıldığını, pərən-pərən düşdüyünü deyir. Ortada həqiqətən də, dəhşətli mənzərə var. Məktəbli qızın da həyatı puç olub, evli və 2 uşaq atası olan müəllimin də. Onların ailələrinin də. Kiminsə əxlaqsız hərəkəti neçə ailəni bədbəxt elədi.
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında məhkəmənin qərarını alqışladığını bildirdi:
- Məhkəmənin qərarı tamamilə düzgündür. Müəllimin məktəbli qıza, bir yeniyetməyə qarşı zorakı, seksual xarakterli hərəkətləri təsdiqlənibsə, bəli, bu cinayətdir və cəzası da olmalıdır. Nəzərdən qaçırmamalıyıq ki, belə cinayət əməlləri təkcə tək-tək insanlara qarşı deyil, ümumilikdə cəmiyyəti təhdid edir. Bu hadisədən təsirlənən valideynlər, sabah qız övladlarını təhsildən yayındıracaqlar ki, məktəblərdə belə əxlaqsız müəllimlər də olur. Bəzi siyasi oyunbazlar, dini radikallar da bu hadisədən sui-istifadə edə bilər. Bütün hallarda belə cinayət əməli törədən cəzadan yayınmalıdır və mən məhkəmənin qərarını düzgün qəbul edirəm. Çünki bu şəxsin əməli cəmiyyət üçün çox təhlükəlidir. Mən hələ məktəblinin hamilə qalması, uşağın atasının kimliyi məsələsini kənara qoyuram. Müəllimin şagirdinə qarşı istənilən zorakı davranışı qəbuledilməzdir və cinayət tərkiblidir.
M.Zeynalova cəza alan E.İbrahimovun atasının narazılığını da təbii qarşıladığını söylədi:
- Hamı kimi onun da qərardan apelyasiya şikayəti vermək hüququ var. Buyursun, Apelyasiya Məhkəməsinə müraciət etsin. Biz uşağın atasının kimliyinin təyini ilə bağlı DNT müayinənin nəticəsini bilmirik. Yəqin, məhkəməyə bu məsələlər aydındır.
M.Zeynalova gənc ananın körpəsindən imtina etməsindən xəbərdar olduğunu dedi:
- Həmin qız bizim "Təmiz Dünya” İctimai Birliyinin sığınacağında qalırdı. Körpəsi dünyaya gələnədək də qaldı. Onu biz sığınacaqdan doğum evinə apardıq. Amma körpə dünyaya gəldikdən sonra qızın atası mənə çox qəribə bir xahişlə müraciət etdi. Xahiş edirdi ki, mən sığınacaq rəhbəri kimi körpədən imtina barədə xəstəxanaya müraciət edim. İstəyirdilər, körpəni xəstəxanada qoyub getsinlər. Təbii ki, mən buna razı ola bilməzdim və atanın xahişini qəbul etməyəcəyimi söylədim. Sonra eşitdim ki, deyirlər, guya uşaq dəyişik düşübmüş, ona görə imtina ediblər, filan... Burada nəsə qarışıq işlər var.
M.Zeynalova gənc ananın heç kimlə ünsiyyət yaratmamasını da vurğuladı:
- Məktəbli qız bizim sığınacaqda qaldığı müddətdə heç kimlə ünsiyyət qurmayıb, heç kimlə danışmayıb, hətta psixoloqla da ünsiyyətə razı olmayıb. Çox qapalı bir insan idi. Bilirəm ki, körpədən imtina edilib.
Bu da çox acınacaqlıdır. Yazıq o körpənin halına. Görün, bir düşünülməmiş hərəkət, insanın hisslərinin əsiri olması nə qədər ailənin bədbəxtliyinə səbəb oldu. Üstəlik, bir körpə də atasız, anasız böyüyəcək, onun gələcəyi necə olacaq, heç kim bilmir.
Biz yenə də gənc anaya bundan sonra da lazımi hüquqi yardım göstərə biləcəyimizi də bildirmişik. Nə zaman müraciət etsə, ona kömək etməyə hazırıq.
Məlahət Rzayeva