“Mehman Əliyevin azadlığa çıxmasına çox sevinirəm” - Elçin Şıxlı

"Şadam ki, prezidentin müdaxiləsindən sonra Mehman Əliyev haqqında həbs qəti-imkan tədbiri ləğv olundu"


"Mehman Əliyevin azadlığa çıxmasına çox sevinirəm”.

Bunu "Sherg.az”a "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasına münasibət bildirərkən "Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. 

O, Mehman Əliyevin və ailəsinin adına çox sevindiyini, bu münasibətlə onları təbrik etdiyini dilə gətirib:

"Bu məsələnin ictimai yükü ağırdır. Düşünürəm ki, Mehmanın ittiham olunması əsassızdır. Belə ittihamlara görə, heç kim qaçmır və Mehmanın da qaçmaq kimi fikri yox idi. Araşdırmaları aparmaq üçün həbs qəti-imkan tədbiri görmək lazım da deyildi. Vergidən yayınma məsələsi az qala 10 illik tarixə gedib çıxır. Bu illər ərzində əminəm ki, ildə 2-3 dəfə Vergilər Nazirliyi araşdırma aparıb və heç bir qanunsuzluq tapmayıb. Belə olan halda bu problemlər niyə indi üzə çıxır? İstənilən halda bu məsələlər məhkəmənin işidir.

Son zamanlar Azərbaycanla bağlı dünyada xoşagəlməz məqamlar ortalığa çıxdı. Mehman Əliyevin özü ilə əlaqədar məsələ Amerika senatına çatdı və onun tutulmasına əli olan şəxslərə viza qadağası ortaya atıldı. Bütün bunlar təbii ki, xoş deyil.

Sevinirəm ki, ictimaiyyət nümayəndələri, ziyalılar bir mövqedən çıxış etdilər və ölkə rəhbərliyi bunları nəzərə alıb. Bizim müraciətimizdən əlavə Mehmanın özünün, dövlət departamentinin, digər beynəlxalq jurnalist qurumlarının da müraciəti olub. Nə yaxşı ki, bütün bunları nəzərə alıblar və Mehman Əliyev azadlıqdadır. Amma istintaq davam edir”.

E.Şıxlı əlavə edib ki, bəzi yerli KİV-lərdə Mehman Əliyev haqqında dərc olunan yazılardan mütəəssir olub:

"Heç bir çərçivəyə sığmayan mülahizələr irəli sürülür. Mehmanı vergi pozuntusuna görə, tutmadıqlarını, hansısa dövlətçilik nöqteyi-nəzərdən pozuntu olduğunu deyirlər. Çox savadsız şəkildə dövlətin siyasətini və ümumən bu məsələni siyasiləşdirirlər. Hər halda şadam ki, prezidentin müdaxiləsindən sonra Mehman Əliyev haqqında həbs qəti-imkan tədbiri ləğv olundu. Öz mövqeyini, azad sözünü nümayiş etdirən insanların hamısı azadlıqda olmalıdır və qiymət vermək lazımdır”.

Qeyd edək ki, M. Əliyev prezidentə müraciətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. O, eyni xahişlə Yasamal rayon məhkəməsinin sədrinə də müraciət etdiyini bildirib. Və ölkə başçısı cənab ilham Əliyev bu müraciətdən sonra məlum istiqamətdə göstəriş verib. 

Aysel Aslan